Ermənilər İrəvanın müdafiəsinə hazırlaşırlar: Bəlkə, panika yaradaq...?

1-09-2020, 13:10 314 dəfə baxılıb

Bugünlərdə erməni mediası tərəfindən çox qeyri-adi bir xəbər yayıldı. Müdafiə Nazirliyi İrəvan şəhərində xalq milis dəstələrinin yaradılması, idarə olunması və işə qəbulu proseslərini müəyyənləşdirən bir qanun layihəsini ictimai müzakirəyə təqdim etdi.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində məlumat verib: “Qanun layihəsi Ermənistan Respublikasının müdafiəsi məsələsinə milli əhəmiyyət vermək, könüllü bir milis sistemi yaratmaq və təşkil etməklə potensial düşmənin istənilən təcavüzünə layiqli cavab vermək zərurəti ilə izah olunur”.

Qanun layihəsinin əsaslandırılmasında qeyd edilir: “Bu gün Ermənistan Respublikasına silahlı hücum və ya hərbi əməliyyatlar təhlükəsi olmasına baxmayaraq, hər bir vətəndaşın Ermənistan Respublikasının müdafiəsində iştirakı tam şəkildə istifadə olunmur”.

“Düşmənin döyüş əməliyyatlarının öyrənilməsi göstərir ki, döyüş əməliyyatlarının ağırlıq mərkəzi təxribat, terror, kəşfiyyat və ya xüsusi əməliyyatların geniş yayılması və düşmən qüvvələrinin sızmış qrupları ilə ölkədaxili tərəfə dəyişdirilə bilər. Onlara qarşı durmaq, zərərsizləşdirmək və məhv etmək, ərazini, əhalini, əsas obyektləri və infrastrukturu mümkün düşmən hərəkətlərindən etibarlı şəkildə qoruya biləcək dünya çapında güclü bir qüvvə olacaq ortaq rəhbərlik altında bir qrup yaratmaq lazımdır”, - qanun layihəsinin müəllifləri bildiriblər.

Bu cəfəngiyyatı necə şərh etmək olar? Bu, mahiyyət etibarilə boş yerdə panika yaratmaqdır. Azərbaycan, şübhəsiz ki, potensial düşmən kimi nəzərdə tutulur. Və açıq şəkildə ağ yalan - Azərbaycanın Ermənistanın daxilinə soxulmaq istədiyi fikri irəli sürülür. Nəticə etibarilə, rəsmi Bakının onillər boyu açıq şəkildə hərbi əməliyyatların başlaması halında onu ancaq işğal olunmuş ərazilərin azad edilməsinin maraqlandırdığını bildirsə də, Ermənistan sanki Azərbaycanın dediklərini eşitmir. İndi isə məlum olur ki, Ermənistan Müdafiə Nazirliyi birbaşa öz əhalisinə yanlış məlumat verir. Təbii olaraq suallar yaranır – bu, kimin nəyinə lazımdır?

Politoloq İlqar Vəlizadə AYNA-ya şərhində deyib ki, bu hərəkətlər Ermənistanda, xüsusən də son illər ərzində cəmiyyətdə yalnız Azərbaycan və Türkiyənin şəxsində düşmən obrazının formalaşması ilə deyil, həm də hərbiləşdirilmiş bir cəmiyyətin yaranmasının zəruriliyi barədə illüziyaların yaradılması ilə əlaqəli prosesin daha da gücləndiyini göstərir: “Fikrin özü də yeni deyil, hətta Serj Sarqsyan da xalq qarşısında çıxışlarından birində, erməni cəmiyyətinin düşmən mühitində uzun müddət yaşamağa hazırlaşmalı olduğunu və bu səbəbdən də düşmən hücumlarını dəf etməyə hazır bir cəmiyyət yaratmaq lazım olduğunu söyləmişdi. Beləliklə, Paşinyan, bu prosesi sistemləşdirmək qərarına gəlib. Bu prosesə qanunverici əsas hazırlayır. Dünya praktikası göstərir ki, ümumiyyətlə bu cür proseslər dövlətin hərbiləşdirilməsinə, cəmiyyətin daimi gərginliyə və müharibəyə hazır olmasına gətirib çıxarır. Bu, çox həyəcanverici bir siqnaldır. Çünki bu cür hərəkətlər beynəlxalq aləmdə çox mənfi nəticələrə səbəb olur”.

“Belə bir məşhur Sovet filmi var idi: "Sabah müharibə olarsa". İndi Ermənistanda baş verən hər şeyi bu ifadə ilə səciyyələndirmək olar. Düzdür, müharibəyə daimi hazırlıq xeyli qüvvə və resursları dinc həyatdan yayındırır və Ermənistanda qeyri-adekvat sosial davranış normaları yaradır. Ermənistan ordusunun səfərbərlik imkanları olduqca zəifdir və bu vəziyyətdə siyasi elitalar səfərbərlik potensialını artırmaq üçün belə bir baza yaradırlar. Bütün bunlar, əlbəttə ki, erməni cəmiyyətində gərgin vəziyyət yaradır, çünki bu cür addımlar mülki əhali arasında bəzi əlavə strukturların yaradılması, bəzi konkret hərəkətlərin, təlimlərin keçirilməsini nəzərdə tutur”, - siyasi şərhçi bildirib.

“Məsələ burasındadır ki, heç kim Ermənistana hücum etməyəcək, ona qarşı təcavüzkar planlar hazırlamır. Və bu sürreal vəziyyət erməni cəmiyyətini daha çox erməni elitalarının təcavüzkar siyasətinin girovu mövqeyinə sövq edir. Və onlar bu "düşmən mühasirəsi" mövzusundan istifadə edir və beləliklə ictimai şüuru idarə etməyə çalışırlar”, - Vəlizadə vurğulayıb.

Müsahibimiz fikrinə belə yekun vurub: “Sovet dövründə tətbiq olunduğu kimi, Ermənistan şəhərlərində bombardmanlara qarşı sığınacaqların yaradılmasının da istisna edilmədiyini söyləmək lazımdır. Məcburi mülki müdafiə təlimlərinin keçirilməsi mümkündür. Bütün bunlar İkinci Dünya Müharibəsindən əvvəl və müharibə illərində başadüşülən addımlar idi, amma indi nədən danışa bilərik? Bunların hamısı hakim elitanın xəstə təxəyyülünün bir parçası və ölkənin xarici siyasətinin acınacaqlı vəziyyətinin göstəricisidir. Qonşularla dialoq qurmaq, səmərəli yanaşı yaşamaq üçün fürsət axtarmaq əvəzinə, erməni siyasi liderləri belə mənasız addımlar atırlar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR