Ermənistanın dekabr seçimi - Qarabağı nə gözləyir?

10-12-2018, 08:58 399 dəfə baxılıb

Ermənistanın dekabr seçimi - Qarabağı nə gözləyir?


Politoloqlardan seçki sonrası gözləntilər: “Danışıqlar o vaxt nəticə verəcək ki...”; “Azərbaycan 2019-cu ildə ərazi bütövlüyünə qovuşmalıdır”

Dünən İşğalçı Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Bu, o deməkdir ki, Dağlıq Qarabağa dair danışıqlarda İrəvanın seçki bəhanəsi artıq əldən çıxır və sülh prosesini, atəşkəs rejimini süni surətdə uzatmaq Ermənistan rəhbərliyi üçün daha asan olmayacaq. Söz yox ki, yeni hökumətin formalaşması müəyyən vaxt aparacaq. Ancaq uzağı, bir ay və ya ayyarımdan sonra yeni-köhnə hökumət, seçki təbliğatı “qayğı”sından qurtulub Qarabağ məsələsində konkret mövqe ortaya qoymalı olacaq.

Hələlik isə bu mövqe qeyri-müəyyəndir. Çünki bir yandan erməni baş nazi əvəzi Nikol Paşinyan birbaşa danışıqlara Qarabağdakı separatçı rejimi də qoşmağa çağırırsa, ikinci yandan bu tələb-təklif Bakı tərəfindən rədd edildiyi halda Azərbaycan rəhbəri ilə ən yüksək səviyyədə təmasa girir, Qarabağ müzakirələri aparır. Bununla da hazırkı formatı qəbul etdiyini nümayiş etdirir. Azərbaycan prezidenti İlham Əliyev və Nikol Paşinyan arasında Düşənbədə əldə olunan şifahi anlaşmanın bir anlamı da budur.

Qeyd olunduğu kimi, ola bilsin, Qarabağ məsələsinə yanaşmada müşahidə edilən qeyri-müəyyənlikdə seçki amili də az rol oynamır. Ancaq parlament seçkiləri artıq arxadadır və indi təkcə erməni xalqı deyil, regional və qlobal güclər də Paşinyandan real mövqe, real fəaliyyət gözləyəcək - o cümlədən Dağlıq Qarabağ ixtilafının həll perspektivinə baxışda. Əgər bu yanaşma əvvəlkilərdən - Serj Sərkisyan və Robert Köçəryan dönəmindəkindən fərqlənməyəcəksə, o zaman Ermənistanın və erməni xalqının durumu da o vaxtkından ciddi fərqlənməyəcək. “Qarabağ düyünü” yenə açılmamış qalacaq, vəd olunan köklü islahatlar isə reallaşmayacaq. Çünki bu iki məsələ bir-birinə qırılmaz şəkildə bağlıdır - Ermənistanın inqilabçı rəhbərliyi bunu hələlik yaxın buraxmasa da.

*****



Bəs mövcud vəziyyətdə və Ermənistandakı seçki sonrası dönəmdə rəsmi Bakının atacağı addımlar nədən ibarət ola bilər? Politoloqların bu xüsusda şərlərini təqdim edirik.

“Ermənistanın mövqeyi qeyri-müəyyəndir”. Bu sözləri axar.az -a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O, Nikol Paşinyanın seçkiqabağı təbliğatda beynəlxalq siyasət məsələlərində özünü ehtiyatlı aparmasına diqqət çəkib: “Belə görünür ki, Paşinyan antirus addımlar atmaqdan çəkinir. Rusiyanın sabotajı və provokasiyalarından ehtiyatlanır. Sorğularda Paşinyanın rəhbərlik etdiyi partiya açıq-aşkar favorit göstərilir. Sorğulara inansaq, Paşinyan parlamentdə böyük üstünlüklə qələbə qazanacaq. Ona görə o çalışır ki, seçkiləri sakit şəraitdə yola verib, sonra həm daxili, həm xarici siyasətdə aktiv fəaliyyətə keçsin”.

Politoloq vurğulayıb ki, yeni erməni iqtidarına rəsmi Bakı heç bir illüziya bəsləməməlidir: “Eynən gözlənilən rus-erməni qarşıdurması üzərində də planlar qurmamalıyıq. Azərbaycan Rusiya və Rusiyasız 2019-cu ildə öz ərazi bütövlüyünə qovuşmalıdır. Bu da danışıqlarla mümkün deyil. Yəni Azərbaycan Ermənistanla müharibəyə hazırlaşmalıdır”.

*****

Qeyd edək ki, ötən həftə Azərbaycan və Ermənistan rəhbərlərinin də qatıldığı MDB dövlət başçılarının Sankt-Peterburq görüşündə Qarabağ mövzusuna da toxunulub. Bundan əlavə, N.Paşinyan deyib ki, prezident İlham Əliyevlə qısa təmasda əsirlərin və saxlanılanların “hamını hamıya” prinsipi ilə dəyişdirmək barədə Bakının təklifindən də danışılıb.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Sabiq dövlət müşaviri Qabil Hüseynli bu faktları müsbət qiymətləndirir. Onun fikrincə, danışıqlar prosesinə Paşinyanın da qoşulması məsələnin kifayət qədər ciddi bir müstəvidə müzakirə edilməsindən xəbər verir: “Tərəflər təmas xəttində atəşkəsin qorunması barədə Düşənbədə əldə edilmiş şifahi razılaşmanı bir daha vurğulayıblar. Söhbət əsnasında qeyd olunub ki, atəşkəs rejiminin möhkəmləndirilməsi əsla münaqişənin dondurulması və ya status-kvonun saxlanması anlamına gəlməməlidir. Bu, o deməkdir ki, Rusiya danışıqlar prosesinin intensivləşməsinin tərəfdarıdır. Çünki Moskva danışıqlar prosesində və problemin həllində aparıcı rolunu itirmək istəmir. Məhz bu səbəbdən Rusiya hər iki tərəfi danışıqlar prosesində daha fəal iştiraka etməyə çağırır. Doğrudur, İrəvanın mövqeyi hələ də kifayət qədər formalaşmış deyil və tərəddüdlüdür. Çünki konstruktiv danışıqlara can atma hiss olunmur, lüzumsuz və mənasız qarşılıqlı kompromislərdən bəhs edilir. Azərbaycanın kompromis limiti çoxdan bitib, hər şey Ermənistanın danışıqlar prosesində tutacağı mövqedən asılıdır”.

Politoloqa görə, Qarabağla bağlı müzakirələrin yeni mərhələsi o zaman səmərəli nəticə verəcək ki, danışıqlar prosesi beynəlxalq hüquq normalarına uyğun aparılacaq və Azərbaycanın ərazi bütövlüyü məsələsi mübahisə predmeti olmayacaq. “Azərbaycanın Dağlıq Qarabağa öz ərazi bütövlüyü çərçivəsində təklif etdiyi status rəsmi Bakının danışıqlarda kifayət qədər konstruktiv mövqe tutduğunun əyani nümayişidir. Seçim Ermənistanındır. Hadisələrin necə cərəyan edəcəyi xeyli dərəcədə İrəvanın bundan sonra problemə yanaşmasından asılı olacaq”.

*****

Bu, şübhəsiz ki, belədir. Əgər ermənilərin mandat verdiyi, dəstəklədiyi, “demokratik” adlandırdığı yeni hakimiyyət də Qarabağ məsələsində konstruktiv mövqe tutmaqdan uzaq olacaqsa və üstəlik, bu mövqe erməni toplumunda müdafiə ediləcəksə, demək, Ermənistanda sülh istəyən, Azərbaycanla problemi dinc yolla nizamlamaya qadir siyasi qüvvə yoxdur. Qalır tək yol - müharibə. Bu mənada 2019 - böyük ehtimalla yəqinləşmə ili olacaq.

Xatırladaq ki, Azərbaycan Qarabağ məsələsində gedə biləcəyi ən böyük güzəşti çoxdan elan edib - bölgə ermənilərinə ən böyük muxtariyyət statusu vəd edib. Bundan o yana güzəşt olmayacaq, ərazimizdə ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt izin verilməyəcək. Ermənistanda xalq və siyasi elita nə qədər tez heç vaxt gerçəkləşməyəcək arzularla yaşamağa son verib reallıq hisslərinə qayıtsa, bir o qədər özləri üçün yaxşı olar...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR