“Ya Amerikanın yanında olarsan, ya yox olarsan...”

13-04-2020, 12:45 190 dəfə baxılıb

“Ya Amerikanın yanında olarsan, ya yox olarsan...”


ABŞ tarixində ilk dəfə genişmiqyaslı fəlakət rejimi elan olunub. Ölkə tarixdə ilk dəfə prezident eyni vaxtda 50 ştatda genişmiqyaslı fəlakət rejimi elan edir.
Əgər tarixi xronologiya koronavirusdan əvvəl və sonra mərhələsinə ayrılacaqsa, deməliyəm ki, mən virusun yayılmasından əvvəl də, indi də ABŞ-ın dünyada tək güc, ya da ən güclü olduğu qənaətindəyəm. Zaman-zaman bu gücün həm Azərbaycana, həm bəzi qlobal hadisələrə münasibətini sərt tənqid etdiyim də olub ki, bu ABŞ-ın gücünə münasibətimi dəyişmir.
Məşhur “Qurdlar Vadisi” dizisindəki dünya baronlarından biri Karahanlının “Amerika dünyada tək gücdür-ya yanında olursun, ya yox olursun...” sözlərini yada salanda, indi virusla mücadilədə qoşulduğu 6 müharibədən çox itki verən dövlətlə müqayisəyə gəlmir. 11 sentyabrda xatırlayıram ki, bizim ölkə mediasında belə bir manşet çıxmışdı: “Ucalıqdan yıxılan Amerika...”
O zaman Dünya Ticarət Mərkəzinin qoşa binasında 3 mindən çox adam ölmüşdü, amma bir meyit belə göstərmədilər, heç ağlayan da... Onda da deyirdilər ki, dünya 11 sentyabrdan sonra çox dəyişəcək. Dəyişdi də: Amerika Əfqanıstanı tutdu, Səddam Hüseyn asıldı, Üsəma bin Laden öldürüldü, ərəb diktatorları devrildi və sairə...
karahanlı.jpg (20 KB)
350 milyonluq ABŞ-ın dəyişən dünyada virusla mübarizədə yenə çox itki verməsinin səbəbi təkcə əhalinin sayına görə deyil. ABŞ nə bəla gəlsə, onun hədəfində olur. Film kimi, onu elə hey kimlərsə dağıtmaq, məhv etmək istəyirlər, amma bacarmırlar...
ABŞ-a girişinə yasaq qoyulan, Kremlin ən istedadlı və odioz müdafiəçilərindən olan Dmitri Kiselyov ötən həftə efirə gedən müəllif proqramında bütün “qırmızı sədləri” aşaraq pandemiyanın ayrıca götürülmüş bir ölkənin timsalında təhlilinə girişdi. ABŞ dünyada bəlkə də tənqidə ən açıq ölkədir, bazardakı göy satan nənə də, alim də, adamlara adam kimi baxmayan Şimali Koreya lideri də, hüquqsuz miqrant da bunu Ağ Evin qarşısında asanlıqla edə bilər.

Kiselyov Amerikanın “Dəmir adam”, “Hörümçək adam” və digər virtual qəhrəmanlarını yada salaraq ABŞ-ın virusla bacarmadığını, meyitlərin ortalıqda qaldığını, həkimlərin zibil üçün nəzərdə tutulan torbanı geyinmək zorunda qaldığını həvəslə dilə gətirdi. Həmin qəhrəmanlara sonda “zibil” də dedi...
Amerikanın yerə yaxınlaşan astroidlərin, fəlakətlərin qarşısını super qəhrəmanlarının aldığı barədə cansıxıcı filmləri əlbəttə ki, təbliğatdır. Elə rus rejissorlar da son illər bu cür fantastik qəhrəmanlar yaratmağa həvəsləniblər. Amma o qəhrəmanlar dünyada legitimlik, vətəndaşlıq qazana bilməyib. Bircə, dəcəl Maşa və xeyirxah Ayı animasiyasından başqa...

“Hörümçək adam”ın dara düşmüş insanlara yardım etdiyinə təbii ki, uşaqlar inanır. Zaman keçdikcə, onlar da dünyada heç də həmişə xeyir qüvvələrin qalib gəlmədiyini anlayacaqlar. Amma bütün dünyada insanlara qorxu, bəla, kədər, ayrılıq gətirən bir virusu ayrıca götürülmüş ölkədə az qala azərbaycanlılar sayaq “Nə oldu Alış”, deyə, efirə vermək, bu günlərdə bizim teleməkanda yayılmış “Avropa küçələr bom-boş, Azərbaycan isə...” süjeti qədər yersiz və zərərlidir.
ABŞ Trampın gəlişindən sonra əlbəttə ki, çox dəyişib. Maliyyə məsələlərində as olan milyarder-prezident ABŞ-ın ciddiyyətinə, ağırlığına, bir az da sirliliyinə daha çox sosial şəbəkədən baxdığı üçün ziyan vurub. Amma ölkənin iqtisadiyyatı inkişaf etmişdi, büdcə daha da şişmiş, işsizlərin sayı azalmışdı. Tramp Amerikaya pul gətirə bildi, amma onun gücünə güc qata bilmədi.
İndi bu virusla mübarizədə nə qədər mənfi təsiri olduğunu deyə bilmərik, Trampın prezident kimi ilk addımının “Obamacare” kimi tanınan icbari tibbi sığortanın ləğvinə girişdiyini xatırlayaq. O, Obamanın islahatlından imtina edərək daha az xərc tələb edən səhiyyə sistemi qurmaq niyyətindən əl çəkmədi və ortaya yeni heç nə qoya bilmədi. Buyurun, ölkənin səhiyyə sistemi bu virusa hazırlıqsız yaxalandı...

“Hörümçək adam” və “Maşa”nın Ayısını hələlik qoyaq bir kənara, ABŞ-ın niyə bu pandemiyada 20 mindən çox itki verdiyi haqda ən müxtəlif iddialara baxaq. Əsas iddia odur ki, virusla mücadilədə ən mühüm olan vaxt itkisi baş verib. Bu o zamanlar idi ki, xaraba qalmış Uhanda virus yayılanda elə Bakıda da danışırdılar ki, bu xəstəlik-filan deyil, ABŞ-ın əzəli rəqibi Çinin iqtisadiyyatını sarsıltmaq əməliyyatıdır və sairə.
Virusla mübarizədə daha bir boşluq haqda bu günlərdə rus variantında oxuduğum “The Atlantic” qəzeti yazıb. Qəzet yazıb ki, ABŞ Milli Təhlükəsizlik Şurasının bir hissəsi olan Pandemik Hazırlıq Bürosunun 2018-ci ildə ləğv edilməsi (onu az büdcə tələb edən qrup əvəz edibmiş) də bu sahədə ciddi boşluq yaradıb. Belə ki, hələ yanvar ayında Tramp komandasının keçmiş üzvü Luciana Borio hökuməti asan diaqnostik testlər hazırlamağa, Ağ Evi epidemiyasının qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb. Amma Pandemik Hazırlıq Bürosunun ləğvi səbəbindən bu xəbərdarlığı birbaşa prezidentə çatdırmaq mümkün olmayıb. Yəni Tramp komandasının xəbərdarlıqları ciddiyə almaması hazırkı ağır mənzərəni səbəbidir. "Amerikalı olaraq mən dəhşətə gəlirəm. ABŞ-ın itkilərini yerini doldurmaq çətin olacaq, lakin mümkünsüz də deyil” - Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın rəhbəri Seth Berkeley sözügedən nəşrə belə deyib.

Martın 6-da Trampın daha bir “ÇP”-si baş verib. "Koronavirus testi etmək istəyən hər kəs bunu edə bilər" sözləri virusun yayılmasının daha bir səbəbi kimi göstərilib. Belə ki, hətta Ağ Ev administrasiyasının rəsmiləri də Trumpın iddiasını təkzib etsələr də (?!), amerikalılar mövcud olmayan testlər üçün xəstəxanalara axışıblar. “İnsanlar simptomları olmadıqları təqdirdə müayinədən keçmək istəyirdilər. Bəzilərində yalnız soyuqdəymə vardı, amma onları müayinə etmək üçün həkimlər tibbi qoruyucu ləvazimat ehtiyatlarını boş yerə sərf etdilər", -Corc Meyson Universitetindən əməkdaşı Saskia Popesku isə belə deyib.
Məlumdur ki, hazırda ölü sayına görə deyil, həm də testlərin aparılmasına görə də ABŞ liderdir. Amma yerli mütəxəssislər deyirlər ki, öncə xəstəxanalardakı "koronavirus yanğınını söndürmək" üçün tibb işçilərini və xəstəxanaya yerləşdirilmiş pasiyentləri test etmək lazımdır. Və yalnız sonra kəskin böhran keçdikdə, testlər daha geniş tətbiq oluna bilər.
Beləliklə, bildirilir ki, əgər Ağ Ev indən sonra düzgün yolla getsə, amerikalılar isə özünütəcrid tələbini qorusa, pandemiyanı nəzarətə götürmək ehtimalı böyükdür.

Heç kim koronovirusun nə qədər davam edəcəyini bilmir. İndən sonra dörd-altı həftədən üç aya qədər deyirlər, amma pandemiyanın daha çox davam edəcəyini, ABŞ-ın itkilərinin isə 8-9 sıfırlı olacağını (Son məlumata görə, Birləşmiş Ştatlarda koronavirusa 519 453 insan yoluxub, 20 071 nəfər ölüb) proqnozlaşdıranlar da var. Amma ən pis ssenarilərdə belə dəyişən dünyada Amerikanın supergüc olaraq qalacağını deməyən, deyəsən elə Kiselyovdur...
ABŞ-ın başına gələnlər həmin filmlərdəki kimi eyni ssenari ilə gedir: əvvəl qəhrəman(lar) yaxınlaşan fəlakət xəbərdarlığı edir, onların xəbərdarlığı ciddiyə alınmır, sonra hər şey dağılmağa, məhv olmağa başlayır, ta o vaxta kimi ki, qəhrəman(lar) ağlını və gücünü işə salıb ölkəni də, dünyanı da xilas edirlər. ABŞ-ın (həm də dünyanın) qarşısındakı isə bu dəfə təhlükəli virusdur.

Bu filmdə çatmayan hələ ki, virusa birdəfəlik qalib gələcək qəhrəman(lar)dır. Onların adlarının kim olacağı koronavirusun özü qədər sirli və müəmmalıdır hələ ki...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR