Gürcüstanda seçkilərə 3 gün qaldı: kim daha şanslıdır? - TƏHLİL

26-10-2018, 13:11 448 dəfə baxılıb

Gürcüstanda seçkilərə 3 gün qaldı: kim daha şanslıdır? - TƏHLİL


Gürcüstanda prezident seçkiləri ilə bağlı təbliğat kampaniyası yekunlaşmaq üzrədir.

Namizədlərdən hansı daha şanslı görünür? Hansının prezident olması region və Azərbaycan üçün faydalı ola bilər?

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a açıqlamasında Gürcüstan rəhbərliyinə iddiaçıların adlarını sadaladı: “Prezidentliyə şanslı namizədlər sırasında David Bakradze, Qriqol Vaşadze, Salome Zurabişvilinin adları çəkilir. Bu şəxslər indiki Gürcüstan siyasətində kifayət qədər nüfuzlu şəxslərdir. Düzdür, Gürcüstanda prezident səlahiyyətləri kifayət qədər məhdudlaşdırılıb, amma yenə bu, ümumxalq seçkisi olduğu üçün öz əhəmiyyətini saxlayır. Mən ikinci tur olacağlını gözləyirəm. Bu seçkilərdə favorit namizədim David Bakradzedir. Fikrimcə, David Bakradze ikinci tura çıxacaq. Digər namizədlərində ikinci tura çıxmaq şanslarını görürəm. Bunların içində Qriqol Vaşadze və Salome Zurabişvilini ikinci tura daha yaxın namizədlər sayıram. Düşünürəm ki, bu seçkilərdə əsas mübarizə David Bakradze, Qriqol Vaşadze və Salome Zurabişvili arasında gedəcək. Bizim üçün daha yaxşı olar ki, qərbyönümlü namizəd qalib gəlsin. Çox güman ki, elə də olacaq. Gürcüstan Cənubi Qafqaz ölkələri içində ABŞ və Avropa Birliyinə ən yaxında, Rusiyaya da ən uzaqdadır. Fikrimcə, yeni prezident bu siyasəti davam etdirəcək. Çünki Gürcüstan xarici siyasət prioritetini konkret müəyyənləşdirib. Prezident seçkilərindən sonra da, Tiflis mövqeyində qalacaq. Qonşu ölkəmizdə ABŞ-ın hərbi bazası qurulsa, bu qonşularımızın NATO-ya inteqrasiyasını daha da gücləndirəcək. Amma Abxaziya və Cənubi Osetiya münaqişələri həll edilməyənə qədər NATO və Avropa Birliyi qapıları Gürcüstan üçün bağlı qalacaq. Heç kəs ərazilərinin bir hissəsi işğal altında qalan və ən əsas da Rusiya ilə açıq qarşıdurmada olan Gürcüstanı NATO və Avropa Birliyinə qəbul edən deyil. Bunu dolayısı ilə regionumuza son səfərində alman kansleri Merkel də bildirmişdi”.

Politoloq onu da vurğuladı ki, Rusiya seçkilərə təsir etməyə çalışacaq: “Rusiya üçün Gürcüstanda ən istəkli prezident Nino Burcanadze olardı. Onun da olması indiki şərtlərə və siyasi reallığa görə mümkünsüzdür. İstənilən halda Gürcüstan Rusiya ilə ehtiyatla davranmağa davam edəcək, amma bununla bərabər ABŞ-a yaxınlaşma yolundan geri dönməyəcək. Rəsmi Tiflis Cənubi Qafqazda həmişə Avropaya daha yaxın olub. 1918-ci ildə də, indi də belədir. Cənubi Qafqaz ölkələri içərisində Rusiyaya 1921-ci ildə yenidən ən gec birləşdirilən Gürcüstan oldu. Gürcülər avropasayağı millətçiliyi ilə seçilən xalq olublar. Bakı iqtisadi, Tiflis isə Cənubi Qafqazın siyasi paytaxtı olub”.

Politoloq bildirdi ki, Gürcüstan mənfi, ya müsbətə fərq etməz, ərazi problemlərini həll etməyənə qədər nə NATO-ya, nə də Avropa Birliyinə üzv olan deyil: “İndiki şəraitdə Amerika Gürcüstanda hərbi bazasını qursa, bu, artıq Cənubi Qafqazda Rusiyanın maraqlarına ciddi zərbədir. Tiflis mövcud şəraitə uyğun olaraq maksimum ABŞ-la yaxınlaşmaya davam edəcək”.

Ə.Məmmədlinin qənaətinə görə, Azərbaycan və Türkiyə də Gürcüstana təsir imkanlarını çoxaltmalıdırlar: “Borçalı və Məshəti türklərinin problemlərini Azərbaycan və Türkiyə daim gündəmdə saxlamalıdır. Üstəlik, ölkələrimiz Gürcüstana siyasi, iqtisadi təsirini artırmalıdırlar. Gürcüstanda türklərin sayı demək olar ki, gürcülərlə eynidir. Türklər orada ikinci titullu xalqa çevrilməlidir. Bu yöndə Azərbaycanla Türkiyə çox ciddi işlər görməlidir. İqtisadi cəhətdən Gürcüstan Azərbaycandan da, Türkiyədən də asılıdır. Bu iqtisadi asılılıq artıq siyasi asılılığa da çevrilməlidir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR