ƏRDOĞAN ABŞ-İNGİLTƏRƏ XƏTTİNƏ YAXINLAŞIR:AKP əleydarları isə Almaniya ətrafındakı ittifaqa bel bağlayıblar - ARAŞDIRMA

29-07-2020, 16:00 158 dəfə baxılıb

Gəlin, bu gün daxildən başlayaq. Sual çoxdur. Hansına cavab verməli olduğumu bilmirəm. Liviya, Aralıq dənizi, Davudoğlu, Babacan, CHP qurultayı, Kamal Kılıcdaroğlu, HDP, Dəmirtaş, İmamoğlu, Mansur Yavaş, Ayasofya, Yunanıstanın təhriki, Kipr və bir çox digər məsələ gəlib qapımıza dayanıb. Amma ümumi bir fikir qarışıqlığı mövcuddur. Verilən suallardan anladığım budur. Bunların hamısı ayrı-ayrılıqda önəmli mövzu başlıqlarıdır. Hamısı haqqında kitab yazılsa belə, yeri vardır. Qısaca, köşəyə sığacaq şəkildə anlatmağa çalışaq.

Ümumiyyətlə, mən xaricdən bəhs edərək, daxildə gedən prosesləri anlatmağa çalışıram. ABŞ və ya İngiltərədən bəhs edən yazıların yazılması daxildəki proseslərin daha yaxşı anlaşılması üçündür. Qlobal miqyası kiçildərək, davam edək.

“Dərin İngiltərə” ilə “Dərin Almaniya” arasında heç bilmədiyimiz, eşitmədiyimiz nəhəng bir savaş gedir. Bu savaşın içində xristianlıq da, ailələr də, ezoterizm də, bölüşmək üstündə savaş da, hədəf fərqlilikləri də vardır. Ancaq gedən savaş böyükdür. İngiltərənin kral ailəsi alman əsillidir. Lakin Almaniya ilə savaş halındadır. Doğrusu, iki böyük dünya müharibəsi bunun açıq göstəricisidir. İki ölkənin də ABŞ-da böyük uzantısı vardır. Yaxşı, bəs ABŞ-da uzantısı olacaq qədər böyük və yayğın olan bu güclərin Türkiyədə kölgəsi yoxdurmu? Verilməli olan ilk sual budur. Amma verməzlər. Verilmədikcə də, onların anlaşılması imkansızdır.

Son dövrə baxın. Türkiyə Liviyada təşəbbüsü Qərbə verməmək üçün ora güclə müdaxilə etdi. Yardım aparan ticarət gəmilərimizin önü kəsildi, onlar təhdid edildilər. Ən son bunu fransız gəmiləri etməyə cəhd etdi. Türk donanması əlini tətiyə aparınca, qaçdılar. Bir anda Aralıq dənizinin dərin suları “Dərin Avropa”nı hərəkətə keçirdi. Fişəng fabriki partladı, 5 itki verdik. Ardınca fişənglər təxliyə edilərkən 3 hərbçimiz də şəhid oldu. Avropa dövrəyə girmişdi. Bu torpaqlarda heç bir şey öz-özünə olmaz. Bunu unutmayın. Mersində devrilən hərbi maşına da bu prizmadan baxın. PKK-nı da unutmayın. Ona silahı, dəstəyi kim və nə üçün verir?

Avropanın patronu dünya liqası ilə bağlı röyası və məqsədi olan Almaniyadır. Almanlar, germanlar böyük məktəbdir. Və daima səhnədə olublar. İndi də səhnədədirlər, sabah da olacaqlar. Merkelə lazımi qədər dəyər verməməkdən çəkinmək lazımdır. Bunu hamı nəzərə almalıdır. İnfeksiya səbəbilə türk mallarına və təyyarələrinə qarşı gizli embarqo tətbiq edilir. Doğrusu, Almaniyanın əmri ilə bir turist belə, gəlmir. Gəlməyəcək də. Araya kim girirsə-girsin, nəticə ala bilməyəcək. Fransaya Almaniyadan müstəqil olaraq baxmayın. Türk donanması fransızları qovalayarkən, onlarla birlikdə AB və Almaniya da gedirdi. Bu səbəblə, Almaniya qaza basdı. Turizmdən ixracatadək çoxsaylı əngəllər yaratdı. Qapılarını Covid-19 üzündən tükənən İtaliyaya açdığı halda, Türkiyəyə “Dur!” dedi. Almaniyanın etdiklərinin heç bir məntiqi açıqlaması yoxdur. Həqiqəti qapılar arxasında gizli söyləyirdilər. Türkiyə Aralıq dənizinə enincə, bayraq göstərincə, Liviyaya damğa vurunca, dayanıqlılıqları pozuldu və hücuma keçdilər.

Əslində, hər şey “Brexit”lə başladı. Lakin ondan öncəsini yada salmaqda fayda vardır. 2016-cı ildə “Spectator” jurnalının redaktoru Duqlas Murrey, Boris Consonu “Ərdoğanla bağlı təhqir məzmunlu şeir yarışmasının” qalibi elan etdi. Bu yarışma Ərdoğana hücum edən, kin qusan alman komediyaçısı Yan Byomerman haqqında təhqiqatın başladılmasına izin verən Merkelə etiraz etmək üçün idi. İndi İngiltərə Baş naziri olan Boris Conson o tarixdə, yən,i bir neçə il öncə Ərdoğan əleyhdarı idi.

Corc Soros da 2003-cü ildən bəri ABŞ-da respublikaçılara qarşı savaş elan etmişdi və Rotşildlə birlikdə hərəkət edirdi. Lakin zaman ötdükcə hər kəs yeni koordinatlarına doğru hərəkət etməyə başladı.

General Həftər Liviyada söz sahibi olmaq istəyirdi. Arxasındakı böyük güclərin başında Almaniya gəlirdi. “Wagner” adı ilə döyüşən muzdlu hərbçilərin də arxasında Almaniya ola bilərdimi? Almaniya Türkiyədə olduğu kimi, Rusiyada da güclü idi. Naməlum əlaqələrin komandanı idi. Alman ağlı Aralıq dənizindən böyük pay almaq, hakimiyyətini yaymaq və ən böyük olmaq xəyalını qururdu. Hərəkət marşurutu bu yöndə idi.

15 iyuldan sonra Türkiyəni tərk edən bir çox adam Almaniyaya sığındı. Yaxın dövrlə əlaqədar nə qədər adam varsa, hamısı Almaniyadadır. Suriyalı qaçqınlar da Türkiyə ilə Almaniya arasındakı gərginliyi artırdı. Biz qapıları açdıq, onlar da Yunanıstana tapşırıq verdilər, üstlərinə qaz sıxaraq qaçqınları geri göndərdilər.

Kipr ətrafında gedən enerji savaşı da, bütün Aralıq dənizi də, Liviya da Türkiyənin Avropa ilə qarşı-qarşıya gəldiyi sahələrdir. Bəlkə də xatırlamazsınız, Boris Conson Baş nazir olmamışdan öncə, Türkiyəni izlədiyi qaçqın siyasətinə görə İngiltərə üçün ən böyük təhdid olaraq göstərirdi. Lakin Baş nazir olduqdan sonra ritorikası dəyişdi: “Qlobal Britaniya köhnə dostları ilə təkrar geri gələcəkdir…” açıqlaması verdi. Bura gələndə də “Türkiyə olmadan əsla olmaz!” deyirdi. Öyrənirdi…

Fransa Makron vasitəsilə “NATO-dan çıxaq. Türkiyəyə dərs verək” çağırışı edirdi. Son dövrdə davamlı olaraq bilək güləşinə girdiyimiz ABŞ isə “Türkiyə haqlıdır” deyərək, Fransa və Almaniya qarşısında mövqe müəyyən edirdi. Hətta ABŞ-ın Afrika Qüvvələri Komandanı (AFRİCOM) Stiven Taunsend Türkiyənin İngiltərə ilə birlikdə dəstək verdiyi Sərracı ziyarət etdi. Həftərin üstündən xətt çəkən ABŞ yeni mövqe tuturdu. Bunların heç biri, əlbəttə, təsadüfi deyildi.

Liviya sülh masası Almaniyanın güclü olduğu Moskva ilə Berlində qurulurdu. Masa dağılsa da, german ağlı səhnədə idi. Liviyanı dağıdan, qarışdıran, sonra da ondan pay almaq istəyənlər masa ətrafında toplanırdı. Bunu bilən Türkiyə də önləyici tədbir görərək, meydanda və masada önəmli bir kreslonu qapmaqda idi.

“Brexit”lə birlikdə adada problem yaşayan və yaşayacaq olan İngiltərə öz qapılarını sonadək Türkiyənin üzünə açdı. Aralıq dənizində olmaq üçün məhdudiyyətsiz kart təklif etdi. Bura ABŞ-ın Liviyada tutduğu mövqe də əlavə olununca, ABŞ-İngiltərə-Türkiyə xətti formalaşmağa başladı. Yavaş-yavaş bu güc balansı qurulurkən, Ayasofya kartı açıldı. Bunun 24 iyulda edilməsi, 4 minarədən əzan oxunması, dövlət adamlarının orada iştirak etməsi çox önəmli idi. Bütün bunların arxasında yatan reallıq isə Türkiyənin öz koordinatlarını müəyyən etməsi, Avropaya “Artıq qarşınızdakı “xəstə adam” deyil” deməsi və bunu meydanda göstərməsi idi. Liviya da, Aralıq dənizi də buna səhnə oldu.

Xaricdə güc balansı təqribən belə formalaşınca, bir qayda olaraq, Avropaya yaxın olan sərmayə, daha doğrusu, İstanbul sərmayəsi də siyasətə arxa qapıdan qarışdı. Onsuz da qarışırdılar… Bu dəfə sərt şəkildə gəldilər. Türkiyənin Avropa ilə birgə hərəkət etməsini, üfüqə yelkən açmasını istəyənlər seçilən hərəkət xəttindən (ABŞ-İngiltərə-Türkiyə xətti – tərc.) narazı idilər. Bu səbəblə, Kılıcdaroğlu “Dostlar qrupu”nu formalaşdırdı. AKP əleyhinə olan hər bir şəxs, hər bir siyasi fiqur Türkiyənin seçdiyi hərəkət marşurutunu dəyişdirmək istəyir. Ancaq türk dövləti ABŞ-İngiltərə ittifaqı ilə birgə hərəkət etmək istəyir. Əlamətləri də ortadadır.

Ayasofyanın ibadətə açılması ilə müxalifətin birləşməsi təməldə eyni səbəblərə dayanmaqdadır. Amma biz kütlələri qıcıqlandırmaq üçün hadisələri dünyəviliyi mərkəzə qoyaraq müzakirə edirik. Qorxuları böyüdüb önə çıxarırıq. İnsanları düşərgələrə ayırırıq. Yenə elə oldu. Halbuki həqiqət Türkiyənin qeyd edilən mövqeni tutmasıdır. Bundan narahat olanların birləşməsi, arxalarına Avropanı almasıdır. Türkiyənin də öz gücünü kəşf edərək, London-Vaşinqton xəttində addım atmaq niyyətini ortaya qoymasıdır. Türkiyənin seçim etməsi o qədər önəmli idi ki, 5 qitəyə də təsir edirdi. Məsələ budur. Və aradakı gərginlik davam edəcəkdir. Ayasofyada göstərilən qılınc da şahlanacaqdır. İzləyin, görəcəksiniz.

Qeyd: Bütün bunları təsdiq edən hadisələr də CHP-də yaşandı. Doğrusu, CHP-ni düzgün seçilən eynəklə izləmək yetərlidir. Kamal bəy, ya da partiyanın əsas qüvvələri İngiltərəyə “göz vuran” şəxsləri kənarda saxladı. Avropa ağırlıqlı komanda formalaşdırıldı. İmamoğlunun “Kamal bəy yaxşıdır, ancaq ətrafı pisdir” çıxışını da belə oxumaq lazımdır.

Fransa-Almaniya matçı zamanı Parisi qana bulayan İŞİD-in keçirdiyi terror aktını heç unutmayın. Parisi titrədən bu terror hadisəsini, Atatürk Hava Limanına edilən hücum kimi, heç vaxt ağlınızdan çıxarmayın. Bunun kölgələri hər yerdə vardır.

Bəs “Dərin Amerika” nə edəcək? Aralıq dənizində kimin qalib gəldiyini gördükdən sonra yeni masa qurmaq üçün hərəkətə keçəcək.

Hər kəs əlindəki kartları işə salıb. Hətta Buğra Kavuncunun İYİ Partiyanın İstanbul vilayət təşkilatının rəhbəri seçilməsinə də bu prizmadan baxmaq lazımdır. Təsadüf yoxdur.

Tərcümə Strateq.az-ındır


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR