“Ermənistanın arxasında duran güclər Aprel hadisələrindəki kimi ölkəmizə təzyiq göstərmək istəyirlər”

19-08-2020, 08:26 323 dəfə baxılıb

Tovuz istiqamətindəki təxribatlarda uğursuzluğa düçar olan Ermənistan tərəfi digər müstəvilərdə çirkin niyyətlərini davam etdirməyə çalışır. Son günlər Ermənistandan yeni işğal çağırışları və təxribat xarakterli bəyanatlar səsləndirilir.
Bu dəfə sərsəm bəyanat Dağlıq Qarabağdakı qondarma rejimin “prezidenti” Araik Arutyunyan tərəfindən gündəmə gətirilib. Separatçı “lider” deyib ki, Azərbaycan tərəfinin Xankəndini vurma ehtimali olarsa, buna qarşı Gəncədə hərbi əməliyyat keçirmələri, hətta şəhəri vurma ehtimalları mümkündür.

Azərbaycan Xarici İşlər Nazirliyi ermənilərin Gəncə hədəsinə cavab verib. Bəyənatda bildirilir:

“Bütün bunlar təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın terrorçu mahiyyətini ifşa edir. Özünün hərbi təxribatlarının Azərbaycan ordusunun hərbi qüdrəti və yüksək peşəkarlığı ilə qətiyyətlə dəf edilməsi ilə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aciz vəziyyətə düşən Ermənistan növbəti dəfə ənənəvi metoduna əl ataraq, mülki obyekt və əhalini hədəf almaqla, terror təşkilatlarına xas bir şəkildə mülki əhali arasında qorxu yaratmaq məqsədi güdür”.

Düşmən ölkənin hərbi təhdidini “Sherg.az”a dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycanda elə bir ərazi qalmayıb ki, ermənilər ora zərbə endirmək istəməsinlər. Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanın Türkiyə ilə davam edən birgə təlimləri düşmənə xəbərdaredici mesajlar verir:

“Azərbaycanın dövlət başçısı Ermənistanı təkbətək döyüşə çağırıb. Ermənistanın hərbi-siyasi rəhbərliyi nə deyirlərsə, desin erməni cəmiyyəti bu durumdan narahatdır. Çünki Azərbaycan ordusu haqqında məlumatlıdırlar. Düşmən Azərbaycanın Türkiyəsiz də hərbi gücünü yaxşı bilir. Amma Ermənistanın arxasında Rusiya durub. Türkiyə kimi nəhəng və güclü dövlətlə münasibətlərimizin kökü çox dərindir. Ermənistan bunu yaxşı bilir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin gücü və qüdrəti hər kəsə bəllidir”.

Ş.Ramaldanov qeyd edib ki, Ermənistan Azərbaycan üçün güclü rəqib deyib:

“Sadəcə Ermənistanın arxasında duran güclər Aprel hadisələrindəki kimi ölkəmizə təzyiq göstərmək istəyirlər. Ona görə də Azərbaycanın arxasında Türkiyənin olması çox vacibdir. Ermənilərin Azərbaycanda zərbə endirmək istəmədiyi bir şəhər qalmayıb. Lakin bu, sadəcə bir istəkdir. Atalar deyib ki, “Halva –halva deməklə ağız şirin olmur”. Bu gün Azərbaycanın hava hücumundan müdafiə sistemi elə mükəmməl şəkildə qurulub ki, Ermənistan hansısa zərbəni endirmək istəsə, onun qarşısını almaq üçün bütün vasitələrimiz var”.

Ermənistanın Gəncəni vuracağına dair təhdidlər yağdırmasına gəlincə, Ş.Ramaldanov bildirib ki, düşmənə belə bir imkan verilməyəcək:

“Azərbaycanın Ermənistanın təxribatlarına adekvat cavab vermək imkanı var. Onlar həqiqətən də Gəncəni vura bisəydilər, çoxdan nəsə etmişdilər. Düşmən çox gözəl bilir ki, atdıqları hər hansı bir vasitə hədəfə çatmayacaq. Çünki hərbi hava qüvvələrimizə bələddirlər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR