Rusiyaya qarşı nəhəng savaş hazırlığı: - Amma hakimiyyət qərarlı, xalq könülsüz

2-04-2021, 13:53 184 dəfə baxılıb

2021-ci ilin əvvəlindən Ukraynanın işğalda olan Donbass bölgəsində vəziyyət gərginləşməkdədir. Mart ayında separatçılarla Ukrayna Ordusu arasında hərbi insidentlər daha da çoxalıb. Mütəmadi olaraq Donbassda atəşkəs pozulur. Rəsmi olmasa da, yanvar ayından bu yana lokal insidentlər nəticəsində Ukraynanın 30-a yaxın hərbçisinin həlak olduğu bildirilir. Lokal toqquşmaların genişmiqyaslı hərbi əməliyyatlara keçəcəyi istisna edilmir. Artıq rəsmi Kiyevin əraziləri işğaldan azad etməsi uğrunda hərbi əməliyyatlara başlayacağının ilkin işartıları da görünməkdədir.

Qeyd edək ki, bu günlərdə Ukrayna Ali Radası Donbassdakı vəziyyətin gərginləşməsi ilə bağlı qətnamə qəbul edib. 308 deputatın lehinə səs verməsi ilə qəbul edilən sənədə görə, mövcud gərginləşmənin məsuliyyəti Rusiyanın üzərinə düşür. Ali Radanın deputatları dünya birliyini Donbassdakı vəziyyətlə bağlı dərhal fikir bildirməyə çağırıblar.

Martın 26-da isə Ukrayna Prezidenti Vladimir Zelenski son həftələrdə Donbassdakı vəziyyətin gərginləşməsi səbəbindən "Normandiya Dördlüyü” ölkəsinin nümayəndələri ilə təcili məsləhətləşmələr edib. Bu baxımdan, Fransa, Rusiya və Almaniya liderləri qərar veriblər ki, məsələni müzakirə etmək üçün videokonfrans keçirsinlər. Konfransda Zelenskinin iştirakı gözlənilmir.

Siyasi şərhçilər hesab edirlər ki, yazın sonu və ya yay aylarında Ukraynanın müharibəyə başlayacağı qaçılmaz ola bilər. Bəs, Ukrayna və ukraynalılar müharibəyə hazırdırlarmı?

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli AYNA-ya maraqlı məqamları anladıb. Onun sözlərinə görə, müharibənin başlaması istisna deyil: "Ukrayna təmas xəttinə hərbi qüvvələrini, texnikasını cəmləşdirib. Ukrayna mediasında ciddi şəxslərin açıqlamalarından belə anlaşılır ki, Rusiya da qoşunlarını bölgəyə yığıb. Çox güman ki, hərbi əməliyyatlar olacaq. Amma məsələ ukraynalıların müharibəyə hazır olub-olmamasındadır”.

Jurnalistin qənaətincə Ukraynanın siyasi hakimiyyəti müharibəyə hazır görünür: "Zelenski hakimiyyəti ərazilərin Rusiya işğalından azad edilməsini istəyir. Siyasi dairələr hər gün bəyanat verirlər və açıq şəkildə bildirirlər ki, müharibə ilə Donetski, Luqanskı separatçılardan təmizləmək lazımdır. Eyni zamanda, Krımı Rusiyadan geri qaytarmaq mütləqdir. Amma siyasi hakimiyyətin istəyi ilə xalqın istəyi eynidirmi, bunu söyləmək çətindir. Müşahidələrimə əsasən deyə bilərəm ki, ukraynalılar müharibə əhvalında deyillər. Ukraynalıların çoxu döyüşməyə meylli deyil, bir çoxları deyir ki, onlar üçün müharibə maraqsızdır”.

"Bizim Vətən müharibəsində necə idi? Ana, ata öz oğlunu səfərbərliyə aparırdı ki, torpaqlarımız uğrunda döyüşmək, işğaldan ərazilərimizi azad etmək lazımdır. Vətənpərvərlik ruhu bizdə yüksəkdir. Azərbaycan İkinci Qarabağ müharibəsini Prezident İlham Əliyevin uğurlu siyasəti, mükəmməl ordu quruculuğu və xalqın birliyi, gənclərin Qarabağ sevdası ilə qazandı. Bütün Azərbaycan gəncləri silaha sarıldı. Amma ukraynalılar belə deyil”, - journalist bildirib.

"Əlbəttə, Ukrayna vətəndaşları demək olmaz ki, ölkələrini sevmirlər. Bu, əsla belə deyil. Əhalinin 90 faizi Rusiyaya səmimi şəkildə nifrət edir. Lakin müharibə istəmirlər. "Sabah müharibə olsun, Krımı geri qaytaraq, ərazi bütövlüyümüzü bərpa edək”, - demirlər. Təbii, Kiyev müharibə qərarı versə, qanunlara görə səfərbər olacaqlar. Amma qalib gələcəklərmi, bu suala birmənalı cavab vermək çətindir”, - deuə Camalbəyli vurğulayıb.

Müharibə başlayacağı təqdirdə Ukraynanın qalib gəlməsi ehtimalına gəlincə, mühasibimiz qeyd edib ki, Kiyev haqq savaşında beynəlxalq birlikdən dəstək gözləyir: "Əlbəttə, dünya birliyi Kiyevi dəstəkləyəcək, xüsusilə də, Avropa. Qərb Ukraynaya münaqişə başlayandan dəstək verib – həm siyasi cəhətdən, həm maliyyə cəhətdən, həm də silah-sursat baxımından. Çünki Rusiyanın zəiflədilməsi Qərbin hər zaman marağında olub. Eyni zamanda, bölgənin əsas gücü olan Türkiyə ilə müəyyən qədər silah sənayesi baxımından əməkdaşlığı genişləndiriblər. Demək olar ki, Ukrayna Ordusu Rusiyaya güc göstərməyə qadirdir”.

"Lakin burada bir detal var – Zelenski hakimimiyyəti qətiyyətlidirmi? Məncə, Azərbaycan hakimiyyəti qədər qətiyyətli deyil. Məsələn, Azərbaycan Prezidenti Qarabağla bağlı sonacan qətiyyət nümayiş etdirdi, İkinci Qarabağ müharibəsində bütün beynəlxalq təzyiqlərə baxmayaraq, qətiyyətini ortaya qoydu. Amnma Zelenskidə inanmıram ki, belə qətiyyət olsun. Müharibədə hər zaman hakimiyyətin, xüsusən də ölkə liderinin qətiyyəti qələbədə rol oynayır. Bir də vacib nüans xalqın birliyi, vətənpərvər ruhudur. Dediyim kimi, rəsmi Kiyev müharibədə tam qətiyyətli deyil, xalq isə müharibəyə meyl etmir. Bu səbəbdəndir ki, siyasi hakimiyyət müharibədən başqa çıxış yolu görməsə də, gözlənilən müharibədə beynəlxalq birliyin tam dəstəyini də istəyir. Yəni, nəticənin olmasını arzulayır. Sabah müharibə başlayacağı halda Ukrayna qalib gələcəkmi, bu barədə konkret fikir demək çətindir”, - deyə soydaşımız əlavə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR