"Avstraliyada koronavirusa qarşı peyvənd məcburi olacaq"

20-08-2020, 12:43 343 dəfə baxılıb

Avstraliyada koronavirusa qarşı peyvənd məcburi olacaq, ondan yalnız tibbi göstərişə görə imtina mümkün olacaq.

Bu barədə Avstraliyanın Baş Naziri Skott Morrison "3AW" radiostansiyasına müsahibəsi zamanı bəyan edib.

"Hesab edirəm ki, bu peyvənd mümkün olduğu qədər məcburi olacaq. Tibbi göstəricilərə görə istənilən peyvənddən istisna həmişə mümkündür, lakin bu, ondan imtinanın yeganə səbəbi olmalıdır. Biz dünya iqtisadiyyatını çökdürən və yüz minlərlə insanın, o cümlədən Avstraliyada 450-dən çox sakinin həyatını itirməsinə səbəb olmuş pandemiyadan danışırıq", - deyə Baş Nazir bildirib.

Bu ərəfədə Avstraliyanın Baş Naziri "AstraZeneca" Böyük Britaniya - İsveç birgə müəssisəsi ilə Oksford Universiteti tərəfindən hazırlanmış peyvəndin uğurlu kliniki sınaqlarından sonra yerli istehsalının təşkili ilə əlaqədar müqavilənin imzalandığını bildirib. Lakin radiostansiyaya müsahibəsində S.Morrison qeyd edib ki, "AstraZeneca" şirkəti ilə imzalanan müqavilə peyvəndin əldə edilməsi üçün yeganə variant deyil və hökumət digər şirkətlərlə də bu istiqamətdə danışıqlar aparır.

Qeyd edək ki, hazırda Böyük Britaniyada iki peyvəndin sınaqları keçirilir və onlardan birinin Oksford Universiteti tərəfindən hazırlandığı bildirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR