Araiki Moskvaya niyə aparıblar... - RUSİYA XÜSUSİ XİDMƏT ORQANLARI ONU TƏLİMATLANDIRIR

24-04-2021, 13:44 124 dəfə baxılıb

Keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasının inzibati ərazilərinin hazırda Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində küncə sıxışdırılmış erməni separatçılarının liderinin Moskvaya çağırılması xəbəri nəinki Azərbaycanda, eləcə də Ermənistanın özündə geniş rezonans yaratdı. Xəbər verildiyi kimi, Ermənistan mətbuatı Araik Aarutyunyanın Rusiya xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmaq üçün Moskvaya çağırıldığını yazıb. Bildirilir ki, ona Ermənistanın baş naziri Nikol Paşinyandan uzaq durmaq tapşırılacaq. Başqa sözlə, Araikə mesaj verirlər ki, Paşinyanın Ermənistan rəhbərliyində sayılı günləri qalıb və öz taleyini onunla bağlamağa dəyməz. Digər məlumata görə Araik Moskvaya səfərindən həm ziyarət, həm ticarət kimi istifadə edir və özünə Rusiya paytaxtında ev almaq istəyir.

Azərbaycanda isə Araik Arutyunyanın Moskvaya fərdi səfəri bir çox suallar və iradlar yaradıb-onu kim və hansı statusla çağırıb? Əslində Dağlıq Qarabağdakı erməni separatçılarının əvvəlki liderləri Arkadi Qukasyan və Bako Saakyan da Yerevandan daha çox Moskvaya qulaq asırdılar, onlar tez-tez Rusiya generallarının qapılarının ağzını kəsdirirdilər və təlimatlandırılırdılar. Rəsmi Bakı isə o zamanlar münaqişənin nizamlanmasına dair danışıqların aparıldığını nəzər alaraq Moskvanın separatçı liderlərlə təmaslarını sülhə yönəlmiş ümumi səylərin bir hissəsi kimi görməyə çalışırdı, hirsini birtəhər cilovlayaraq buna əsasən göz yumurdu.

Axı soyuq müharibə gedirdi, münaqişə başa çatmamışdı və qapalı məkana sıxışdırılmış separatçılara harasa getmək lazım gəlirdi-müalicəyə, istirahətə, işgüzar görüşlərə...Separatçıların liderləri Moskvaya Ermənistan pasportu ilə gedirdilər. Başqa nə ilə gedəsiydilər? Separatçıların seçimi böyük deyil-ya Ermənistanın vətəndaşlığını qəbul etmək, ya da Rusiya pasportu almaq. Xüsusən də Rusiya keçmiş SSRİ respublikalarından olanlara vətəndaşlıq verməyi asanlaşdıran qanun qəbul etdiyi bir vaxtda. Bu baxımdan separatçıların bir çoxunda həm Ermənistan, həm Rusiya pasportları var. Və sonuncu "qaulyayter” Araik Arutyunyan da istisna deyil.

Ancaq İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Rusiya prezidenti Vladimir Putin 30 illik münaqişənin başa çatdığını elan etdi. Rusiya prezidenti ilə bir vaxtda Azərbaycan dövlət başçısı da münaqişənin artıq tarixdə qaldığını bildirdi, gələcəyə baxmaq lazım olduğunu dedi. Üstəlik Rusiya prezidenti Qarabağın qeyd-şərtsiz Azərbaycan ərazisi olduğunu da vurğulamışdı.

Rusiya prezidentinin məntiqindən çıxış etsək təxmin etmək olar ki, anklav vəziyyətində qalan separatçı siyasətçilər və Qarabağ ermənilərinin hərbi-siyasi kolliziyaların qurbanına çevrilən əksər qismi potensial olaraq Azərbaycan vətəndaşlarıdır. Təkcə anklavla rəsmi Bakı arasında qarşılıqlı münasibətlər sisteminin müəyyənləşdirilməsi qalır. Lakin yaralar hələ təzədir, siyasətçilər bu yaraları qaşımağa cəhd etmirlər ki, təhlükəli regionda uzunmüddətli və möhkəm sülhün əldə olunmasına imkan yaransın. Və hər halda müharibənin dayandırılması haqda Moskva razılaşması yeni reallıq yaradıb, bu reallığı Moskva özü də inkar edə bilməz. Axı regiondakı kövrək, amma çoxdan gözlənilən sülhün də qarantı Moskvadır. Bu baxımdan özünü Azərbaycan ərazilərində hansısa respublikanın lideri elan etmiş qondarma birinin Moskvaya çağırılması Azərbaycan cəmiyyətinin narazılığına, hiddətinə səbəb olur, onu incidir və etimadsızlıq atmosferi yaradır, yeni məkrli oyunlar haqda şübhələr meydana çıxarır.

Axı Rusiyanın özü də Qafqazda bir vaxtlar separatçılıqla qarşılaşmışdı və indi özünü hansısa içkeriya respublikasının prezidenti adlandıran Əhməd Zakayevin Avropa paytaxtlarında dolaşması haqda xəbərləri qəzəblə qarşılayır. Və Moskva haqlı olaraq bu siyasi cinayətkarı himayə edən Avropa ölkələrinə öz hiddətini bildirir.

Azərbaycanın qavramında Araik Arutyunyan Əhməd Zakayevdən heç nə ilə fərqlənmir, hansı ki, həmin Zaakyevi heç bir halda Bakıya buraxmazdılar. Qarabağdan olan qondarma "prezidenti” isə nəinki Rusiyaya buraxırlar, üstəlik erməni KİV-lərinin məlumatlarına görə, bəzi dairələr onu himayə edirlər. Bu günlərdə "Azadlıq” radiosunun erməni xidmətinə danışan bir erməni məmuru demişdi ki, Araiki Xankəndində "prezident” postunda saxlayan ruslar olub. O, istefa vermək istəsə də deyiblər ki, qalmaq lazımdır.

Araikin Moskvaya çağırılması Ermənistanda Rusiya meylli qüvvələri də təəcübləndirib. Paşinyanın adamının qarşıdakı parlament seçkiləri ərəfəsində Moskvaya çağırılmasının məqsədi nədir? Rusiyameylli müxalifətçilər hesab edirlər ki, Arutyunyan Rusiya generallarından Paşinyanı bağışlamağı xahiş edə bilər. Çünki Paşinyan hakimiyyətdə qalmaq üçün Rusiya ilə sıx hərbi ittifaq kursunu götürüb.

Bəs Rusiya tərəfi Bakının narahatlığına necə reaksiya verəcək? Araikin Moskva səfərini təşkil edənlər nəzərə alırlarmı ki, bu cür gizli təhriklərlə onlar Azərbaycan və Rusiya prezidentləri arasında yüksək qarşılıqlı etimada əsaslanan münasibətlərə kölgə salırlar? Üstəlik Araik Fransada və ya Almaniyada peyda olmayıb, gələcək alternativsiz sülhün qarantı kimi çıxış edən dost ölkədə peyda olub.

Bir çox suallar yığılıb, cavablar isə hələ yoxdur...

Virtualaz.org


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR