ABŞ iç savaşa sürüklənir: Kəşfiyyat silahlı iğtişaş mesajı verdi, ordu paytaxta yeridilir

15-01-2021, 12:38 157 dəfə baxılıb

ABŞ iç savaşa sürüklənir: Kəşfiyyat silahlı iğtişaş mesajı verdi, ordu paytaxta yeridilir

Xüsusi xidmət servisləri Trampçıların silahlanaraq, Konqresi və digər önəmli dövlət binalarını ələ keçirməyə cəhd göstərəcəkləri barədə xəbərdarlıq edirlər...

Son hadisələrdən sonra reytinqi artan Donald Trampı həbsxanaya göndərməyin planlarını quran Co Baydenin özü üçün də şok və "soyuq duş" effekti yarada biləcək faktlar ortaya çıxmaqdadır. Texas polisinin həbs etdiyi Co Baydenin seçki komandasının üzvü etiraflara və konkret faktlar üzrə ifadə verməyə başlayıb...

İğtişaşlar silahlı toqquşmalara yol açarsa, ABŞ-ın öz tarixinin 155 il əvvəlki dövrünə geri dönməsindən danışmaq lazım gələcək. Ancaq müasir dövrün vətəndaş müharibəsində dağıdıcı nəticələr keçmişin örnəklərini fantastik səviyyədə üstələyə bilər...

Amerikalıların onilliklər boyu lovğalandıqları bir önəmli nailiyyətləri var idi. Onların ölkəsi demokratiya "istehsal" edə bilirdi. Və "istehsal" etdikləri bu "məhsulu" da xarici ölkələrə "ixrac" edirdilər.

Ən qəribəsi də odur ki, amerikalıların bu "istehsal-ixrac" prosesi onlara əməlli-başlı gəlir də gətirirdi. Çünki ABŞ-ın hədəfindəki dövlətlər bir qayda olaraq, demokratiya və insan haqlarını boğmaqda suçlanırdı. Bu ittihamlar qarşısında duruş gətirə bilməyən dövlətlər çarəsiz qalıb, ABŞ-ın bütün tələblərini yerinə yetirməli olurdu. Nəticədə ittihamlar da bir müddət müvəqqəti olaraq, arxa plana keçirilirdi.



İndi amerikalıların özləri onilliklər boyu başqalarına qazdıqları "demokratiya quyusu"na düşüblər. Həm də "quyu" elə dərin qazılıb ki, çıxa bilib-bilməyəcəkləri hələlik müəyyən şübhələr doğurur.

ABŞ-da baş verən son hadisələr onu göstərir ki, bu ölkədə yırğalanan "demokratiya beşiyi" həmişə ya boş olub, ya içindəki "məxluq" nəfəs almayıb. İndi amerikalılar daha dünyanı sürəkli yırğaladıqları köhnəlmiş "demokratiya beşiyi"nin cırıltısı ilə bezdirə bilməyəcəklər. Bundan sonra onlar öz "demokratiya beşikləri"ni içi boşdursa, zibilliyə atmalı, ya da nəfəs almayan hər hansı "məxluq" varsa, dərhal dəfn etməli olacaqlar.

Məsələ ondadır ki, son baş verənlərdən sonra dünyada daha heç kim o beşiyin cırıltısına qulaq asıb, ciddiyə almaz. Hər halda, ABŞ dünyaya demokratiya anlayışı və məntiqi ilə izah edilməsi mümkün olmayan örnəklər nümayiş etdirir.

Təsəvvür edirsinizmi, bir prezident (Donald Tramp) seçilir. Sonra 4 il bu adam ABŞ-ın əsas beynəlxalq rəqibi Rusiyanın seçkilərə müdaxiləsi ilə hakimiyyətə gətirilmə ittihamıyla ölkəni idarə etməli olur.



Daha sonra yeni bir prezident (Co Bayden) seçilir. Hakimiyyəti ona təhvil verməli olan prezident seçkilərin saxtalaşdırıldığını iddia edir. Və hakimiyyəti təhvil verməyəcəyini bəyanlayır.

Nəticədə daxili siyasi qarşıdurma və böhran başlayır. Hakimiyyətdə olanlar və tərəfdarları kütləvi iğtişaşlar törədirlər. Parlament binasını zəbt edirlər, toqquşmalar nəticəsində 5 nəfər həyatını itirir.

Ardınca hakimiyyətə gəlmək istəyənlər cavab həmləsi edirlər. Əvvəlcə səlahiyyətləri sona çatmamış prezidenti dövlət çevrilişinə cəhddə suçlayıb, onu cəmiyyətindən təcrid edirlər. Dünyanın superdövlətinin faktiki rəhbərinin sosial şəbəkə hesablarını qapadırlar. Adamı dövlətin başçısı olsa da, heç real səlahiyyət daşımayan ingilis kraliçasına çevirirlər.

Bu da yetmir. Prezidentə qarşı impiçment tətbiq edirlər və parlamentdə təsdiqlənməsinə nail olurlar. Yəni, onsuz da yaxın bir həftə içərisində təhvil verməli olduğu dövlət başçısı səlahiyyətləri indidən onun əlindən alınır. Və bu işin sonunun prezident D.Trampın dövləti cinayətdə ittiham olunması ilə həbsxanada bitə biləcəyi də artıq elə bir ciddi şübhələr doğurmur.



Dünya da bütün bunları heyrətlə izləyir. Bəzi beynəlxalq rəqiblərsə, heç şübhəsiz məmnundurlar. Çünki onlar milyardlarla para xərcləsələr belə, nəinki ABŞ-da bu cür ssenarilər reallaşdıra, hətta Hollivudda film belə, çəkdirə bilməzdilər.

Ancaq görünən odur ki, hələ heç də hər şey bitməyib. Bu "Amerika filmi"nin hələ davamı da var. Hər halda, Atlantik Okeanın o tayından atlanıb, dünyaya yayılan xəbərlər həyəcan yaratmaqda davam edir.

Məsələ ondadır ki, Baydençilər (onu hakimiyyətə gətirən dərin güclər) məsələni qısa müddətdə bitirməyə can atsalar da, bu xəmirin hələ çox su aparacağı şübhə doğurmur. Hər halda, Trampçılar (onun hakimiyyətdə qalmasına calışan dərin güclər) əks həmlə şanslarını hələ tam itirməyiblər.

Birincisi, impiçment qərarı hələ qüvvəyə minməyib. Çünki bunun üçün Senatın da Konqresdə qəbul edilən qərarı təsdiqləməsi lazımdır. Zamanı və prosedurları nəzərə aldıqda, deməli, bu, istənilən halda, Bayden hakimiyyəti dönəmində baş verəcək.



Təbii ki, Bayden administrasiyası impiçmentə məruz qalmış prezident D.Trampla bağlı bütün prosedurları tamamlamağa üstünlük verəcək. Bu, yeni prezidentə özündən əvvəlkini həbsxanada yerləşdirmək şansı verə bilər. Və Bayden administrasiyasının bunda maraqlı ola biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, D.Tramp olduqca zəngindir. Onun daxili və xarici biznes əlaqələri də siyasi manevrlər üçün yetərli keyfiyyətdədir. Üstəlik, son hadisələrdən sonra reytinqi sürətlə yüksələn D.Tramp ölkədaxili açıq və yeraltı dəstəyi ilə Bayden administrasiyasına əməlli-başlı başağrısına çevrilmək potensialına sahibdir.

Onu da qeyd edək ki, hətta sosial şəbəkələrdə bloklanıb, ABŞ cəmiyyəti ilə bağlantıları məhdudlaşdırıldığı halda belə, D.Tramp ciddi siyasi faktor rolunu tam itirməyib. Onun tərəfdarlarının son günlər ciddi şəkildə aktivləşdiyi bildirilir.

ABŞ-ın daxili təhlükəsizlik problemlərinə cavabdeh xüsusi xidmət servisləri, o cümlədən də, FBİ ciddi xəbərdarlıq mesajı yayımlayıb. Bu qurumun iddiasına görə, Tramp tərəfdarları növbəti iğtişaşlara hazırlaşırlar. Həm də bu dəfə kütləvi iğtişaşların silahlı toqquşmalarla müşayiət oluna biləcəyi istisna edilmir.



Onu da qeyd edək ki, bu iddialar kifayət qədər inandırıcı görünür. Çünki ABŞ-da hər hansı siyasi qruplaşmanın silahlı iğtişaşlar törətməsi elə də ciddi problem sayılmır. Çünki ABŞ müxtəlif silahların açıq satışda olduğu ölkədir. Və hazırda amerikalıların böyük əksəriyyəti şəxsi silaha sahibdir.

Xüsusi xidmət servislərinin xəbərdarlıq mesajına inansaq, silahlı iğtişaşçılar əvvəlcə yenə də parlament binasını ələ keçirməyə çalışacaqlar. Ardıncasa, digər önəmli dövlət binaları hədəfə alına bilər. Bütün bunların təxminən hakimiyyətin ələ keçirilməsinə yönəlik silahlı əməliyyatlar məzmunu daşıya biləcəyi ehtimalı var.

Üstəlik, yeni prezident Co Baydenin andiçmə mərasimində qan tökülməsinə cəhd göstəriləcəyinə dair operativ kəşfiyyat məlumatlarının olduğu bildirilir. Hətta xüsusi xidmət servisləri təhlükənin kifayət qədər ciddi olduğunu vurğulayaraq, Co Baydenə virtual andiçmə mərasimi keçirməyi məsləhət görürlər.

Eyni zamanda, təhlükəli situasiyanın ciddiyi nəzərə alınaraq, paytaxt Vaşinqtona artıq 20 minə yaxın Milli Qvardiyanın əsgərləri yeridilib. Onların bir hissəsinin Konqresin və digər önəmli dövlət binalarında yerləşdirildiyi bildirilir.

Göründüyü kimi, Trampçılar hakimiyyəti elə də asanlıqla təhvil vermək niyyətində deyillər. Onlar yeni prezidenti hakimiyyətə buraxmamaq üçün bütün mümkün imkanları sınaqdan çıxarmağa çalışırlar.



Onu da qeyd edək ki, Trampçılar Co Baydenin legitim prezident olduğuna ciddi şübhələr yaratmaq üçün hətta hüquqi qaynaq da təşkil ediblər. Belə ki, Texas polisi Co Baydenin seçki komandasının rəsmi üzvü Rachel Rodruquezi həbs edib. Ona qarşı seçki saxtakarlığı ittihamı irəli sürülüb. Həbs edilən şəxs seçkilərdə saxtakarlıq etdiyini boynuna alıb və artıq konkret faktlar üzrə ifadə verməyə başlayıb.

Təbii ki, bu, Baydençilər üçün şok yaradacaq və "soyuq duş" effekti verə biləcək bir hüquqi reallıqdır. Çünki indi yeni prezidentin legitimliyi müzakirə və mübahisə mövzusudur. Əgər, həbs edilən şəxs ifadələrini daha da dərinləşdirərsə, bu dəfə Co Bayden üçün də impiçment təhlükəsi yarana bilər.

Onu da qeyd edək ki, Texas polisinin seçki saxtakarlığı faktlarını ictimailəşdirməsi hadisələrin istiqamətlərini Trampçıların xeyrinə dəyişə bilər. Çünki artıq onlar ölkənin taleyini qeyri-legitim prezidentə təslim etməmək üçün kütləvi etiraz hüququna sahibdirlər.

Ancaq burada bir önəmli məqam da var. Belə ki, kütləvi etiraz hüququ silahlı iğtişaşlara çevrilərsə, bu, ölkənin iç savaşa da sürüklənməsinə də yol aça bilər. Bu haldasa, ABŞ-ın öz tarixinin 155 il əvvəlki dövrünə geri dönməsindən danışmaq lazım gələcək. Və müasir dövrün vətəndaş müharibəsində dağıdıcı nəticələr keçmişin örnəklərini fantastik səviyyədə üstələyə bilər. (Yeni Müsavat)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR