Koronavirus Qafqazda: Hansı ölkə daha çox “dirənir? - ARAŞDIRMA

5-05-2020, 15:22 299 dəfə baxılıb

Koronavirus Qafqazda: Hansı ölkə daha çox “dirənir? - ARAŞDIRMA

Çinin Vuhan şəhərində ötən ilin dekabrında meydana çıxan koronavirus artıq dünyanın 212 ölkəsinə yayılıb.

Cebhe.info xəbər verir ki, mart ayının 11-i pandemiya elan edilən virusa 3,5 milyon insan yoluxub, 249 min nəfər isə bu mübarizədən qalib çıxa bilməyib. Virus Çində meydana gəlsə də, ölkədə 83 minə yaxın insan virusa yoluxub, xəstələrdən yalnız 4 min 633-ü həyatını itirib. Pandemiya ən çox ABŞ-da can almağa davam edir. Belə ki, ölkədə 1 milyon 191 min 940 nəfər virusa yoluxub, onlardan 68 min 715-i ölüb. Koronavirus Avropa ölkələrini də öz təsiri altına alıb. Burada virusdan ən çox əziyyət çəkən ölkələr İspaniya, İtaliya, Fransadır.

Cebhe.info Cənubi Qafqaz ölkələrinin hazırki vəziyyətini araşdırıb.

Ermənistanda koronavirusa yoluxanların sayı son bir sutkada 121 nəfər artaraq 2507 nəfərə çatıb. Dörd nəfərin isə öldüyü xəbər verilir. Ermənistan Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Milli Mərkəzin məlumatında belə qeyd edilir. Bununla da Ermənistanda pandemiyadan ölənlərin sayı 39 nəfər təşkil edib, 65 nəfərin səhhəti ağır, 35 nəfərin vəziyyəti isə çox ağır qiymətləndirilir. Mərkəzdən bildirilib ki, 1071 nəfər müalicə olunaraq sağalıb. Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların 320 nəfəri və ya 13,4 faizi tibb işçiləridir.

Mayın 4-ə olan məlumata görə, Gürcüstanda koronavirusa yoluxanların sayı 593 nəfər təşkil edib. Xəstəliklərin montorinqi üzrə saytda yerləşdirilmiş məlumatda qeyd edilir ki, pandemiyadan indiyə qədər 9 nəfər həyatını itirib. 223 nəfər isə sağalaraq evə buraxılıb. Bundan başqa, Gürcüstanda 5028 nəfər karantin rejimində saxlanılır ki, onların da 537 nəfəri müşahidə altındadır.

Azərbaycanda isə bu gün koronavirus infeksiyasına 52 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 1 nəfər ölüb. Hazırkı dövrədək ölkəmizdə 1984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1480 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərinin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR