ABŞ-İran gərginliyi savaşa çevriləcəkmi? - TƏHLİL

4-12-2018, 15:39 359 dəfə baxılıb

ABŞ-İran gərginliyi savaşa çevriləcəkmi? - TƏHLİL


İran və ABŞ arasında ballistik raket mübahisələri yenidən şiddətlənib. Ötən həftə ABŞ dövlət katibi Maykl Pompeo İranın orta mənzilli raket sistemlərini inkişafı və həyata keçirilən raket sınaqlarını tənqid edib. Pompeo bildirib ki, İranın yeni ballistik raketləri müxtəlif növ döyüş başlıqları daşımağa qadirdir və İran ordusuna Avropanın bir hissəsi, eləcə də Yaxın Şərqin istənilən nöqtəsini vurmağa imkan verir.

ABŞ dövlət katibi yazılı açıqlamasında qeyd edib ki, Tehranın raket sınaqları BMT TŞ-nin 2231 saylı qərarını pozmaqdır. Sitat: “İrana nüvə başlığı daşımaq qabiliyyətində olan ballistik raketlərlə əlaqədar bütün fəaliyyətləri dərhal dayandırmaq çağırışı edirik”.

İran XİN rəsmi sözçüsü Bəhram Qasımi Pompeonun iddialarına cavab verib. XİN sözçüsü bildirib ki, İranın raket sınaqları “müdafiə məqsədlidir”, ölkənin ehtiyaclarına görə həyata keçirilir və BMT TŞ-nin qərarlarına zidd deyil. Eyni zamanda Qasımi bildirib ki, BMT TŞ İranın raket fəaliyyətlərini məhdudlaşdıran hər hansı qərarı yoxdur. Əksinə, ABŞ BMT-nin təsdiqlədiyi nüvə anlaşmasından çıxmaqla BMT qərarlarına hörmətsizlik edib.

Məsələyə İran ordusu da münasibət bildirib. İran ordusu Baş Qərargahının rəsmi sözçüsü general Əbülfəz Şikarçı bildirib ki, İran ordusu həm raket sınaqlarını, həm də raket sənayesinin inkişafı layihələrini davam etdirəcək. General deyib ki, raket sənayesi İranın düşmənlərini yayındırmaq və müdafiə qabiliyyətini yüksəltmək məqsədilə inkişaf etdirilir. Eyni zamanda heç bir region dövlətini təhdid etmir. General əlavə edib ki, raket sınaqlarını və istehsalını davam etdirəcək, bu mövzuda heç bir ölkədən icazə almayacaqlar. İran ordusu rəsmisi deyib ki, İranın düşmənləri “xəta edərək” İrana qarşı hansısa addımı atsalar, buna görə heç zaman unutmayacaqları bir dərs veriləcək.

Yeri gəlmişkən, ötən ay ABŞ ordusu Mərkəzi Komandanlığı bəyan edib ki, İran Fars körfəzində gəmilərin hərəkətinə məhdudiyyətlər yaratmaq imkanına sahibdir. Ordudan verilən açıqlamada qeyd olunur ki, İrana məxsus ballistik raketlər qonşu ölkələrdəki limanlar və aerodromları məhv etmək gücündədir.

Qeyd edək ki, İslam respublikası raket istehsalını hələ 1990-cı illərdə İran-İraq müharibəsindən dərhal sonra başladıb. İlk vaxtlar əsasən qısamənzilli “Qrad”, “Katyuşa” tipli raketlər istehsal olunub. İran bu raketləri Livan, Fələstin, Suriya, İraq kimi ölkələrə göndərir. Sonrakı illərdə İran hərbi sənayesi nisbətən uzaq mənzilli raketlər istehsal etməyə başlayıb. 2000-ci ildə 1200 km məsafəni hədəfə alan Şahab III raketini uğurla sınaqdan keçirib. 2003-cü ildə bu növ raketi sənaye miqyasında istehsal etməyə başlayıb.

2009-cu ilin may ayında isə İran ordusu ilk dəfə olaraq quru (bərk) yanacaqlı və mobil platforma üzərində quraşdırılmış “Siccil” raketini sınaqdan keçirib. Ən son olaraq İran ordusu 2 min km məsafəyə göndərilə bilən raketlərin sınağını keçirib. İran mediasının yazdığına görə, sınaq nisbətən uğurlu olub, daha dəqiqi, nəzərdə tutulan hədəf nöqtəsindən 8 metr yayınıb.

2016-cı ildə mediaya açıqlama verən İran ordusu baş qərargah rəisinin müavini Əli Abdullahi bildirmişdi ki, İran ordusu müdafiə xərclərinin 10 faizini araşdırma və tədqiqat sahəsinə ayırır. Bu isə ordunun yeni silah və texnika yaradılması üzərində çalışmasına imkan verir, silah sənayesinin inkişafını stimullaşdırır. Buna qədər İran ordusu “Qadir-F”, “Siccil-1" və ”Siccil-2" raketlərinin 2 min km məsafəyə göndərildiyini açıqlayıb. Ancaq son olaraq hədəfi dəqiq nişan alan raketin bunlardan biri olduğu və ya yeni bir raket olduğu bəlli deyil.

Xatırladaq ki, İran bu ilin yayında öz raketlərinin sınağını keçirib. İlk dəfə öz ərazisindən Suriyadakı İŞİD mövqelərini raket atəşinə tutub. Yerli agentliklərin məlumatına görə, İranın qərbində Kirmanşah əyalətindən atılan 6 raket təxminən 600 kilometr məsafədə Suriyanın şərqində Deyr əz-Zor şəhərində İŞİD mövqelərini hədəfə alıb. İran istehsallı orta mənzilli “Zülfüqar” adı verilmiş yer-yer tipli raketlər Deyr əz-Zorda İŞİD qərargahı və silah anbarlarını vurub. Bu hadisə bir mənada İranın raket sənayesinin gücünü göstərmək məqsədi daşıyıb.

Müşahidəçilərə görə, hazırda ABŞ-ı narahat edən Tehranın məhz birbaşa İsraili hədəfə almaq imkanında olan raketlərə sahib olmasıdır. Tehran hücuma məruz qalacağı təqdirdə okeanın o tayına raket atmaq imkanında olmasa da, daha yaxında yerləşən İsraili və eləcə də ABŞ-ın bölgədəki hərbi bazalarını hədəfə ala bilər. Məhz buna görə ABŞ prezidenti 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxmasının əsas səbəbləri sırasında İranın raket proqramının adını qeyd edib. Çünki İslam respublikasının raket gücü bölgədə ABŞ və müttəfiqlərini təhdid edən əsas silahdır.

İranlılar isə ötən ay Qəzzada İsrailin ən mükəmməl hava hücumundan müdafiə sistemlərindən olan “Dəmir Qübbə”ni yoxladılar. İsrailin mükəmməl hava hücumundan müdafiə sistemi Qəzzadan atılan yüzlərlə kiçik mənzilli raketlər qarşısında aciz qaldı. Yaxın məsafədən və alçaqdan atılan bu raketlərin yalnız cüzi hissəsi havada məhv edildi. Bu hadisə İsrail ordusu üçün bir xəbərdarlıq oldusa da, rəqiblər üçün də bir sınaq oldu.

Tehran yeni raket gücü ilə bölgədə gücünü göstərməyə çalışır. Bu isə ABŞ və onun bölgə müttəfiqləri üçün təhdid yaradır, bu isə bir tərəfdən güc balansı yaratmağa xidmət edirsə, o biri tərəfdən savaş ehtimalını da yüksəldir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR