Nikolun Türkiyə “hədəfi”: İrəvana cavab nə olacaq? - TƏHLİL

12-12-2018, 22:25 427 dəfə baxılıb

Nikolun Türkiyə “hədəfi”: İrəvana cavab nə olacaq? - TƏHLİL



Türkiyənin Ermənistanla sərhədləri açması, eləcə də diplomatik münasibətlərin yaradılması Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi, işğal edilmiş 7 rayondan erməni işğalçı qoşunlarının çıxarılması və əhalinin öz doğma yurd-yuvalarına qaytarılmasından asılıdır.

Bu sözləri açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır:

“Türkiyə tərəfi birmənalı surətdə bəyan edib ki, Ermənistanla münasibətlər o zaman yaxşılaşdırıla, sərhədlər açıla və diplomatik münasibətlər yaradıla bilər ki, Azərbaycan ərazisindən bütün erməni qoşunları çıxarılsın və Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Ermənistan Azərbaycanla normal qonşuluq münasibətləri yaradarsa, eyni münasibətləri Türkiyə ilə də yarada bilər”.

Politoloq ABŞ-ın Ermənistanın İranla sərhədləri bağlaması qarşılığında Türkiyəyə sərhədlərin açılması üçün təzyiq göstərə biləcəyi ilə bağlı iddialara da münasibət bildirib:

“İranla Ermənistanı sıx əlaqələr birləşdirir. İlk vaxtlar Ermənistan İranla tampon körpülərlə, sonralar isə dəmir konstruksiyalarla – xüsusilə Arazın üzərindən geniş ikixətli körpü vasitəsilə əlaqə saxlayıb. Bu körpü vasitəsi ilə İrandan Ermənistana lazım olan yeyinti məhsulları, məişət texnikası və s. göndərilir. Yəni İran Ermənistan üçün nəfəslik rolunu oynayır. Ermənistan İrandan həm qaz, həm də lazım olanda elektrik enerjisi alır. Bir neçə ay bundan əvvəl İrandan Ermənistana ikinci qaz kəməri də çəkildi. Əvvəldən kəmər vasitəsi ilə bu qazı Avropaya çıxarmağı düşünürdülər. Amma sonradan gördülər ki, bu plan coğrafi cəhətdən mümkün deyil. Eyni zamanda İran qazını ABŞ-ın təkidi ilə Avropa ölkələrinin heç biri istəmir. Amma bu qaz kəməri Ermənistanın ehtiyaclarını ödəyir. Üstəlik İran Rusiya ilə müqayisədə Ermənistana qazı təxminən 50 dollar daha ucuz satır. Belə olan təqdirdə İran Ermənistan üşün çox lazımlı tərəfdaşdır. Bundan imtina etmək, ABŞ-ın sanksiya tələblərinə boyun əymək heç vaxt mümkün olmayacaq. Ermənistanın buna gedəcəyini düşünmürəm”.

Politoloq vurğulayıb ki, Ermənistanın maraqlarına nə qədər uyğun olsa da, Türkiyənin sərhədləri açacağını düşünmür:

“Ermənistanın bu regionda iqtisadi əlaqələrini inkişaf etdirməyinin, blokada şəraitindən çıxmasının, normal ticari və iqtisadi münasibətlər qurmasının, eləcə də bölgədə bir sıra iqtisadi layihələrə qoşulmasının yeganə yolu Azərbaycanla müharibə vəziyyətinin aradan qaldırılmasından keçir. O da Azərbaycanın ərazi bütövlüyünə söykənən Dağlıq Qarabağ probleminin həll variantıdır. Ermənistan nə qədər ki bu varianta getməyəcək, tam olmasa da, blokadaya alınmış şəraitdə saxlanılacaq: ölkənin məhsuldar qüvvələri inkişaf etməyəcək, əhalinin gəliri artmayacaq, maddi güzəran yaxşılaşmayacaq. Bu səbəbdən də Ermənistan özünün militarist ambisiyalarının qurbanına çevriləcək. Bu nöqteyi-nəzərdən Ermənistan danışıqlar prosesində aktiv iştirak etsə, danışıqlar prosesinin substantiv şəkildə aparılmasına yardım etsə və beynəlxalq hüquq normalarına uyğun olaraq, münasibətlərin tənzimlənməsində maraqlı olsa, o zaman onlar qarşıya qoyduqları hədəfə nail ola bilər. Əks halda onları bundan da pis gün, münaqişənin silahlı yolla həll variantı gözləyir”.

Qeyd edək ki, 9 dekabr seçkilərinin dərhal ardından Paşinyan Türkiyə ilə heç bir şərt olmadan birbaşa əlaqələr qurmağa hazır olduqları ilə bağlı açıqlama verib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR