COVİD-19 bəşəriyyəti izləyən nəzarətçiyə oxşayır - TƏHLİL

11-04-2020, 13:14 171 dəfə baxılıb

COVİD-19 bəşəriyyəti izləyən nəzarətçiyə oxşayır - TƏHLİL

İngilis filosofu və sosial nəzəriyyəçi Ceremi Bentam xoşbəxtlik anlayışının insan həyatında ən önəmli dəyər olduğunu anladaraq, xeyriyyəçilik doktrinası icad etməyə başlamışdı.

Bentamın insanlığa digər önəmli faydası 1785-ci ildə xüsusi nəzəriyyə ilə qurduğu modern həbsxana modeli olmuşdur. İnşa edilmiş bina öz təyinatına uyğun olaraq, “hər kəsi izləyən” mənasında işlənən Panoptikan adlandırıldı.

Panoptikan ortada yerləşən bir qüllə ilə xaricdən dairəvi binalar şəklində kameralardan ibarətdir.

Bu qüllə, dairəvi binanın içinə baxmaq üçün böyük pəncərələrə sahib idi. Hər bir kamera da biri qüllənin pəncərəsinə baxan, digəri bayırdan işığın gəlməsini təmin edən iki pəncərədən ibarət idi.

Qüllənin bir idarəçisi vardı və o, kameranın arxasından düşən işıqla içəridəki bütün məhkumlara nəzarət edə bilirdi.

Panoptikan həbsxanası, nəzarətçilər hər zaman məhkumlara dayanmadan nəzarət edə bilməsələr belə, (bu, fiziki cəhətdən mümkün də deyil) məhkumların nə zaman izləndiyini anlamamaları, hər zaman izlənilirmiş kimi davranmağa meyilli olduqları modern həbsxana idi. Təkrar-təkrar izləndiyini hiss edən məhkumlar özlərini itaətkar və olduqca intizamlı aparırdılar.

Panoptikanın əsas iş prinsipi ondan ibarət idi ki, məhkumlar hər an izləndiklərini zənn etsinlər və bu psixologiya ilə həyatlarını davam etdirsinlər.

Bu sistem olduqca təsirli və maliyyə cəhətdən də ucuz başa gəlirdi – həddən arıq insan rahatca idarə edilə bilir və çalışdırmaq üçün çox az işçi qüvvəsinə ehtiyac duyulurdu.

Qaralama üzərində hazırlanan bu modern həbsxana modeli, yəni, Panoptikan, əslində Bentam tərəfindən heç bir zaman inşa edilmədi. Ancaq memarlıq, dizayn və nəzəriyyə baxımından bir çox həbsxana quruluşlarına nümunə oldu.

Fransız filosof, mədəniyyət nəzəriyyəçisi və tarixçi Mişel Fuko bunu müasir insanlığın, bir növ, panoptikanlardan ibarət, bizləri də kütlənin istifadəçi üzvlərinə çevirən həbsxanalar toplusu adlandırırdı.

M.Fuko Panoptikan sistemli nəzarətin və nəzarət avadanlıqlarının modern qurum və təşkilatlarda insanlığı idarə etmək üçün ən önəmli alət olaraq istifadə edildiyini bildirirdi. Həyatının son illərində də iqtisadiyyatı bu panoptikanların ən önəmlilərindən biri olaraq səciyyələndirmişdi.

Fərdi investorlar panoptikana oxşar bir dünyada yaşayır və yaşadıqları bu dünya onların investisiya vərdişlərini yönləndirib, idarə edə bilir.

İqtisadiyyat sektoru davranışlarımızı nizama salan qapalı quruma, bir növ, Panoptikana bənzəyir.

Bizlər idarənin qanun və tələbləri əsasında – rahatlığımızdan bizim xaricimizdə heç kimin məsuliyyət daşımadığını bir yaşayış tərzinə çevirərək, bunu kapitalist quruluşun üzərində inşa edən insanlara çevrilirik.

İqtisadiyyat aləmi, maliyyə sektoru, siyasət çevrəsi kimi böyük quruluşlar iqtisad insanını formalaşdırarkən, həm də xəbərimiz olmadan gələcək rifahımızı da ölçüyə alır.

Daha modern bölgələrdə “yerli kamera sistemi ilə müşahidə aparılır” yazısı ilə rastlaşırıq. Həmin bölgəni ziyarət üçün gələn tursitlər, ziyarətçilər həmin kameranı görmədən və onun varlığını yoxlamadan, psixoloji olaraq izləndiyini düşünər və bütün hərəkətləri bu düşüncə ilə nizamlanar.

Üzərində nəzarət hiss edən ziyarətçilər özlərini əxlaq kodekslərinə uyğun aparmağa çalışarlar.

Küçədə hər an izlənildiyini zənn edən bir şəxsi asanlıqla yoxlamaq və davranışlarını dolayı yollarla nəzarət altına almaq çox daha asan variantdır. Küçə kameralarını fərqinə varan, yaxud orada kamera olduğunu düşünən sürücülərin qanundankənar əməllər törətməsi olduqca az rast gəlinən hadisədir.

Təhlükəsizlik portalları, supermarketlər, böyük AVM-ləri əhatə edən nəhəng təhlükəsizlik və nəzarət sistemləri panoptik cihazların ən çox yayılmış nümunələrindəndir.

Sosial mediada mövcud olan rəqəmsal teatr “Bentam Panoptikanı”nın müasir versiyasıdır. İzləyicilərimiz də həbsxana nəzarətçiləri. Üstəlik, bu həbsxana o qədər maraqlıdır ki, bu sistemə girməyə bizi heç kim məcbur etmir, könüllü şəkildə üzv oluruq. Böyük bir maraqla öz şəxsi məlumatlarımızı, bəyəndiyimiz mövzuları, seçimlərimizi və maraq dairəmizdə olan hər şeyi bu həbsxananın öhdəliyinə veririk.

Bu növ nəzarət modelləri sayəsində sosial qanunların işləmə mexanizmi getdikcə asanlaşır.

İndi isə Panoptikan güc mexanizminin yerini bir müddətlik gözlə görsənməyən COVİD-19 pandemiyası alıb və bütün dünya özünü nəzarətdə hiss edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bu virus pandemiya olaraq elan edildiyi zaman, Mişel Fukonun dili ilə desək, “müasir iqtidarın hakimiyyəti” altından gözlə görə bilmədiyimiz və yalnız adını bildiyimiz naməlum nəzarətçinin idarəsinə tabe olduq.

Bizləri izləmək üçün ən hündür qüllədə dayanan COVİD-19 tərəfindən izlənən məhkumlara bənzəyirik. Magistral yollarda hərəkət edərkən, iş yerlərimizə gedərkən və ya müəyyən yerlərə dəvət edilərkən, mütləq bədən temperaturumuzun yoxlanılmasına razılıq göstəririk.

Artıq intizamlı bir formada əllərimizi sabunla yumağı özümüzə vərdiş halına gətirmişik. Dözümlülüyü artırmaq üçün “E” və ya “C” vitamini qəbul etməyimiz barədə verilən tövsiyələrə tərəddüdsüz əməl edirik. Fiziki və sosial məsafəni qorumaq üçün ictimai yerlərdən uzaq durmağa, kütləvi daşıma nəqliyyatlarından istifadə etməməyə çalışırıq. Ən önəmlisi də, işimizi evimizə gətirdik, artıq evdə işləyirik.

Ən sərt qanunlara belə itaət göstərir və həyatımızı təyin olunmuş intizam çərçivəsində davam etdiririk. Çünki COVİD-19 bizi izləyir…

Tərcümə Strateq.az-ındır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR