Yəhudi lobbisindən ermənilərə "centlmen"cəsinə cavab: - “İsrailə Azərbaycanın güclü olması lazımdır”

3-08-2020, 16:11 303 dəfə baxılıb

“Ötən həftə Amerika Erməni Milli Komitəsinin Qərb bölgəsinin kommunikasiyalar üzrə direktoru tərəfindən qələmə alınan "İsrail Azərbaycanla münasibətlərini yenidən düşünməlidir" adlı məqaləsini oxudum. Üçüncü tərəfin okeanın o tayındakı iki suveren ölkəyə nəsihət verməsi fikrini bir kənara qoyaraq bu incə centlmenə cavab vermək istərdim. Mən demək olar ki, bir jurnalist kimi on il ərzində bu regionu müşahidə etmişəm, açıq, konkret və mümkün olduğu qədər qısa şəkildə demək istəyirəm ki, Azərbaycanla İsrail əlaqələrini "yenidən düşünmək" üçün heç bir səbəb yoxdur”.

Ovqat.com xəbər verir ki, bu sözləri IzRus.co.il “İsrail-Rusiya”) portalının keçmiş Baş redaktoru və siyasi strateq Aleksandr Qoldenşteyn İsrail lobbisinin mətbu orqanı sayılan “Jerusalem Post”-a yazdığı məqaləsində bildirib.

Yəhudi lobbisindən ermənilərə "centlmen"cəsinə cavab:

Qeyd edək ki, bir həftə öncə ABŞ erməni lobbisinin rəhbəri Aleksey Qalitskinin yenə həmin nəşrdə “İsrail Azərbaycanla münasibətlərini yenidən düşünməlidir” məqaləsiylə çıxış etmiş və ölkəmiz əleyhinə hədyanlar yağdırmışdı. Zaman-zaman İsrail lobbisinin sözçülüyünü edən Aleksandr Qoldenşteyn də onun bu iddialarına cavab verən məqaləsində həmkarını bir neçə əsasda haqsız çıxarır:

“1. Enerji
Azərbaycan neftlə zəngin Xəzər dənizində yerləşir və məlum olduğu kimi, İsrail öz neftinin üçdə birini Azərbaycandan alır. Qara qızıl Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə keçirilir və Türkiyədən İsrailə göndərilir.
Düşmən varlıqların əhatəsində olan İsrail enerji təhlükəsizliyinə böyük əhəmiyyət verir. 1973-cü ilin neft böhranı bizə böyük dərs verdi və ona gətirib çıxardı ki, İsrail Azərbaycanla - bizim ən mühüm neft təchizatçılarımızdan biri ilə sıx əlaqələr qurdu.

2. İran təhlükəsi

Gəlin, qəbul edək ki, İran İsrail üçün real təhlükədir. İran İsraili məhv etməyə çağırır. “İkinci Xolokost” İran rəhbərliyinin əsl istəyidir. Ayətullah rejimi İsraili və Azərbaycanı yaxınlaşdırdı və bu ölkələri təbii müttəfiq etdi, çünki hər ikisi İranı ekzistensial təhlükə hesab edir.

Axı, biz təhdid olunan yeganə dövlət deyilik. Tehran ehtiyat edir ki, onun əhəmiyyətli azərbaycanlı azlığı müstəqilliyə can atır və bu, onun Bakı ilə münasibətlərinin əsasını təşkil edir. Nəticədə Azərbaycan yəhudi dövləti ilə münasibətlərinin möhkəmləndirilməsində çox maraqlıdır.

3. Silah və texnologiya

Dövlətlər arasında ittifaq sıx hərbi əməkdaşlıqla möhkəmlənir. Azərbaycan İsrail hərbi texnikasının ən böyük idxalçılarından biridir. Prezident İlham Əliyevin sözlərinə görə, son bir neçə ildə Azərbaycan İsraildən ən azı 5 milyard dollar dəyərində silah və müdafiə sistemləri alıb.

Bundan başqa, İsrail Azərbaycanla bir çox texnoloji yenilikləri bölüşür. Onlarla (bəlkə də yüzlərlə) İsrail yüksək texnologiyası, tibbi və kənd təsərrüfatı şirkətləri ölkə daxilində fəaliyyət göstərir. Bu, qarşılıqlı faydalı tərəfdaşlıqdır və hər iki tərəfə sərf edir.

4. İsrailə lazımdır ki, Azərbaycan güclü olsun

Çiçəklənən və təhlükəsiz Azərbaycan təkcə İsrailin səmərəli iqtisadi tərəfdaşı deyil, həm də Tehranda göz və qulaqlarıdır. Ancaq Azərbaycanın öz problemləri də var. Ermənistanla Azərbaycan arasında münasibətlərdə gərginlik yenidən artıb.

İyulun 12-də Tovuz bölgəsində iki ölkə arasında münaqişə baş verib və İrəvan rəsmiləri Bakını ötən həftə onlara hücum etməkdə ittiham ediblər. Biz bu məsələdə kifayət qədər neytral olmağımıza baxmayaraq, yadda saxlamalıyıq ki, beynəlxalq hüquq açıq-aydın Azərbaycanın tərəfindədir.

1991-ci ildən Ermənistan Dağlıq Qarabağa, Azərbaycan ərazisinin təxminən 20% - nə nəzarət edir. Bu münaqişə nəticəsində bir milyona qədər Azərbaycan vətəndaşı qaçqın vəziyyətinə düşüb. Ermənilər də bilirlər ki, nə qədər ki, İsrail Azərbaycanın yaxın dostu və müttəfiqi olaraq qalır, Azərbaycan Ordusu həmişə öz ərazisini və vətəndaşlarını müdafiə edə biləcəkdir.

5. Qeyri-ərəb müttəfiq

Həmişə olduğu kimi, İsrail region ətrafındakı qeyri-ərəblərlə dostluq münasibətləri qurur. İran şahı vaxtilə İsrailin gizli müttəfiqi idi. Türkiyə İsrailin, regiondakı ən böyük dostlarımız Yunanıstan və Kiprlə münasibətlərini nəzərə almasaq, çox mühüm tərəfdaşı olub və olaraq da qalır. Kiçik ölkələrə mümkün qədər çox müttəfiq lazımdır və şübhəsiz ki, Azərbaycan da mühüm müttəfiqdir.

Sonda: İsrail 1991-ci ildə müstəqilliyini elan etdikdən az sonra bu Qafqaz dövlətini tanıyan ilk ölkələrdən biri idi. Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan 30 ilə yaxındır ki, yəhudi dövləti ilə müsəlman şiə dövləti arasında münasibətlər inkişaf etmiş və inkişaf etməkdədir. Hər iki müttəfiq İrana yaxından nəzarət etməlidir; hər ikisinin ondan istədikləri var. Bu münasibətlər də on illərlə formalaşıb və qarşılıqlı əlaqələri "yenidən düşünmək" üçün heç bir səbəb yoxdur. Səmimi desəm, hazırkı münasibətlər ən yaxşı səviyyədədir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR