Ödənişli özəl məktəblərdə təhsil haqqı güzəşti olacaqmı? - SORĞU

18-05-2020, 16:07 189 dəfə baxılıb

Çində meydana çıxaraq bütün dünyanı öz təsiri altına alan koronavirus əksər sahələrlə yanaşı təhsil müəssisələrinin də fəaliyyətini dayandırmasına səbəb olub. Azərbaycanda ilk olaraq bütün təhsil müəssisələrində tədris martın 3-dən 9-na qədər Nazirlər Kabinetinin qərarı ilə dayandırılsa da, sonradan virusun təsir gücünü artırması ilə bu müddət uzadılıb və hələ də davam etməkdədir. Orta məktəb şagirdləri hazırda təhsillərini onlayn keçirilən dərslər və teledərslər vasitəsilə davam etdirirlər. Bu hal ödənişli fəaliyyət göstərən məktəb və liseylərə də şamildir. Lakin belə məktəb və liseylər adətən şagirdlərdən ödənişi tədrisdən əlavə məktəbli forması, nəqliyyat xidməti və nahar üçün də alırlar. Xüsusi karantin rejimi dövründə bu xidmətlərin bəzilərinin göstərilə bilməyəcəyini nəzərə alsaq, o zaman sual meydana çıxır ki, yenə də belə təhsil müəssisələrində təhsil haqqı tam ödənilirmi və ya bu necə tənzimlənməlidir?
Məsələ ilə bağlı bir sıra özəl məktəblərlə əlaqə saxladıq.

“Zirvə” liseyindən Yeniavaz.com-a bildirdilər ki, müəssisə xüsusi karantin rejimi dövründə nəqliyyat xərclərini ləğv edib və təhsil haqqında 20 faizdən 30 faizə qədər güzəşt tətbiq edib:
“Nəqliyyatla bağlı müqavilə bağladığımız bir müəssisə var, fərdi sahibkar kimi bizə xidmət göstərirlər. İyun ayında nəqliyyatdan istifadə etməyənlərə geri qaytarılma olacaq və bu geriqaytarılma mart ayının 15-dən sonrakı dövrü əhatə edəcək. Çünki servisin ödənişi təhsil haqqından ayrıdır və buna görə valideynlərlə ayrıca müqavilə bağlanılır. Tədrisdə isə kommunal və ərzaq xərcləri var ki, şagirdlər məktəbə gəlmədiyi üçün bunlardan da istifadə etməyib. Bununla bağlı rəhbərlik tərəfindən qərar verildi ki, 9 aylıq tədris ilinin son 3 ayında 20 faizdən 30 faizə qədər güzəştlər edilsin. Güzəştdəki fərqin səbəbi isə təhsil haqqı ilə əlaqəlidir. Ödəniş 3 min 500 manatdan çoxdursa 30 faiz, azdırsa 20 faiz güzəşt tətbiq olunur. Əgər bu məbləğ əvvəlcədən ödənilibsə qaytarılır. Valideyinin qarşısına belə bir seçim də qoyulur ki, gəlib ödənişi geri götürə bilər və ya bu məbləğ şagirdin növbəti təhsil haqqına əlavə edilə bilər. Güzəşt hər kəsə şamil edilib, yəni güzəştdən azad edilən bir insan yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar tədrisə qoyulan məhdudiyyətlərin birinci günündən etibarən onlayn şəkildə həm iclaslarımız, həm dərslərimiz, həm də dərslərə nəzarət təşkil edilib və bu proses davam etməkdədir”.

“Avropa Azərbaycan Məktəbi”ndən saytımıza bildirildi ki, xüsusi karantin rejimi dövründə göstərilməyən xidmətlərin ödənişi təhsil haqqından çıxarılıb:
“Hansı xidmətlər ki, göstərilmir, onlar təhsil haqqından çıxarılıb və valideynlərə geri ödənilir. Biz bəlkə də, Bakıda onlayn dərslərə başlayan ilk məktəb olmuşuq. Mart ayının 3-dən bizdə onlayn dərslər başlamışdı. Dərslər isə normal tədris prosesində necə keçirilirdisə o şəkildə davam etdirilir. Hətta normal vaxtlarda müəllimlərimiz zəif uşaqlarla əlavə məşğul olurdu ki, bu müddətdə də bu proses davam etdirilir”.

“Evrika” liseyindən bu barədə verilən açıqlamada bildirildi ki, təhsil müəssisəsi pandemiya ilə əlaqədar ümumi ödənişə 30 faiz endirim edib. Qeyd olunub ki, bu müdətdə onlayn dərslərin keçirilməsi prosesi də davam etdirilir.

“Bakı Oksford Məktəbi”ndən verilən açıqlamada bu haqda heç bir məlumat verə bilməyəcəklərini dedilər:
“Məlumat almaq üçün məktəbimizə yaxınlaşın”.
Digər bu kimi fəaliyyət göstərən özəl məktəblərlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı.

Təhsil eksperti Qoşqar Məhərrəmov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, özəl məktəblərdən bəziləri valideynlərdən kontrakta sadiq qalması və ödənişi tam şəkildə etməsi istənilir:
“Məktəblərin bir qismi bu mənada endirim ediblər. Bəzi məktəblər isə bildirilər ki, biz kontrakta sadiq qalmalıyıq və valideynlərdən kontrakta əməl etmələrini xahiş edirlər. Əlbəttə valideynlər də bu mənada haqlı olaraq şikayət edirlər ki, xərclər azalıbsa siz niyə ödənişi tam şəkildə tələb edirsiniz? Şirkət də haqlı olaraq bildirir ki, biz pandemiya dövründə şagirdlərimizi və müəllimlərimizin bir qismini itiririk(məktəblə əlaqələrini dayandırırlar) və ya hansısa problemlər yaranır, bu da bizim gəlirlərimizi azaldır. Bu mənada hər iki tərəf müəyyən qədər haqlı, müəyyən qədər isə haqsızdır. Mən düşünürəm ki, bu mövzuda valideynlərlə razılaşma əsasında müəyyən qədər güzəşt daha düzgün olar”.
Ekspert, universitetlərdə isə bütün müəllimlərin maaşlarını almasına baxmayaraq, bir çoxunun onlayn dərs keçmədiyini bildirdi:
“Universitetlərdə onlayn şəkildə dərs keçməyən xeyli sayda ixtisaslar, fakültələr və müəllimlər var. Yəni onlayn tədris icbari xarakter daşımır, təşviqat xarakteri daşıyır. Yəni dövlət, nazirlik müəllimləri təşviq edirlər ki, şagirdlərimiz dərsdən kənar qalmasın. Bu sistemin icbari olması üçün müəllimlərin tələbələrə onlayn dərs keçəbiləcəyi infrastruktur olmalıdır və yaxud bütün tələbələrin internet əlaqəsi və kompüterləri olmalıdır. Dərs dediyim ali məktəblərdən birində tələbələr bildirirlər ki, məndən başqa onlara onlayn dərs keçən yoxdur. Həmçinin ali məktəblərdə magistratura təhsili alan tələbələrə də bir çox müəllim onlayn dərs keçmir. İcbari xarakter daşımadığı üçün müəllimlərin məvacibi verilsə də, onlar bunun müqabilində heç bir iş görmürlər. Amma müəllimlər də belə olsun istəməzdilər. İcbari xarakter daşımadığı üçün də, heç kim onlardan bunu tələb edə bilməz. Belə bir sual meydana çıxır ki, ödənişli əsaslarla təhsil alan tələbələr nəyin qarşılığında məvacib ödəyirlər? Heç nəyin, sadəcə ödəyirlər. Bu ödəniş olmazsa universitet necə ayaqda qalsın, necə müəllimlərin məvaciblərini ödəsin? Müəllimə maaş verilməyəndə o da pis vəziyyətdə qalacaq. Ola bilsin ki, o evində oturub, amma evində oturmağı o özü seçməyib. Ona görə də universitet onun maaşını ödəməklə mükəlləfdi. Arzuolunan budur ki, müəllimlər də sosial məsuliyyətlərini bilsinlər və onlayn resurslardan istifadə edərək dərslərində axsaqlığa yol verməsinlər”.

Məsələ ilə bağlı ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərəv bildirdi ki, ödənişli əsaslarla təhsil alan və həssas əhali kateqoriyasına daxil olmayan ailələrdən olan tələbələrə heç bir güzəşt olunmayacaq:
“Nazirlər kabinetinin qərarı var ki, sosial baxımdan həssas əhali kateqoriyasına aid olan ailələrin övladlarından təhsilhaqqı alınmayacaq. Ödənişli əsaslarla təhsil alan digər tələbələrə isə onlayn şəkildə dərs keçirildiyi üçün güzəşt olunmayacaq. Əlavə olaraq isə hazırda heç kimdən ödəniş tələb olunmur ki, bu dəqiqə ödəməlisən. Sosial baxımdan həssas əhali kateqoriyasına aid olan və təhsilhaqqını ödəmiş ailələrin siyahısı tutulub və pulları geri qaytarılır”.
Qeyd edək ki, aprel ayının 27-də Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov xidmət göstərməyən özəl məktəblərin, xidmət haqqı tələb edə bilməyəcəyini bildirmişdi:
“Özəl məktəblərdə şagird sayı daha azdır, orada onlayn dərslərin keçirilməsi daha rahatdır. Ancaq özəl məktəblər onlayn formada dərs keçirmisə, valideynlər məsələni qaldırıb onu məktəblərlə həll etməlidirlər. Xidmət təqdim edilmirsə, xidmət haqqı tələb edilə bilməz”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR