Kreml separatçılarla ittifaqda?

18-07-2019, 15:39 366 dəfə baxılıb

Kreml separatçılarla ittifaqda?

Rusiya keçmiş SSRİ ərazisində separatizmə dəstək verməkdə davam edir.

Ukraynada, Gürcüstanda, Moldovada və Azərbaycanda separatizmə dəstək verən Rusiya, artıq həmin qondarma rejimlərin rəsmi olaraq tanınması mərhələsinə keçmək niyyətini açıq şəkildə ortaya qoyur. Belə ki, Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr üzrə komitə sədrinin birinci müavini Vladimir Cabarov Kremlin Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımaq barədə siyasətindən vaz keçməyəcəyini və bu məsələnin toxunulmaz qalacağını söyləyib.

Qeyd edək ki, bundan əvvəl ATƏT Parlament Asambleyasının Siyasi və təhlükəsizlik məsələləri üzrə komitəsi Rusiyanı qondarma Abxaziya və Cənubi Osetiya "respublika"larını tanımaq haqqında qərarını geri çəkməyə çağırmışdı. Sözügedən sənəddə Rusiya Gürcüstanın bir hissəsini işğal etməkdə və Şimali Qafqazın qondarma qurumlarında insan haqlarını pozmaqda təqsirləndirilir.

Amma görünən odur ki, Rusiya separatizmi dəstəkləməkdən imtina etmək istəmir. Rusiya rəsmi olaraq bu haqda mövqeyini bildirməsə də, Kremlə yaxın olan siyasi analitiklər artıq bu mövzuda açıq şəkildə danışırlar. Hətta “Regnum” agentliyinin siyasi analitiki Mixail Demurin açıqlamasında bildirib ki, Rusiya ATƏT-dən çıxmaq kursu götürməli və “Dağlıq Qarabağ Respublikası”, “Dnestryanı Moldova Respublikası”, “Donbas Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı tanımalıdır. O, bununla Sovet İttifaqının dağılması zamanı edilmiş səhvlərin düzəltmək gərəkliyini bildirib.

Maraqlıdır, Rusiyanın separatizmə dəstək verməsi nəyə hesablanıb? Rusiya separatçı ölkələrlə birgə ittifaq yarada bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında Rusiyanın belə bir addım atacağını istisna etmədiyini, amma ittifaqın qısa zamanda baş tutacağına inanmadığını deyib:

“Rusiyanın hələlik ittifaq yaradacağını zənn etmirəm. Amma Rusiya Abxaziya və Cənubi Osetiyanı 2008-ci il müharibəsindən sonra rəsmən tanıyıb və orada hərbi bazalarını yerləşdirib. Bu siyasətdən də əl çəkməyəcəyi aydın məsələdir. Rusiya təkcə bu separatçılara dəstək vermir, Moldovada da separatizm var. Azərbaycanda da erməni separatizmi mövcuddur. Çox təəssüf ki, Rusiya tərəfindən dolayı yollarla bu separatizmə dəstək verilir. Doğrudur, bu, o demək deyil ki, Dnestr separatçıları rəsmən tanınıb və ya Qarabağ separatçıları ilə bağlı konkret qərar verilib. Amma təhlükələr hələ də var. Məsələn, 2016-ci il aprel savaşında daha böyük nəticələrə ümid edirdik. Əldə etdiyimiz nəticə də pis deyil, amma daha böyük nəticənin əldə olunmamasının ən böyük səbəbkarı da Rusiya oldu. Bu o deməkdir ki, Rusiya Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini istəmir. Necə ki, Moldova, Ukrayna öz ərazi bütövlüyünü təmin edə bilmir. Ukrayna üçün də müəyyən təhlükə var. Çünki Rusiyada bu müzakirələr də gedir ki, niyə Donbasın müstəqilliyini tanımayaq? Onsuz da Donbasda yaşayanlara artıq Rusiya pasportları paylayır. Bu da faktiki olaraq həmin bölgənin tanınması anlamına gəlir. Çünki Ukraynanın artıq həmin bölgəni zor gücü ilə özünə qaytarması problemdir. Müharibə olarsa, orada əlində Rusiya pasportu olan insanlar öləcək. Rusiya da müvafiq olaraq Ukraynaya qarşı addımlar atacaq. Bu mənada Ukrayna üçün də çox böyük təhlükə var. Yəni Rusiyanın ittifaq yaratması məsələsi indi aktual olmasa da, əgər şərtlər dəyişərsə, Rusiyanın belə bir addım atacağını da istisna etmirəm”.

Rusiyanın imperiya xisləti ilə yaşadığını deyən E.Şahinoğlu bildirib ki, Kreml keçmiş MDB ölkələrini özünün arxa bağçası hesab edir:

“Rusiya Prezidenti Vladimir Putinin məşhur bir açıqlaması var: SSRİ-nin dağılması böyük faciə idi. Bu isə ondan xəbər verir ki, Rusiyanın indiki Prezidenti də keçmiş Sovetlər Birliyinin xiffətilə yaşayır. Rusiyada bu xiffətlə yaşayan çox siyasətçi var. Amma reallıq ondan ibarətdir ki, artıq dövlətlər müstəqildir. Buna baxmayaraq Rusiya hələ də qonşu dövlətləri özünün arxa bağçası hesab edir. Baltikyanı ölkələrə heç nə edə bilmir, çünki Estoniya, Latviya və Litva NATO və Avropa İttifaqının üzvüdür. Onlar artıq təhlükəsizliyini təmin ediblər. Amma digər ölkələrə təzyiq, təsir siyasəti davam edir. Çünki Rusiya hesab edir ki, bura onun ərazisidir və burada ancaq onun təsir imkanları olmalıdır. Məsələn, Gürcüstan və Ukrayna NATO-ya üzv olmaq istəyir, Rusiya deyir ki, olmaz. Amma halbuki bu, həmin dövlətlərin müstəqil qərarıdır. Bu, o deməkdir ki, Rusiya ətrafındakı ölkələrin xarici siyasət yürütməsini, hansısa başqa ölkə ilə ittifaqa girməsini istəmir. Rusiya öz maraqlarının nəzərə alınmasını istəyir. Zaman-zaman Rusiya müxtəlif vasitələrlə buna nail olur. Amma imperiyanın yenidən bərpası mümkün olmayacaq. Rusiyanın özündə də mərkəzdənqaçma prosesləri başlaya bilər. Bu, Rusiyanın özünün dağılmasına gətirib çıxaracaq. Əlbəttə, Rusiya təsir imkanlarını saxlayacaq, amma imperiyanı bərpa edə bilməyəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR