Dünya karantindən çıxır: Təhlükə qalır, amma... - ARAŞDIRMA

30-04-2020, 13:42 215 dəfə baxılıb

Dünya karantindən çıxır: Təhlükə qalır, amma... - ARAŞDIRMA


Dünya gündəmini zəbt edən koronavirusla mübarizə tədbirləri davam etdirilir. 3 milyondan çox insanın yoluxduğu virus 228 mindən çox insanın həyatına son qoyub.

Buna baxmayaraq, sağalanlar da az deyil. Belə ki, xəstələrdən 1 milyondan çoxu sağalıb.

Cebhe.info xəbər verir ki, bir sıra ölkələr artıq karantin qaydalarını yumşaltmaq qərarı verib.

İtaliya mayın 4-dən bəzi məhdudiyyətləri qismən yumşaldır. İtaliyanın Baş naziri Cüzeppe Konte mayın 4-dən etibarən ölkədə bəzi məhdudiyyətlərin qismən qaldırılacağını açıqlayıb. Ölkə əhalisinə televiziya müraciətində o, barlarda və restoranlarda yemək satıla biləcəyini bildirib, indi yalnız evlərə sifarişlərin çatdırılmasına icazə verilir. İtalyanlar yenə də ölkənin bir yerindən digərinə səyahət edə bilməzlər, lakin onlar eyni əyalətin bir şəhərindən başqa şəhərinə gedə biləcəklər. Bundan başqa, doğmaları ziyarətə də icazə veriləcək, lakin bu yalnız qoruyucu maska taxaraq kiçik qruplar halında olmaq şərtilə mümkündür. İtaliyada həmçinin parklar da açılır, lakin burada da əhaliyə böyük qruplar halından toplaşmağa icazə verilməyəcək. Bundan başqa, Konte sosial məsafənin qorunması tədbirlərinin daha bir neçə ay davam edəcəyini, kilsə xidmətlərinin isə əvvəlki kimi qadağan olduğunu bildirib. Qeyd edək ki, İtaliyada 203 min 591 nəfər virusa yoluxub, 27 min 682 nəfər ölüb.

Fransa da təcrid qaydalarını yumşaltmaq planını açıqlayıb. Baş Nazir Eduard Filip bu haqda açıqlama verib. Belə ki, 11 mayda təhsil pilləli olaraq başlayacaq. Əvvəlcə uşaq bağçaları və ibtidai məktəblər açılacaq. İctimai nəqliyyat fəaliyyət göstərəcək, lakin qoruyucu maska taxmaq məcburi olacaq. Ticarət müəssisələri, bazarlar açılacaq, restoran və kafelər isə bağlı qalacaq. Kiçik muzeylər və kitabxanalar da açılacaq, lakin çimərliklərə giriş iyunun 1-dək qadağan olunacaq. Evdən çıxmaq üçün icazə tələb olunmayacaq və 100 kilometrdən artıq səfərlərə icazə verilməyəcək. Kütləvi tədbirlərə və dini mərasimlərə qadağa da davam edəcəkdir.

İspaniyada altı həftəlik ciddi təcriddən sonra uşaqlar çöldə oynamağa çıxıblar. Baş nazir Pedro Sançez 14 yaşdan kiçik uşaqlar üçün təcrid qaydalarını yumşaldıb. Uşaqlar yaşadıqları evin bir kilometr həndəvərində gündə bir saat olmaqla gəzə-oynaya bilərlər. Uşaq meydançaları isə hələ də bağlıdır. Velosiped, skuter və skeytbordlara isə icazə var.

Amerika Birləşmiş Ştatları yoluxanların sayında artım olmasına baxmayaraq karantin tədbirlərini yavaş-yavaş ləğvinə başlayır. ABŞ-da Covid-19 və ölüm hadisələri dünyanın digər bölgələrinə nisbətən daha çoxdur: son məlumatlara görə, burada 1 milyon 64 min insan koronavirusa yoluxub, onlardan 61 min nəfərdən çoxu ölüb. Bir qədər əvvəl ABŞ əhalisinin 90 faizi karantində yaşayırdı, ancaq Corciya, Oklahoma, Alyaska və Cənubi Karolina ştatlarında karantin qismən zəiflədilməyə başlayıb. Məhdudiyyətlərin daha da qaldırılması gözlənilir. Ağ Evin ABŞ-dakı koronavirus epidemiyası ilə mübarizə koordinatoru, doktor Deborah Birks jurnalistlərə karantin tədbirlərinin bir hissəsinin ölkədə bir neçə ay ərzində davam edəcəyini təsdiqləyib. "Ölkədə normal vəziyyətə mərhələli qayıdış zamanı bir-birimizə problem yaratmamağımız üçün sosial məsafənin qorunması bütün yay ərzində tətbiq olunacaq”, - Birks deyib.

Hindistanın Baş naziri Narendra Modi əhaliyə radio vasitəsilə müraciət edərək, insanları evdə qalmağa, sosial məsafəni qorumağa və küçəyə tüpürmək vərdişindən imtina etməyə çağırıb. Səlahiyyətlilər kiçik işçi dükanlarının açılmasına icazə veriblər, bir şərtlə ki, işçilərin yarısı işə getsin, hamısı maska taxsın və insanlar arasında məsafə saxlansın. İsraildə də küçədə mağazalar açılmağa başlayıb. Ticarət mərkəzləri və bazarlar bağlı qalır. İsraildə həm də yeməklərin məkanlardan sifarişçilərin özü tərəfindən götürülməsinə icazə verilib. Eyni zamanda rəsmilər Covid-19 xəstəliyinə dair statistikanın artacağı təqdirdə tədbirlərin yenidən sərtləşdirilə biləcəyini bildirirlər.

Çinin paytaxtı Pekində koronavirus (COVID-19) epidemiyası ilə əlaqədar elan olunmuş fövqəladə hazırlıq dərəcəsi aprelin 30-da ən yuxarıdan bir pillə aşağı endiriləcək. Şəhər hökuməti paytaxtda son 13 gündə yerli ötürülmə yolu və ya xarici mənşəli yoluxma halı baş verməməsindən sonra belə bir qərar qəbul edib. Bu qərarla şəhərdə karantin rejimi qaydaları yumşaldılacaq. Çində aşağı riskli hesab edilən yerlərdən gələn insanlar artıq iki həftə ərzində karantin keçmək məcburiyyətində qalmayacaqlar. Bundan başqa, mehmanxanalarda otaq bronlaşdırmaq üçün nuklein turşu (RNT) testinin cavablarını təqdim etməyə ehtiyac olmayacaq. Qeyd olunan yumşaldılmış qaydalar xaricdən və ölkədə virusun ən çox yayıldığı Hubey vilayətindən gələnlərə aid deyil. Karantin rejiminin yumşaldılması ilə poçt kuryerləri, ev xidmətçiləri və daşınmaz əmlak agentləri sağlamlıq haqqında elektron arayış təqdim etməklə yaşayış binalarına daxil ola biləcəklər. Şəhərdaxili avtobuslarda və metro vaqonlarında sərnişin sıxlığının göstəricisi müvafiq olaraq 75 və 65 faizə yüksəldilib. Şəhərlərarası avtobusların da hərəkəti bərpa olunur. İctimai nəqliyyat vasitələrində davamlı dezinfeksiya işlərinin aparılması və bütün sərnişinlərin qoruyucu maska taxması məcburidir. Çin rəsmiləri Covid-19 ilə son xəstənin Uhan xəstəxanasını tərk etdiyini bildiriblər, bununla da Uhan xəstəxanalarında koronaviruslu xəstənin qalmadığı elan edilib. Koronavirusun ilk dəfə dünyaya yayıldığı bildirililən Hubei əyalətinin paytaxtı Uhan üç ay karantində saxlanıldı. İndi rəsmi məlumata görə, xəstəxanalarda bir dənə də olsun yoluxma hadisəsi baş verməyib və sonuncu xəstə cümə günü xəstəxanadan buraxılıb. Uhanda qeyri-rəsmi ölüm sayının elan olunan ölüm sayından 50 faiz çox olduğu xəbər verilir.

27 apreldən etibarən Gürcüstanda da karantin qaydaları yumşaldılıb. Ölkədə qadağaların aradan qaldırılmasının birinci mərhələsi başlayıb. Bununla bağlı Gürcüstan Baş nazirinin müşaviri İrakli Çikovani jurnalistlərə açıqlama verib. Avtomobillərin, taksilərin, onlayn mağazaların işləməsinə, hər hansı malın çatdırılmasına və açıq kənd təsərrüfatı bazarlarının fəaliyyətinə icazə verilir. Sərt karantin zonaları elan edilmiş bələdiyyələr və inzibati hissələr istisna olmaqla, bütün ölkə daxilində məhdudiyyətlər aradan qaldırılıb. Bundan əlavə, 27 və 28 aprel tarixlərində istisna hal kimi, yalnız qeydiyyat ünvanına qayıtmaq üçün Tbilisi, Rustavi, Batumi və Kutaisidən giriş və çıxışa icazə verilib. Bu şəhərlərə giriş və çıxış qadağası aprelin 15-də tətbiq edilib.

Qırğızıstan hökuməti karantin rejimindən çıxmaq üçün mərhələli plan hazırlayıb. Ölkənin baş naziri M.Abılqaziyev Operativ Qərargahın iclasında məsələylə bağlı qərar verib. Hazırda karantin rejiminə uyğun olaraq, ölkədə yalnız ərzaq mağazaları, apteklər, bank və mənzil-kommunal xidmətləri fəaliyyət göstərir. Abılqaziyevin qərarı ilə mayın 1-dən fəaliyyət sahələri genişlənəcək.

Qeyd edək ki, xüsusilə ictimai-iaşə müəssisələri, avto-servis məntəqələri, notariat ofisləri öz işini davam etdirəcək.

Azərbaycanda da 27 apreldən etibarən ölkədə karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilmiş və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Beləliklə, ölkə üzrə 27 aprel 2020-ci il saat 00:00-dan etibarən “ASAN Xidmət” Mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır. Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur: fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla), kitab satışı, qəzet satışı, dəftərxana mallarının satışı,çap və sürətçıxarma fəaliyyəti, fotoatelye/fotostudiyalar, fərdi mənzillərdə təmizlik xidmətləri, dərzi xidmətləri, kosmetika və ətriyyat satışı, geyim satışı, ayaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri, kompüter avadanlıqlarının satışı və təmir, elektronika və məişət texnikasının satışı, mebel satışı, avtomobil satışı, kimyəvi məhsulların satışı, gül və bitki məhsullarının satışı, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı, gübrə və aqrokimyəvi məhsulların satışı. Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır. Bununla yanaşı, yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılıb. Elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR