İDLİB ÜZƏRİNDƏKİ QORXU KABUSU:türk diplomatlarla qapalı görüşdə Lavrov nə deyib?

27-08-2018, 08:42 359 dəfə baxılıb

İDLİB ÜZƏRİNDƏKİ QORXU KABUSU:türk diplomatlarla qapalı görüşdə Lavrov nə deyib?


Ece Göksədəf

“Middle East Eye”



Türk diplomatları “MEE”-a bildiriblər ki, Suriyanın İdlib əyalətindəki hərbisizləşdirilən zonaya dair roluna baxmayaraq, bölgədəki bütün silahlı qrupları təmizləmək üçün Rusiya dəstəkli böyük hücuma Türkiyə maneə törətməyəcək.

Diplomatlar avqustun 24-də Moskvada Türkiyə və Rusiya xarici işlər nazirləri arasında görüşü Suriya ilə bağlı “fərqləri malalamaq” adlandırıblar.

Türkiyə və Rusiya arasında hər səviyyədə müntəzəm görüşlərdə iştirak edən yüksək səviyyəli bir elçi “MEE”-a deyib ki, İdlibə hücum tezliklə baş verəcək: “Böhranı həll etmək üçün diplomatik səviyyədə işləməyə çalışırıq. İdlib şəhərində böyük döyüşlərin getməsini istəmirik. Ruslara xatırlatmaq istəyirik ki, orada monitorinq vəzifələrimiz var”.

Bəşər Əsəd hökuməti son vaxtlar bombardmanları sürətləndirərək, üsyançı vilayətdə böyük hücumun baş verəcəyi qorxusunu artırıb. Türkiyə İdlibdə genişmiqyaslı hücuma qarşı çıxaraq, minlərlə insanın həyatı üçün, həm də sərhəddə yeni köç axınından narahatdır. Hazırda Türkiyə 3 milyon suriyalı qaçqına ev sahibliyi edir.

Ankara bəzi üsyançı qrupları dəstəkləyib, Qazaxıstan paytaxtı Astanadakı danışıqların ardınca hərbisizləşdirmə müqaviləsi çərçivəsində ötən il 12 monitorinq postu yaradıb.



Diplomatik təkan



Avqustun 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov türk tərəfdaşının yanında “əl-Qaidə”nin şöbəsi olan “Heyət Təhrir əl-Şam” (HTS) və digər “terrorçu qrupları” Suriya ordusu və qonşu Latakiya bölgəsindəki Xmeymim hərbi bazasına hücumda ittiham edib.



Öz növbəsində, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Rusiyanın Suriyadakı hava bazası ilə əlaqədar narahatlığını vurğulayıb. “Türkiyə ilə sərhəddə təhlükə yaradan bütün terror qruplarını ləğv etmək vacibdir. Ancaq hərbi həll yalnız İdlib deyil, bütün Suriya üçün fəlakət ola bilər”, – deyə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ortaq mətbuat konfransında bildirib.

Rusiya tərəfinə görə, “prioritet – böhranın həllində əməkdaşlıq etməyə hazır olan silahlı qrupların HTS-dən ayrılmasına dair razılığa gəlmədir”.

Türkiyənin dəstəyi ilə müxtəlif qruplar HTS-lə mübarizə aparmaq üçün “Milli Azadlıq Cəbhəsi” adlı çətir təşkilatda birləşib.

HTS-nin lideri Əbu Məhəmməd əl-Colaninin bu həftə yayılan bir videosundan göründüyü kimi, o, Türkiyənin Suriya hökumətinə qarşı etibarlı müttəfiq olmadığını və onun monitorinq postlarının “siyasi mövqelərə görə hər an dəyişə biləcəyi”ni bildirir.

Lakin İdlibdəki müxalif mənbələr “MEE”-a bildiriblər ki, indi HTS-lə mübarizə aparmaq və ya İdlibi boşaltmaq üçün hər hansı bir planın olub-olmadığı bilinmir.

Bununla yanaşı, son yeddi ildə Suriya dosyesi üzrə işləyən bir türk diplomatı Moskvanın bütün silahlı qrupları terrorist sandığını bildirib: “İdlib üzərində kabus dolaşır. Rusiya şəhərdəki silahlı qrupların başqalarından fərqli olduğunu düşünmür, onların hamısını terrorist hesab edir. Buna görə də, Türkiyə bəzi qruplarla silahları təhvil vermək üçün danışıqlar aparır, lakin hər bir qrupun hakimiyyətə malik olduğu və nəzarət sahələrindən gəlir əldə etməsi nəzərə alınmaqla, bu, asan iş deyil. Rusiya İdlibdə genişmiqyaslı əməliyyata və sonra şimala doğru irəliləməyə qərar verərsə, minlərlə insanın və oradakı müxalif qrupların taleyi necə olacaq? Belə bir ssenariyə hazırlaşmalıyıq”.

Ötən həftə Lavrov 250-dən çox türk nümayəndəsindən ibarət qrupla qapalı görüşdə çıxış edərək, bir neçə sualı cavablandırıb. Çıxışında o, Rusiya planının Suriyanı bütün müxalif qruplardan təmizləmək olduğunu vurğulayıb.

Yığıncaqda iştirak edən bir anonim mənbəyə görə, bir türk diplomat Lavrovdan Türkiyənin dəstəklədiyi üsyançıların nəzarət etdiyi bölgələrin taleyi barədə soruşub. “Suriya ordusundan başqa bütün silahlı qrupları qanunsuz sayırıq və onlar Suriya torpaqlarını tərk etməlidirlər”, – Lavrov deyib.

İkinci türk diplomatın fikrincə, Türkiyə “milli təhlükəsizlik” üçün təhdid olmadığı təqdirdə, İdlibdə əməliyyata maneə törətməyəcək: “Hər hansı bir terror qrupu silahlarını Türkiyəyə yönəldirsə, bu, milli təhlükəsizliyimiz üçün təhdid yarada bilər… İdlibdən sonra Rusiya kiçik müxalif qruplara qarşı mübarizə aparacaq”.

Rusiya, İran və Türkiyə arasındakı bəzi görüşlərdə iştirak edən üçüncü türk diplomat da müxalifətin gələcəyini ümidsiz sayır: “Rusiya və İran artıq Suriyadakı təsir sahələrini bölüblər və ehtimal ki, Rusiya İsraili və Körfəz tərəfdaşlarını xoşbəxt etmək üçün cənubda qalacaq, İran da İraq sərhədində; ABŞ-a gəlincə, o, əlini ölkənin təxminən dörddə birini əhatə edən, PYD nəzarətindəki ərazidən götürməyəcək”.



İranın mövqeyi



Nüfuz sahələrinə gəldikdə, türk diplomatı deyir ki, Rusiyanın İdlibdə əməliyyata dair planının arxasında əsas mülahizə budur – İranın boşluğu doldurması təhlükəsi: “Rusiya İdlibi İrana buraxmaq istəmir və Əsəd Moskva ilə Tehran arasındakı bu mübarizəni tez bir zamanda başlamağa üstünlük verir. Həm də İran, Rusiya və Türkiyə prezidentlərinin Tehranda bir araya gələcəyi 7 Sentyabr zirvəsini nəzərə alsaq, hər bir tərəf görüşdən əvvəl bölgədə güclənmək istəyir”.



İdlib hücuma məruz qalacaq, ya da işğal təhlükəsi altında olan yeganə hərbisizləşdirilən zona deyil.

2017-ci ilin may konsepsiyasına əsasən, dörd hərbisizləşdirilən zonadan üçü Suriya hökumət qüvvələri tərəfindən fəth edilib: Şərqi Quta, Dəra əyaləti və şimaldakı Hums.

İkinci türk diplomatın sözlərinə görə, İdlib – dördüncü hərbisizləşdirilən zona HTS və digər silahlı qruplarla birlikdə Türkiyənin nəzarəti altındadır: “Moskva və Şamın son hədəfi İdlibdir və onlar son həmlə üçün münasib zamanı gözləyir”.

Tərcümə: Strateq.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR