TEHRAN-2018:Putin, Ruhani və Ərdoğan nədə uzlaşa bildilər? – TƏHLİL

9-09-2018, 18:44 318 dəfə baxılıb

TEHRAN-2018:Putin, Ruhani və Ərdoğan nədə uzlaşa bildilər? – TƏHLİL


Tehranda rəhbərlərin görüşü Rusiya, Türkiyə və İran tərkibli “böyük Yaxın Şərq üçlüyü”nün artıq üçüncü toplantısı olub. Suriya tənzimlənməsi və birinci növbədə artıq Rusiyanın bombaladığı və Əsədin nəzarətə götürməyə hazırlaşdığı İdlib müzakirə olunub.

Hər şeyə əsasən, Putin, Ruhani və Ərdoğan uzlaşma tapa biliblər. Bu, məhz nədən ibarətdir?

Rusiya, İran və Türkiyə rəhbərləri 10 aydan az olmayan dövrdən bəri, keçən ilin noyabrında ilk dəfə Soçidə görüşüblər, artıq bu cür üçüncü sammit baş tutub. Əlbəttə, “Tehran-18”-i orada qəbul edilən qərarların önəm dərəcəsinə görə “Tehran-43”-lə tutuşdurmaq olmaz, amma onun bütün dəyərini yalnız təkcə Suriya mövzusuna müncər etmək qətiyyən düzgün deyil.

Tehran görüşünün gedişində ikitərəfli formatda ən müxtəlif məsələlər müzakirə olunub. Türkiyə-Amerika ziddiyyətlərindən tutmuş ABŞ-ın İrana basqısı və buna qarşı durmaq üsullarına qədər. Amma aydındır ki, üçlük Suriya münaqişəsinin tənzimlənməsi üçün meydana çıxıb və üçtərəfli Tehran danışıqları məhz Suriya məsələsinə həsr olunmuşdu.

Suriyadakı durum “üçlü alyansın” varlığı boyunca önəmli şəkildə dəyişilib. Əsəd ölkənin böyük hisəssi üzərində nəzarəti özünə qaytarıb və indi bütün antiəsəd silahlı birləşmələri bir əyalətə – İdlibə toplaşıb. Bir neçə onminlik – az qüvə deyil, amma hamı anlayır ki, onlar məhkum olunublar. Ya Suriya ordusuyla döyüşə, ya tərki-silaha, ya da çıxıb getməyə – artıq bu dəfə Suriyadan qırağa (təbii ki, silahsız).

İdlibin Türkiyənin həyatönəmli maraqları sahəsinə aid olduğu nəzərə alınsa, Rusiya və İran onun təşvişini nəzərə alacaq və silahlı müxalifətin hansısa hissəsinin (daha az radikalı) öz mövqeyini müəyyən müddətə saxlayacağına razılaşacaq – Ankaranın nəzarəti və çətiri altında. Amma başqalarının nəyi seçəcəkləri irəlidədir – barışı, yoxsa məğlubiyyətə məhkum olduqları savaşı. Bununla yanaşı, İdlibin (və deməli, bütün Suriyanın) barışa doğru hərəkət sürətini məhz “üçlük” müəyyən edəcək – bunun iştirakçılardan heç birinin maraqlarına ziyan vurmayacağı şəkildə.

Hətta hələ də ondan nəyinsə asılı olduğu görkəmini alan ABŞ daxil olmaqla qalan dövlətlər isə Suriyadakı duruma təsir etmək imkanını artıq itirib.

Tehran sammiti ərəfəsində Vaşinqtonda bildiriblər ki, İdlibdə qan tökülməsi başlayacağı halda çox qəzəblənəcəklər. Habelə ilin axırına qədər 2200 əsgəri Suriyanın şərqindən çıxarmaq planından imtina ediblər.

Əlbəttə, Amerikanın Aralıq dənizinə toplanmış donanması İdlibdə əməliyyat başlayacağı halda Suriyada kimyəvi silah işlədildi bəhanəsiylə Suriya ordusunu vura bilər. Amma bu zərbə heç nəyi dəyişməyəcək və hətta İdlib probleminin özünün həllini də ləngitməyəcək. Hansı ki, indi tamamilə “üçlüyün” mövqeyindən asılıdır və Tehran görüşünün yekunlarına əsasən, üç prezident Dəməşqdən hücumun başlanmasını gözləməyi xahiş etməyi qərara alıb. İdlibdə olanlar, qaçılmazı qəbul etməyə hazır olanlar və hələ döyüşmək istəyənlər arasında hüdud qoymağa əlavə vaxt vermək qət olunub.

Üç ölkə İdlib pirkeşiklərini tərki-silaha çağırıb. Həsən Ruhaninin dediyi kimi, Türkiyə, Rusiya və İran İdlibdəki döyüşçülərdən tələb edirlər ki, silahı yerə qoysun və siyasi məqsədləri varsa, buna dinc yolla nail olsunlar. Vladimir Putin indiki mərhələdə döyüşçülərin İdlibdən qovulmasını baş vəzifə adlandırıb – “burada onların varlığı Suriya vətəndaşlarının və bütün bölgə sakinlərinin təhlükəsizliyinə birbaşa təhdid daşıyır”. Rusiya prezidenti bununla yanaşı dəqiqləşdirib ki, mülki əhalinin qorunması bəhanəsilə terrorçulaırn zərbə altından çıxarılması yolverilməzdir və nəhayət, İdlib Dəməşqin nəzarətinə keçməlidir: “Suriyanın qanuni hökumətinin ölkənin bütün ərazisini öz nəzarətinə almaq hüququ var”.

Türkiyə döyüşçülərin bir qisminin tərki-silahına qarşı deyil. Amma İdlibdə əhatəli döyüşlər istəmir, anlayır ki, bu, qaçqınların yeni axınını onun ərazisinə gətirəcək. Ankara onun və Suriya kürdlərinin ərazilərinə bitişən əyalətin bir hissəsini də itirmək istəmir (buna öz təhlükəsizliyinə təhdid kimi yanaşır). Ərdoğan buna görə də deyir: “İdlib əhalisi ciddi əzab çəkir, bombardman onlar üçün təhlükə təşkil edir. Mən mülki əhalini nəzərdə tuturam. Çünki buradan miqrasiya dalğası başlanır. Nəhayət, əhali gözlərini bizim sərhədimizə dikib, yenidən ora yaxınlaşa bilərlər. Bir tərəfdən barış, o biri yandan terrorçulara münasibətdə tətbiq edilməli olan tədbirlər”.

Ərdoğan birgə yekun bəyanatının mətninə İdlibdə barış haqda dürüst, yığcam ifadə daxil etməyi təklif edib və iki həmsöhbəti bu mövqeyi qəbul edib.

Putin bildirib: “Mən hesab edirəm ki, Türkiyə prezidenti bütünlükdə haqlıdır, bu, yaxşı olardı. Amma biz onların, xüsusən də “Cəbhət ən-Nusra” və İŞİD terrorçularının əvəzinə deyə bilmərik ki, atəş açmağı dayandıracaqlar, yaxud bombalı pilotsuz uçuş aparatlarından istifadəni dayandıracaqlar”.

Prezident Rusiyanın Xmeymim aviabazasına müntəzəm hücumlara aşkar eyham vurur.

Ərdoğan bundan sonra dəqiqləşdirib ki, tərki-silah çağırışı təkcə “Cəbhət ən-Nusra”ya deyil, həm də bütün qruplaşmalara aiddir.

Putin buna reaksiya verib: “Mən də dəstəkləyirəm, bəli, mən prezident Ərdoğanla razıyam”.

Başqa sözlə, İdlibdə ayrı-ayrı qruplaşmalara möhlət verilib – türklər bu müddətdə onlara yaxın və qulaq asan dəstələrə “təsir edəcəklər”.

Paralel olaraq, hansısa müddətdən sonra Suriya ordusunun (türklər üçün prinsipal önəmi olmayan rayonlarda) həmin “Cəbhət ən-Nusra”ya qarşı əməliyyatını gözləmək olar.

Bu qayda ilə üç liderin artıq növbəti görüşünə doğru – bu isə, haradasa, növbəti ilin əvvəlində Moskvada keçiriləcək – İdlibdə barışmazlarla tərki-silaha hazır olanların ayrılmasıyla bağlı durum aydınlaşmalıdır. Əyalətin bir hissəsi bu dövrə yaxın artıq Suriya hökumətinin nəzarətinə qaytarılacaq. Paralel olaraq qaçqınların Suriyanın dinc rayonlarına tam qayıdışı prosesi güclənəcək və qışın sonuna yaxın Moskvada görüşdə İdlibin hüdudlanması və sakitləşdirilməsi üçün qəti qərar gözləmək olar. Və o zaman növbəti il gerçəkdən Suriyadaxili tənzimlənmə və müharibənin viran qoyduğu Suriyanın bərpasına keçid ili olacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR