Putindən Paşinyana mesaj: Ermənistanın iddiaları yersizdir

26-10-2020, 12:25 179 dəfə baxılıb

“Valday” Beynəlxalq Diskussiya Klubunun XVII iclasında Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda gedən proseslərə də münasibətini bildirib. O, britaniyalı yazıçı Anatoli Levinin suallarına cavab verərək, hazırda bölgədə hərbi əməliyyatların başlamasının səbəblərindən danışarkən deyib ki, həm Azərbaycan, həm də Ermənistan ilə münasibətlər onun ölkəsi üçün xüsusi əhəmiyyət daşıyır.

Putin xatırladıb ki, Rusiyada 2 milyondan çox erməni və 2 milyona yaxın azərbaycanlı yaşayır və bu insanları Rusiya ilə həm iqtisadi, həm də humanitar bağlar birləşdirir: “Ermənistan da, Azərbaycan da bizim üçün bərabərhüquqlu tərəfdaşlardır. Orada insanların həlak olması bizim üçün böyük faciədir. Biz həm Ermənistan, həm də Azərbaycan ilə bərabər münasibətlər qurmaq istəyirik”.

Kreml başçısı Azərbaycanın ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, Azərbaycanın ərazisinin əhəmiyyətli hissəsini itirməsi ilə bağlı vəziyyət əbədi davam edə bilməz: “İllərdir biz vəziyyəti uzunmüddətli tarixi perspektivdə sabitləşdirmək üçün bu böhranın nizama salınmasının ən müxtəlif variantlarını təklif etmişik. Mən indi təfsilatlara varmayacağam, lakin inanın ki, bu, mövqelərin yaxınlaşdırılması üçün aparılan gərgin işi olub. Bəzi məqamlarda elə gəlirdi ki, artıq az qalıb, bir addım da atsaq, qərar tapa biləcəyik. Təəssüf ki, bu, baş vermədi və bu gün biz münaqişənin həllinin ən pis variantı ilə üzbəüzük”.

Rusiya liderinin Qarabağla bağlı səsləndirdiyi fikirlərin əvvəlkilərdən fərqləndiyini düşünən ekspertlər bildirirlər ki, Ermənistan tərəfinin hər zaman səsləndirdiyi daha bir mif - “Moskva bizim yanımızdadır, hamimizdir” düşüncəsi məhv oldu. Belə ki, Putin açıqlaması ilə tərəf olmadığını nümayiş etdirmiş oldu.

Millət vəkili, politoloq Rasim Musabəyov Rusiya Prezidentinin açıqlamasını AYNA-ya şərh edərkən deyib ki, Putin reallıqlarla hesablaşan bir siyasətçidir, dövlət başçısıdır: “O, çıxışında bildirdi ki, Kreml Ermənistana da, Azərbaycana da eyni məsafədə dayanıb. Əslində, Rusiya Prezidenti deməli idi ki, Azərbaycan Moskva üçün daha əhəmiyyətlidir, nəinki Ermənistan. Ona görə ki, Cənubi Qafqazın ərazisinə, əhalisinə, iqtisadi gücünə görə lider ölkəsi Azərbaycandır. Rusiyanın Azərbaycanla münasibəti yaxşı olmadan, bu ölkənin Qafqazda təsir dairəsi geniş ola bilməz. Eyni zamanda, Xəzərin bölgüsü ilə bağlı Kreml rəsmi Bakı ilə sıx əməkdaşlıq etməlidir. İki ölkə arasında böyük, strateji layihələr var. Ermənistan isə Rusiyaya dilənçilikdən başqa heç bir fayda verən ölkə deyil”.

“Putinin Türkiyə barədə dedikləri də vacib məsələdir. Bildirdi ki, Rusiya Türkiyəni tərəfdaş kimi qəbul edir, bir sıra sahələrdə yaxşı əməkdaşlıq var. Baxmayaraq, Ermənistan hər vasitə ilə çalışırdı ki, Rusiya ilə Türkiyə qarşı-qarşıya gəlsin. Ermənistan siyasi-hərbi rəhbərliyi tərəfindən “Türkiyə ermənilərin soyqrımını həyata keçirir” kimi düşük bəyanatlar verilir. Putinin Türkiyə ilə bağlı dedikləri ilə bu absurd “kart” da ermənilərin əlindən çıxdı”, - deyə deputat söyləyib.

Politoloqun qənaətincə, Rusiya liderinin açıqlamasından ən vacibi isə Azərbaycan ərazilərinin əbədi işğalda qalmamalı olduğunu vurğulaması idi: “Putin bildirdi ki, Azərbaycanın ərazilərinin vacib hissəsi ömürlük işğalda qala bilməz. Bu, Paşinyana bir mesaj idi ki, rəsmi İrəvanın iddiaları yersizdir. Yəni, Rusiya Prezidenti dedi ki, heç kim Ermənistanın işğalçılığını davam etdirməsi üçün ona kömək etməyəcək”.

“Mənə elə gəlir ki, Rusiya Prezidentinin açıqlamaları müsbət idi. Görünən odur ki, rəsmi Moskvanın yanaşması bizim əleyhimizə deyil. Əslində, Rusiyanın Ermənistanı müdafiə etməsi, bizim əleyhimizə çıxması bu dövlətin özünün maraqları üçün zərərlidir. Fransa da Ermənistanın ümidlərini puça çıxardı. Hərbi əməliyyatların ilk günlərində Makron çox vurnuxurdu. Sonra reallığı dərk etdi, geriyə çəkildi. Bu gün Rusiya da mövqeyini artıq ortaya qoymuş oldu. Daha sonra Xarici İşlər nazirlərinin ABŞ Dövlət katibi ilə görüşündə də dəyişən nəsə olmadı. Bu görüş də formal xarakter daşıdı. Məsələ burasındadır ki, Azərbaycanın mücadiləsi haqlıdır, beynəlxalq hüquqa söykənir. Ərazilərimiz işğal olunub, bu işğala son verilməsi mütləqdir. Həmsədr ölkələrin bu mövqeyindən sonra bəlkə rəsmi İrəvanın ağlı başına gələr, Azərbaycanın tələblərini nəzərə alaraq ərazilərimizi boşalda”, - deyə Musabəyov sonda qeyd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR