Səudiyyə Ərəbistanı da İsraili tanıyacaq? - İki ölkə arasında əlaqələr genişlənəcək...

18-08-2020, 10:26 322 dəfə baxılıb

"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrailin razılaşması suveren qərardır, İrana qarşı yönəlməyib".

Bunu BƏƏ-nin Xarici işlər üzrə dövlət naziri Ənvər Qarğaş avqustun 17-də tvitində yazıb. “BƏƏ-İsrail sülh sazişi suveren qərardır, İrana qarşı yönəlməyib. Bunu deyir və təkrarlayırıq. Biz qərarlarımıza müdaxilə qəbul etmirik, təhdidləri də rədd edirik”, – Qarğaş rəsmi Twitter hesabında bildirib.

BƏƏ bazar günü elan edib ki, İranın Əbu Dabidə müvəqqəti işlər vəkilini İran Prezidenti Həsən Ruhaninin bəyanatına cavab olaraq çağırıb. Ruhani razılaşmanı xəyanət, xarici işlər nazirliyi isə “qəbuledilməz” adlandırıb. Xəbəri “Reuters” agentliyi yayıb. BƏƏ ötən həftə İsraili tanıdı, ABŞ-ın vasitəçiliyi ilə tarixi razılaşma imzaladı.

“Frans Pres” agentliyi isə yazıb ki, BƏƏ-nin İsraillə əlaqələri normallaşdırmaq qərarı Səudiyyə Ərəbistanını hərəkətə gətirə, Ər-Riyad da yəhudi dövləti ilə münasibətlərini dərinləşdirə bilər.

Ərəb dünyasının ən böyük iqtisadiyyatı olan Səudiyyə Ərəbistanı bu razılaşmayla bağlı sükutunu saxlayıb. Yerli rəsmilərsə eyham vurublar ki, Ər-Riyad regiondakı əsas müttəfiqinin addımı bu tezliklə təkrarlamayacaq.

Ancaq “BƏƏ-İsrail münasibətlərinin normallaşması dolayısı ilə Səudiyyə -İsrail əlaqələrinin genişlənməsinə aparacaq”, – Esseks Universitetinin mühazirəçisi Əziz Alqaşıyan agentliyə deyib. Onun sözlərinə görə, Səudiyyə-İsrail əlaqələri BƏƏ vasitəsilə güclənəcək.

İslamın müqəddəs məkanlarının yerləşdiyi Səudiyyə Ərəbistanı yəhudi dövlətini rəsmən tanımazdan öncə həssas siyasi məqamları götür-qoy etməlidir. Fələstinlilər və tərəfdarları belə bir addımı özlərinə xəyanət hesab edərlər.

Ancaq krallıq illərdir İsraillə gizli münasibət saxlayır. Buna birbaşa Vəliəhd şahzadə Məhəmməd bin Salman başçılıq edir. Atası Kral Salman isə daima müstəqil Fələstin dövlətinə dəstək ifadə edib.

Agentlik yazır ki, İrana qarşı ədavət, Səudiyyənin şahzadənin “Vizion-2030” iqtisadi şaxələndirmə planına xarici investisiya cəlb etmək istəyi krallığı İsrailə həmişəkindən daha çox yaxınlaşdırır.

“Vizion 2030”un əsas hissəsi krallığın qərb sahilində 500 milyard dollarlıq NEOM adlı meqasiti salmaqdır. Müşahidəçilərin fikrincə, krallığa İsrailin sənaye, biotexnologiya, kibertəhlükəsizlik sahələrində təcrübəsi lazımdır.

NEOM-un qurulması “İsrailə sülh və koordinasiya tələb edir, özəlliklə də əgər şəhər turist cəlb edəcəksə”, – Almaniyanın Konrad Adenauer Stiftung fondundan Məhəmməd Yaghi deyib.

NEOM İsrailin Eylat kurort şəhərinə yaxın, Qırmızı dəniz və Aqaba körfəzi kimi geosiyasi həssas sular boyunca salınmalıdır. Körfəz ölkələri öz vətəndaşlarını izləmək üçün getdikcə daha çox İsrail texnologiyasına üz tutur, Qərb ölkələrinin onlara satmaq istəmədiyi raketləri alırlar, Yaghi bunu apreldə yazırdı. (azadliq.org)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR