Bölgəni təhdid edən YENİ PLAN: Separatçılar “səhnə”yə qaytarılır

17-09-2019, 10:41 261 dəfə baxılıb

Bölgəni təhdid edən YENİ PLAN: Separatçılar “səhnə”yə qaytarılır



Kürd separatçılarının siyasi və hərbi aktivliyi Yaxın Şərqdə bir sıra problemlərə yol açıb.

Bir sıra radikal kürd təşkilatının, PKK və onun uzantıları olan terror təşkilatlarının apardığı “mübarizəyə” “müstəqillik uğrunda savaş” adı verilir. Əslində, kürdlərin müstəqil dövlət istəyi zaman-zaman gündəmə gəlib və bütün bölgə dövlətləri buna qarşı çıxıb. Bölgə dövlətlərinin buna qarşı çıxmasına səbəb isə kürdlərin Türkiyə, Suriya, İraq və İran kimi ölkələrə qarşı torpaq iddiası içə çıxış etməsidir. Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyəti 2017-ci ilin sentyabrında müstəqillik referendumu keçirib.

Referendumun nəticələrini heç bir dövlətin tanımaması isə Kürdüstan Regional Hökumətini sentyabrda baş tutan mübahisəli müstəqillik referendumunun nəticələrinin dondurulmasına və Bağdadla dialoqa girməyə məcbur etdi. Nəticədə referendumun nəticələri donduruldu və kürdlər rəsmi Bağdadla hesablaşmağa məcbur oldu.

Referendumdan sonra isə İraq ordusu və kürd silahlıları (“Peşmərgə”) arasında ciddi qarşıdurma yaşandı. Kürdlərin Bağdada tabe olması ilə bu qarşıdurmaya son qoyuldu. Bugünlərdə isə kürdlər yenə də müstəqillik iddiası ilə çıxış edib. Belə ki, Kürdüstan Regional Hökumətinin Polşadakı nümayəndəsi Ziyad Rauf, "Biz 40 milyonuq və bizim dövlətimiz olmalıdır"-deyib.

"Xalqımız bir çox sınaqlardan keçib, əsrlər boyu müstəqilliyi üçün səy göstərib. 40 milyon kürd var və belə bir xalqın öz dövlətçiliyinə sahib olmaması ədalətsizlikdir. Biz müstəqilliyimiz uğrunda mübarizəni davam etdirəcəyik və əminəm ki, dünyanın siyasi xəritəsində müstəqil Kürdüstan görünəcək", - deyə Kürd hökumətinin nümayəndəsi iddia edib. Göründüyü kimi, kürdlər yenə də müstəqilliklə bağlı açıq iddia ilə çıxış edir.

Bu iddia bölgədə yeni qarşıdurmanın yaranmasına səbəb ola bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bölgə dövlətlərinin “Müstəqil Kürdüstan” yaranmasına razı olmaz:



“Kürdlər müxtəlif ölkələrdə, Türkiyədə, İraqda, Suriyada yaşayırlar. Kürdlərə ən böyük hüquq isə elə Türkiyədə verilib. Türkiyədə yaşayan kürdlərin içərisində imkanlı adamlar da kifayət qədər çoxdur. Əslində, kürdlərin Şimali İraqda de-fakto müstəqilliyi var. Yəni çox böyük geniş səlahiyyətlərə malikdirlər. Problem ondadır ki, kürdlər necə dövlət istəyir? Suriya, İraq, Türkiyədən torpaq qoparmaqla dövlət qurmaq istəyirlərsə, alınmayacaq. Şimali İraqda kürdlərin muxtariyyəti var. Digər tərəfdən Türkiyədə yaşayan kürdlərin əksəriyyəti Türkiyənin ərazi bütövlüyünü dəstəkləyir, indiki statuslarından razıdırlar. İki-üç faiz kürd var ki, Türkiyədə radikal çıxışlar edir, terrorçulara qoşulur. Amma onlar xalqın təmsilçisi deyil. Yəni bütün kürdlər arasında referendum keçirilsə, mütləq əksəriyyət müstəqilliyin tərəfdarı olmayacaq. Çünki bölgədə yeni sərhədlərin yaradılması böyük münaqişələrə səbəb olacaq. Bunu da nə Türkiyə, nə də baxmayaraq ki, hazırda vəziyyəti ağırdır, amma Suriyada da öz ərazisində kürd dövlətinin yaradılmasına razı olmaz”.

E.Şahinoğlu qeyd edib ki, kürdlərlə terrorçuları ayırmaq lazımdır. Bu məsələ çox vacibdir:

“Kürdlər, böyük ölçüdə Türkiyədə yaşayanlar Türkiyənin ərazi bütövlüyünü dəstəkləyir, indiki statuslarında da narazı deyillər. Çox az sayda kürd radikal çıxışlar edir, PKK-ya qoşulur. Ancaq bu kəsim müstəqil dövlət uğrunda mübarizə apardığını elan edir. Amma necə müstəqil dövlət uğrunda mübarizə aparırlar ki, öz soydaşlarını belə qətlə yetirirlər. Türkiyədə, Suriyada kim ki legitim hökumətlə əməkdaşlıq edir, onları da öldürürlər. PKK və onların uzantıları xüsusilə də Türkiyə ərazisində bu qətlləri törədir. Aydındır ki, onlarla heç bir danışıq aparıla bilməz. Çox təəssüf ki, Amerika Birləşmiş Ştatları radikal kürdlərlə strateji əməkdaşlıq qurub. Bu da heç bir dövlətin regiondakı maraqlarına cavab vermir. Amma hesab etmirəm ki, bu, uzunmüddətli tərəfdaşlıqdır. ABŞ heç kimlə uzunmüddətli tərəfdaşlıq qurmur. Bir gün kürdlər öz taleyi ilə baş-başa buraxılacaq və nəticədə ciddi problemlərlə üz-üzə qalacaqlar. Doğrudur, ABŞ Suriyada PKK və onun uzantıları ilə müəyyən əlaqələr qurub, amma bu da əbədi deyil. Ona görə də kürdlər problemlərini özləri həll etməlidir. Yəni mərkəzi hökumətlə dialoq aparmalıdır. Türkiyə hökuməti dəfələrlə belə dialoq içində olub, sadəcə olaraq, görür ki, PKK və onun uzantıları dialoq tərəfdarı deyil. Ona görə də terrorçu təşkilatlara danışıq mümkün deyil. ABŞ kürd dövlətini dəstəkləyərmi? Şimali İraqda referendum keçirildi. Rəsmi Bağdad o referendumun nəticələrini tanımadı, bir neçə şəhəri, hətta Şuranı azad etdi. ABŞ o zaman kürdləri müdafiə etmədi. ABŞ neytral qaldı. O zaman dəstəkləyərdi ki, Şimali İraqı, Bağdad rejiminə təzyiq edərdi. Heç bir təzyiq olmadı. Bu isə o deməkdir ki, bəzi azsaylı radikal kürdlərə ABŞ dəstək verməyəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR