"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"

10-08-2020, 19:55 455 dəfə baxılıb

"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"


Azərbaycanın Dağlıq Qarabağı, həmçinin digər işğal olunmuş əraziləri düşməndən azad etmək üçün, ictimaiyyətdə hələ çoxdan yaranmış və indi yenidən gündəmə gələn - Türkiyə ilə konfederasiya yaratmaq və ya ən azı iki ölkə arasında hərbi müqavilə bağlamaq kimi rəylər heç də əsassız deyil.

Əlbəttə, Ermənistan bu işğalın arxasında tək özü deyil, həm də Rusiyanın öz maraqları çərçivəsində dayandığını yaxşı bildiyindən, 30 ilə yaxındır ki, nə sülh danışıqlarında konstruktiv mövqe tutur, nə də müharibədən çəkinir. Rəsmi İrəvan yaxşı anlayır ki, mövcud durum Rusiyanı qane edir və əgər Azərbaycan müharibəyə başlasa, Moskva bu bölgədə, əsasən Türkiyə və müəyyən qədər də İran amilinə görə öz maraqlarına göz yuması deyil. Bu üzdən də indiyədək onun-bunun "yanında" yer alan ermənilər tarixboyu heç nə yoğurmadan "hazırca kökə" tapdıqları üçün, bu dəfə də Dağlıq Qarabağa sahib olacaqlarına tam ümidlidirlər.

Əslində, Rusiya işğalçı ölkəni dolayı yolla, bəzi məqamlarda isə açıq şəkildə dəstəklədiyini heç vaxt gizlətməyib. Bunu Putinin beynindən keçənləri dilə gətirəni və ya rəsmi Moskvanın güya, qeyri rəsmi "söz çatdıranı" Vladimir Jirinovski də bu günlərdə müsahibələrinin birində bir daha sübut etdi. O, Dağlıq Qağabağla bağlı Kremlin niyyətini bu dəfə tam təfsilatı ilə ortaya qoyaraq, Minski qrupunda yer alan Fransa və ABŞ-ın bu işdə heç bir şey əldə edə bilməyəcəklərini, bu məsələni yalnız Rusiya prezidentinin həll edə biləcəyini açıq bəyan etdi. "Biz bu bölgədə farslarla, türklərlə vuruşmuşuq və həmişə erməniləri müdafiə etmişik", - deyən, Jirinovskinin fikrincə, əgər Moskva Qarabağı Ermənistana birləşdirmək üçün qərar versə, onda Azərbaycan da Türkiyə ilə hərbi saziş imzalayacaq və belə olan halda Türkiyə ordusu gəlib Dağıstan sərhədlərində yerləşəcək. Jirinovski: "Dağıstanlılar, avarlar, kalmıklar, qaraçaylar hamısı türkdilli xalqlardır. Onda biz nə əldə edəcəyik? Onu əldə edəcəyik ki, Türkiyə şimala doğru hərəkət edəcək. Problem də məhz bundadır. Ona görə də, əgər Türkiyə olmasaydı, indiyə bu məsələ çoxdan öz həllini tapmışdı. Odur ki, Türkiyəyə imkan vermək olmaz Azərbaycanı öz tərəfinə çəksin. İndi onların arasında hansısa sazişlər, əlaqələr var, amma Azərbaycan hələ ki dayanıqlıq nümayiş etdirərək, müstəqil qərarlar qəbul edir. Əgər biz Ermənistana Qarabağla birləşməyə kömək etsək, onda Azərbaycan Türkiyə ilə birləşmək yolunu seçəcək. Onda nə etməli? Türkiyə isə NATO ölkəsidir", - deyə, Moskvanın "nə yardan doyduğunu, nə də əldən qoyduğunu" açıq nümayiş etdirir.

Göründüyü kimi Jirinovski "Türkiyə olmasaydı, indiyə bu məsələ çoxdan öz həllini tapmışdı", deməklə, Rusiyanın Dağlıq Qarabağı Ermənistana birləşdirəcəyini həyasızcasına etiraf etmiş olur. Ona görə də Azərbaycan ictimaiyyətinin Türkiyə ilə konfederasiya yaratmaq və ya ən azı iki ölkə arasında hərbi müqavilə bağlamaq istəyi tamamilə əsaslıdır və labüddür. Əks təqdirdə Azərbaycan işğalda olan torpaqlarını heç vaxt azad edə bilməyəcək.

Bu üzdən də indi yaranmış vəziyyət Azərbaycan diplomatiyasından onu tələb edir ki, gərək rəsmi Bakı Rusiyanın qarşısına ən azı iki şərt qoysun: ya Rusiya beynəlxalq qanunlar çərçivəsində Ermənistana təzyiq edib və ya "qandırıb" işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa məcbur etməli, ya da Azərbaycanla Ermənistanın təkbətək müharibə etməsinə mane olmamalıdır. Rəsmi Bakı Rusiyaya başa salmalıdır ki, əgər Moskva bu şərtlərlə razı olmasa, onda xalqın istəyi və tələbinə əsasən Azərbaycanın Türkiyə ilə konfederasiya yaratması və ya hərbi müqavilə bağlaması qaçılmaz olacaq. Bu isə Jirinovskinin "qırımına" görə Rusiyaya heç də sərf edən məsələ deyil. Odur ki, Moskva düşünməlidir, ya Rusiya öz təhlükəsizliyi xatirinə Dağlıq Qarabağı ermənilərə peşkəş etmək sevdasından əl çəkməli, ya da Türkiyə, burada, NATO ordusunun Cənubi Qafqazda Dağıstanla sərhəddə yer alması ilə barışmalıdır. Artıq seçim Rusiyanındır. Çünki, Rusiya 30 ildir Ermənistanı bu haqsız "oyunda" dəstəkləməklə Azərbaycanı müstəqil dövlət olaraq, çox aşağılayıb və onun hələ sonrakı dövrlərdə təhlükəsizliyinin, həmçinin mövcudluğunun necə olmasını sual altına qoyub.

Doğrudur, bu şərtlər ilk baxışda şovinist ruhlu Rusiyanı qıcıqlandıraraq, narahat edə biləcəyini düşünmək olar. Ancaq hərhalda Rusiya bu şərtlərə Paşinyanın "zibil qutusuna atılmış şərtləri" kimi baxmayacaq. Çünki, Moskva unutmamalıdır ki, Ermənistan işğalçı dövlət olduğu halda öz təhlükəsizliyini, burada daha çox qonşu ölkələrə torpaq iddialarını reallaşdırmaq üçün KTMT ilə ürəyi soyumayıb, Rusiya ilə əlavə ikitərəfli "Rusiya-Ermənistan birgə qoşun qruplaşması" haqqında müqavilə bağlayıb. Yeri gəlmişkən, bu yerdə sual yaranır: əgər Rusiya ilə Ermənistan arasında KTMT çərçivəsində müqavilə vardırsa, o zaman əlavə olaraq, iki ölkənin birgə qoşun qruplaşmasına nə ehtiyac var idi? Digər bir sual: Rusiyanın Cənubi Hərbi Dairəsinə bağlı olan Ermənistandakı vahid birləşmə niyə Rusiya ərazisində deyil, Ermənistanda yerləşir? Bu azmış kimi, üstəlik Rusiya üçün "əziz xələf" olan Ermənistana qarşı sui-qəsd edildiyi təqdirdə Gümridə yerləşən Rusiya hərbi bazası da müdafiə işinə cəlb edilə bilir.

Odur ki, Azərbaycanın Türkiyə ilə konfederasiya yaratmaq və ya hərbi müqavilə bağlamaq işinə Rusiyanın hansısa formada narazılıq etməyə heç bir hüquqi və mənəvi haqqı yoxdur.

O ki qaldı vaxtilə müvəqqəti olaraq ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri vəzifəsini icra etmiş səfir Riçard Hoqlandın "Amerikanın səsi"nə verdiyi müsahibəsində Dağlıq Qarabağın BMT protektoratına verilməsi barədə dediklərinə, bu, ilk növbədə Dağlıq Qarabağ işğalının dondurulmasına, sonrakı illərdə isə onun müstəqil dövlət kimi tanınmasına və ya Ermənistana birləşdirilməsinə hesablanmış məkrli plandır.

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın "Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün əlindən gələni edir", deməsinə gəlincə isə, hələ indiyədək Rusiyanın danışdığı nağıllardan sonra Azərbaycanın Qarabağına nəinki 3 şirin alma, heç bir dənə turş və ya çürük alma da düşməyib.

Rusiyada heç də hamı Zaxarova, Jirinovski, hətta Putin kimi düşünmür. Ona görə də, bu yerdə "Nasionalnaya oborona" jurnalının baş redaktoru, Rusiya müdafiə nazirliyinin nəzdində ictimai şuranın üzvü İqor Korotçenkonun fikirlərindən çıxış edərək, Ermənistanı ilk növbədə siyasi və diplomatik üsullarla məcbur etmək lazımdır ki, Qarabağla bağlı danışıqlarda konstruktiv mövqe tutsun. Artıq 30 ildir hamının eşitdiyi və bezdiyi demaqogiyaya son qoysun.

Mübariz Azərbaycanlı, müstəqil jurnalist


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR