Qarabağda “danışılmış döyüş”: Klanlararası savaş, yoxsa siyasi oyun? - TƏHLİL

29-07-2019, 16:13 359 dəfə baxılıb

Qarabağda “danışılmış döyüş”: Klanlararası savaş, yoxsa siyasi oyun? - TƏHLİL


Dağlıq Qarabağdakı qondarma rejimə rəhbərlik uğrunda mübarizə getdikcə dərinləşir.

Hətta hakimiyyət uğrunda rəqabət aparan qruplar Bako Saakyanı 2020-ci ildə keçiriləcək oyuncaq Prezident seçkilərini gözləmədən istefaya məcbur edə bilər. “Jamanak” qəzetinin yazdığına görə, tərəflər arasında kompromis variant kimi Bako Saakyanın vaxtından əvvəl istefaya getməsi və növbədənkənar Prezident seçkilərinin keçirilməsi müzakirə olunur. Əgər cinayətkar rejimin hazırkı başçısı istefaya getməli olsa, o halda, B.Saakyanın yerinə iddialı olan Samvel Babayan “Prezident seçkiləri”ndə iştirak etməməyə razılıq verəcək.

Bunun qarşılığında S.Babayana 2020-ci ilin yazında Dağlıq Qarabağda keçiriləcək uydurma parlament seçkilərində iştirak imkanı yaradılacaq. Qeyd edək ki, S.Babayan 2001-ci ildə Dağlıq Qarabağdakı separatçı qurumun qondarma müdafiə naziri postunda çalışarkən rejimin o zamankı rəhbəri Arkadi Qukasyanı silahlı yolla devirməyə cəhd etmişdi. Lakin çevriliş baş tutmamış, S.Babayan isə həbs edilmişdi. Sonradan əfv fərmanı ilə azadlığa çıxan Babayan 2017-ci ildə Ermənistanda qanunsuz silahdaşıma maddəsi ittiham olunaraq yenidən həbs edildi. Ermənistanda “Məxməri inqilab”ın baş verməsindən sonra Baş nazir Nikol Paşinyan tərəfindən azadlığa buraxılan S.Babayan Dağlıq Qarabağda rejimin başına gəlməklə köhnə düşmənlərindən qisas almağa çalışır. Samvel Babayan 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək “Prezident seçkiləri”ndə Paşinyanın dəstəyini əldə etməyə çalışsa da, buna nail ola bilməyib. Buna baxmayaraq, B.Saakyana qarşı mübarizəni dayandırmayan Babayan qondarma seçkilərə namizəd kimi qatılmaqda israrlıdır. Ermənistan mediası isə Paşinyanın B.Saakyanın yerinə hərbi məsələlər üzrə müşaviri Movses Akopyanı gətirmək istədiyini yazır. “Seçkilər”in yaxınlaşması Ermənistan və Qarabağ klanları arasında rəqabətin dərinləşməsi ilə müşahidə olunur. “Qarabağ klanı”nın lideri sayılan Robert Köçəryanın həbs edilməsi görünür, B. Saakyanın siyasi mövqelərini zəiflədib. Saakyanın vaxtından əvvəl kürsünü təhvil verməyə razılaşması da Paşinyanın artan siyasi təzyiqlərilə izah oluna bilər.

Ərciyəz Universitetinin profesoru, ermənişünas Qafar Çaxmaqlı “Cümhuriyət” qəzetinə bildirib ki, əslində, “klanlararsı savaş” adı altında Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir. Paşinyan isə bu prosesdən istifadə edərək özünə yaxın olan adamı Dağlıq Qarabağdakı işğalçı rejimin başına gətirmək istəyir:

“Fikrimcə, klanlar arasında gedən qarşıdurma daha çox siyasi oyundur. Ermənilərin hakimiyyət uğrunda mübarizəsi yeni bir oyunun qurulması ilə nəticələnir. Nəticədə yeni bir əvəzləmə olur. Mən buna “danışılmış döyüş” deyərdim. Ermənistan və “Qarabağ klanları” arasında münasibətlərin pisləşməsinə dair mətbuata süni məlumatlar ötürülür. Bütün bunların məqsədi isə Dağlıq Qarabağda hakimiyyəti möhkəmlətmək və dünya ictimaiyyətində orada qanuni hakimiyyətin olması, guya demokratik əsaslarla seçkilərin keçirilməsi barədə rəy yaratmaqdır. İndi də mesaj vermək istəyirlər ki, bu seçkiləri 2020-ci ili gözləmədən keçirmək də mümkündür. Yəni bunlar hamısı oyundur. Samvel Babayan da, Bako Saakyan da separatçı dəstənin üzvüdür. Onların arasında Ermənistan mətbuatının yazdığı kimi, kəskin düşmənçilik yoxdur. Mənə elə gəlir ki, Dağlıq Qarabağ probleminin həllinə dair danışıqların müəyyən mərhələsində ciddi nəticələr ortaya qoyulanda guya bir seçki keçirəcək, işğalçı rejimə yeni rəhbər seçəcək, onlar da Ermənistan hakimiyyəti ilə təmas quracaq və demokratik görüntü vermək istəyəcəklər. Amma Nikol Paşinyan Dağlıq Qarabağdakı xuntanın başına öz adamını gətirməyə çalışır. Paşinyan hakimiyyət başına gəldiyi ilk gündəın Ermənistanın vilayətlərində olduğu kimi, işğal olunmuş Dağlıq Qarabağda da özünə bağlı adamlarla işləmək istəyir. Bako Saakyan Robert Köçəryan və Serj Sarkisyanın başçılıq etdiyi dəstənin üzvüdür. Bako Saakyan özü də əvvəlcədən bəyan edib ki, 2020-ci ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcək. Bunun özü də bir siyasi oyuna xidmət edir. Məqsəd isə beynəlxalq ictimaiyyəti aldatmaqdır. Paşinyanın planları həm Ermənistanda, həm də Dağlıq Qarabağda öz adamlarını vəzifələrə yerləşdirməklə hakimiyyətini möhkəmləndirməkdir”.

Ekspert onu da bildirib ki, Paşinyanın öz adamını Bako Saakyanın yerinə gətirmək şansı yüksəkdir:

“Məlumdur ki, Paşinyan diaspordan dəstək alıb.

O, inqilab nəticəsində hakimiyyətə gəlib və həmin “eyforiya” davam edir. Bir problem yaranan kimi, xalqa müraciət edəcəyini deyir və öz tərəfdarlarını meydanlara toplayır. İndiki halda, Rusiya, ABŞ, Fransa kimi ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlər mövcud vəziyyətlə barışıb və Paşinyanla işləyəcəklərini bildiriblər. Rusiya artıq Ermənistanın əvvəlki rəhbərləri ilə olduğu kimi, Paşinyanla da işləyir”.
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR