Ermənistan yeni TƏXRİBAT TƏDARÜKÜNDƏ... - Şəhərlərimizi hədəfə alacaqlarını deyirlər...

6-11-2020, 18:37 272 dəfə baxılıb

Ermənistan XİN-nin mətbuat katibi Xankəndi və Şuşa şəhərlərindəki erməni hərbi qüvvələrinin atəşə tutulmasını şərh edərkən rəsmi Bakıya hədə-qorxu gəlib.

Ovqat.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib:

“Noyabrın 3-də Azərbaycan silahlı qüvvələri xüsusilə Stepanakertdəki (Xankəndi) Ana və Uşaq Sağlamlığı Mərkəzi istiqamətinə Smerç raketləri atıb, Stepanakert və Şuşadakı (Şuşi) mülki infrastruktura yenidən zərbə endirib. Xəsarət alanlar var...

“Artsax” xalqı üçün yaranmış mövcud təhlükə şəraitində “Artsax” rəhbərliyi və Müdafiə Ordusunun öz əhalisini qorumaq və düşmənə əks zərbə vurmaq üçün müstəsna hüququ olduğunu bəyan edirik".

Göründüyü kimi, bəyanatda Ordumuzun əslində Ana və Uşaq Sağlamlığı Mərkəzini yox, sadəcə o istiqaməti hədəf alması rəsmən etiraf olunur. Bu da səbəbsiz deyil. Faktlar sübut edir ki, “DQR” erməni hərbi qüvvələri uşaq bağçası və tibb ocaqlarından hərbi məqsədlər üçün istifadə edir, bəzi hallarda həmin yerləri ordu qərargahlarına çevirməkdən belə çəkinmirlər. Təsadüfi deyil ki, bir müddət əvvəl “DQR” hərbi strukturlarının uşaq bağçalarından birində toplantı keçirdikləri barədə foto-şəkillər də yayılmışdı. Bundan əlavə, ermənilərin raket komplekslərinin məhz bu cür mülki yaşayış sahələrində yerləşdirilərək mövqelərimizi atəşə tutması barədə inkaredilməz dəlillər də var.

Üstəlik, mülki əhalinin Şuşa və Xankəndini artıq çoxdan tərk etdiklərini rəsmi İrəvanın özü də gizlətmir. Bu yaxınlarda Ermənistan rəsmilərindən biri Dağlıq Qarabağdan 90 min əhalinin köçdüyünü bəyan etmişdi. Dünən “DQR” lideri də tanınmamış “respublika”nın iri və xırda rəsmilərinin müharibə başlayar-başlamaz bölgəni tərk etdiyini bildirmişdi. Görünür, bunun nəticəsidir ki, ermənilər Azərbaycanın sivil əraziləri vurduğunu bəyan etsə də, zərərçəkənlərin adını açıqlaya bilmir və heç kimin xəsarət almadığını bəyanlayırlar. Zira dinc əhalinin olmadığı, yalnız hərbi qruplaşmaların qaldığı ərazidə hansı mülki qurbandan söhbət gedə bilər.

Bütün bu faktlar sübut edir ki, bir çox mülki ərazilərin adı ilə mahiyyəti fərqlidir. Azərbaycan ordusu istər-istəməz mövqelərimizi və rayonlarımızı atəşə tutan hədəfləri zərərsizləşdirmək məcburiyyətində qalarkən, qəlpələrin hansısa boş binanın pəncərəsini qırmasından təbii heç nə ola bilməz. Ermənilər isə bundan bəhanə kimi istifadə etməyə və öz hərbi cinayətlərinə haqq qazandırmağa çalışırlar.

Zənnimizcə, Ermənistan XİN-in “DQR” adından verdiyi bəyanat da rəsmi İrəvanın yenidən Azərbaycanın mülki obyektlərini hədəfə alacağını göstərir. Məqsəd Azərbaycanı da adekvat addım atmaq məcburiyyətində qoymaq və prosesə 3-cü tərəfləri cəlb etməkdir. Bu isə öz növbəsində digər xarici qüvvələrin işə qarışması və coğrafiyamızın qlobal hərbi hesablaşmaların poliqonuna çevrilməsi təhlükəsi yaradır. Ordumuz bu perspektivin qarşısını almaq üçün Ermənistan ərazisini diqqətdə saxlamalı, öz legitim hərbi hüquqlarından istifadə edərək Azərbaycana qarşı yönələ biləcək ağır artilleriya zərbələrini yerindəcə zərərsizləşdirilməlidir.
Ovqat.com
0


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR