ABŞ seçkisində gözlənilməz dönüş: 38 yaşlı Pit ölkə prezidenti ola bilər

8-02-2020, 16:22 303 dəfə baxılıb

ABŞ seçkisində gözlənilməz dönüş: 38 yaşlı Pit ölkə prezidenti ola bilər

ABŞ-da prezident seçkiləri öncəsi Demokratlar Partiyasının yeni favorit namizədi meydana çıxıb.

İndiana ştatındakı kiçik Saut-Bend şəhərinin bələdiyyə rəhbəri, 38 yaşlı Pit Butticiç ilkin praymerizdə gözlənilmədən demokratların ən populyar və iddialı namizədlərini geridə qoyaraq liderliyi ələ alıb. Partiyadaxili debatların keçirildiyi və kokus adlanan yığıncaqlar bir neçə gün öncə Ayova ştatında başlanıb. ABŞ-da siyasi ənənəyə uyğun olaraq partiyadaxili seçkilər Ayovadan başlanır. Bu ştatda qalib gələn namizədin təmsil etdiyi partiyanın favoritinə çevrilmək şansı yüksək olur. Demokratların Ayovada keçirdikləri kokuslarda “Trampın rəqibi kim olacaq” sualının səslənməsi də məhz bununla bağlıdır.

Pit Butticiç 26,2 faiz səs toplayaraq əsas rəqibi Berni Sandersi üstələyib. 26,1 faiz səs toplayan Sanders isə ikinci yeri tutub. Demokratlar Partiyasının ən populyar qadın namizədi olan Elizabet Uorren 18 faizlə üçüncü yerdə qərarlaşıb. Qarşıdan gələn seçkilərdə Donald Trampın əsas rəqibi olacağı deyilən sabiq vitse-prezident Cozef Bayden 15,8 faiz tərəfdarının dəstəyini qazanıb. Co Baydenin bu məğlubiyyəti siyasi rezonansa səbəb olub. Beşinci yerdə isə 12,3 faiz göstərici ilə senator Emi Klobuçar mövqe tutub.

Hazırkı mərhələdə demokratlar Prezident Trampa rəqib olmaqdan daha çox vahid namizədin müəyyənləşməsi uğrunda siyasi yarışa qatılıb. On nəfərdən artıq namizəd prezidentliyə iddialı olsa da onlar ABŞ seçicilərindən öncə ilk növbədə, Demokratlar Partiyasının dəstəyini qazanmalıdır. Çünki ana müxalifət son illər liderlik problemi yaşayır. Üstəlik, demokratların daxilində bir neçə siyasi cərəyan formalaşmaqdadır. Bu baxımdan, 2020-ci ildə keçiriləcək prezident seçkilərində qalib gəlmək istəyən siyasətçi həm də bütün partiyanı liderliyi altında birləşdirəcək namizəd olmalıdır.

Bu mənada, Pit Butticiç Demokratlar Partiyasının bütün üzvlərinin dəstəyini qazana biləcək yeni fiqur hesab edilir. Əlbəttə praymerizlər yeni başlayır və seçkilərə hələ doqquz ay vaxt var. Ona görə də ilk kokusların göstəricilərinə görə, tələsik nəticə çıxartmaq olmaz. Amma Ayovada baş verənlər Co Bayden, Berni Sanders və Elizabet Uorrenin kifayət qədər dəsətəyə malik olmadığını göstərir. Xüsusilə də son günlər Prezident Donald Trampa qarşı impiçment prosedurunun iflasa uğraması və Senatın Ağ Evin rəhbərinə bəraət verməsi onun reytinqini artırıb. Bu isə görünür Co Baydenin partiyadaxili rəqabətdə nüfuzuna ciddi təsir göstərib. Berni Sanders son zamanlar populyarlığına görə Co Baydeni üstələsə də, o, bütün demokratların səsini qazanmaq şansına malik deyil. 78 yaşlı Sanders xeyli qocalıb və ürəyində problemlər var. Bu isə ona fəal işləməyə mane olur. Üstəlik, “Demokratik sosialistlər hərəkatı”nın lideri B.Sanders solçu baxışları ilə tanınır. Hətta Prezident Tramp onu “kommunist” adlandırır. ABŞ cəmiyyətinin isə solçu mövqeyə malik siyasətçini prezident seçəcəyi inandırıcı görünmür. Elizabet Uorrenin özünü hindu əsilli adlandırması isə Amerika siyasətçiləri arasında birmənalı qarşılanmır.

ABŞ-da seçkiqabağı ən çox müzakirə olunan mövzulardan biri isə hansı namizədin gənclərin səsini qazanmağa daha çox şanslı olması ilə bağlıdır. Baydenin 76, Sanndersin 78, Uorrenin 72, Prezident Trampın isə 74 yaşı var. Siyasi müşahidəçilərin rəyinə görə, gənc və cavan seçicilər öz səslərini yeni nəslin nümayəndəsi olan bir namizədə verə bilər. Bu baxımdan, P.Butticiç yüksək şansa malikdir.

Amerika mediası qeyd edir ki, ilk kokus gələcək mübarizədə dərhal uğur qazanmağı təmin etməsə də ənənəvi olaraq partiyaya namizədlərin mübarizəsində əsas rol oynayır. Ona görə də P.Butticiçin ilk qələbəsi onun praymerizdə qalib gəlməsində mühüm rol oynaya bilər.

Qeyd edək ki, Piter Pol Montqomeri Butticiç 1982-ci il yanvarın 19-da İndiana ştatının Saut-Bend şəhərində anadan olub. Onun atası Maltadan gəlmiş miqrant olub. Harvard Universitetinin məzunu olan Pit Butticiç “McKinsey and Company” firmasında çalışıb. Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan kəşfiyyatçı zabiti Putticiç leytenant rütbəsi daşıyır. O, Əfqanıstanın Bəhram hava limanında xidmət edib. Butticiç 2011 və 2015-ci illərdə doğma şəhəri Saut- Bendin bələdiyyə seçkilərində namizədliyini irəli sürərək qalib gəlib. Mer kimi onun fəaliyyəti yadda qalan olub. İqtisadi inkişafın stimullaşdırılması və investisiyaların cəlb edilməsi sahəsində gördüyü işlər Butticiçə populyarlıq qazandırıb. O, 2019-cu ildə prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Co Baydenin reytinqinin zəifləməsi və Butticiçə məğlub olmasında Ukrayna Prezidenti ilə Donald Tramp arasındakı telefon danışığı qalmaqalı mühüm təsir göstərib:



“Co Baydenin oğlu dövlət hesabına şirkət qurmuşdu və adı korrupsiyada hallanırdı. Bayden də oğluna cinayət işi açan Ukraynanın baş prokuroruna təzyiq göstərmişdi. Bütün bu məlumatlar onun nüfuzuna zərbə vurdu. O, bütün bu prosesi Trampın üzərinə yönəltməyə və ona qarşı impiçment həyata keçirmək istəsə də buina nail olmadı. Nəticədə prezidentin mövqeləri gücləndi, Bayden isə zəiflədi. Sandersə gəlincə, o, demokratlar partiyasının sol qanadını təmsil edir. Onun 78 yaşı var. Bu amil də öz təsirini göstərir. Nəticədə gənc Butticiç özünün natiqlik qabiliyyəti sayəsində önə çıxıb. Vaxtilə Barak Obamanın da prezident seçiləcəyini heç kim gözləmirdi. Lakin o da natiqlik qabiliyyəti hesabına Demokratlar Partiyasının vahid namizədi oldu, sonra da prezident seçildi. Pit Buttiçcişin də demokratların prezidentliyə əsas namizədi olacağı istisna olunmur”.

Müşfiq Abdulla
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR