“Sarı jiletlər” Rusiyaya gəlir - Putin əndişədə...

14-12-2018, 08:55 387 dəfə baxılıb

“Sarı jiletlər” Rusiyaya gəlir - Putin əndişədə...


Qabil Hüseynli: “Bütün dünya Fransada baş verən hadisələrdən ibrət dərsi götürsə daha yaxşı olar”

Fransada start götürüb Avropanın digər qabaqcıl ölkələrinə yayılan “sarı jiletlilər” hərəkatı Rusiyanı da ağuşuna ala bilər. Prezident Vladimir Putin bundan ciddi narahatdır.

O, hüquq müdafiəçiləri ilə görüşündə narahatlığını gizlətməyərək açıq şəkildə “Siz istəyirsiz Rusiya üçün də belə bir təhlükə olsun?” deyib.

Əslində bu cümlədə gizli kodlar var. Ekspertlər Rusiya tipli ölkələrdə belə etirazların hər an baş verə biləcəyini qeyd edirlər. Şimal qonşumuzda “sarı jiletlilər” tipli hərəkat başlarsa, bunun MDB-nin digər ölkələrinə də yayılacağı iddiaları da var.

Sabiq dövlət müşaviri Qabil Hüseynli Rusiyada belə hadisələrin başlama ehtimallarını yüksək dəyərləndirir: “Rusiyada sosial gərginlik kifayət qədər böyükdür. Çünki Rusiya uzun müddətdir sürətlə silahlanma proqramını həyata keçirir. Bu proqram bir sıra sosial proqramların həyata keçirilməsinə ciddi əngəllər yaradır. Nəticə etibarı ilə əhalinin həm maddi güzəranı, dolanışıq səviyyəsi pisləşir. Cəmiyyətdə isə rüşvət, korrupsiya mühiti getdikcə genişlənir. Üstəlik də Rusiya tam şəkildə basqı altındadır. Bu basqı sanksiyalar və müxtəlif məhdudiyyətlər çərçivəsində özünü büruzə verir. Zənnimcə, şimal qonşumuz bir sıra ölkələrin milli təhlükəsizlik konsepsiyasına görə dünyada sülh və əmin-amanlığı təhdid edən başlıca ölkələrdən biridir. Ona görə bu ölkəyə qarşı müxtəlif sanksiyalar həyata keçirilir. Açıq şəkildə Rusiyanı küncə sıxışdırmağa çalışırlar. Ölkə daxilində Putin hakimiyyətindən də ciddi narazılıq var. Sorğulara görə Putinin reytinqi sürətlə aşağı düşməkdədir. Putinin hüquq müdafiəçiləri ilə görüşündəki etirafı onun göstəricisidir ki, o da yaxınlaşan təhlükəni hiss edir. Putin MDB-nin sammitində də bununla bağlı bir sıra məsələlərə toxunmuş və bu prosesləri terrorizm kimi qələmə verərək bunun MDB məkanına yaxınlaşdığını bildirmişdi. Yaxın zamanlarda olmasa da, həqiqətən şimal qonşumuz üçün bu təhlükələr müəyyən vaxtda ola bilər. Çünki Rusiya ictimai inkişafın qanunauyğunluğuna görə inkişaf etmir. Sanki Kreml tarixin təkərini geriyə döndərməyə çalışır. Ölkə avtoritar üsullarla idarə olunur, sürətlə silahlanmaya təkan verilir. Nəticə etibarı ilə ölkənin sovet dövründə olduğu kimi mənfi sonluğa doğru getdiyi hiss edilir. Xarici ölkələrin media orqanlarında bu məsələ daha dramatik şəkildə təqdim olunur. Bildirilir ki, Rusiyadakı mövcud vəziyyət ölkədə sosial partlayışa səbəb ola bilər”.


Əgər Rusiyada bu proseslər başlayarsa, bunun qonşu ölkələrə də sıçraması ehtimalına gəlincə, politoloq dedi ki, bu, ölkələrin necə idarə edilməsindən, sosial xarakterli məsələlərin necə həyata keçirilməsindən xeyli dərəcədə asılı olacaq: “Heç kimin ağlına Fransada o cür hadisələrin baş verəcəyi gəlmirdi. Bu nöqteyi-nəzərdən belə etirazlar günlərin bir günündə Rusiyanın da başı üzərini ala bilər. Bütün dünya Fransada baş verən hadisələrdən ibrət dərsi götürsə daha yaxşı olar”.



Politoloq Əhəd Məmmədli isə bildirdi ki, Putin öncə böyük ölkəsindən, sonra çoxlu milyardlarından narahatdır: “Putin hər yerdə, hər an təhlükə görür. Zatən bunun hesabına hakimiyyətə gəlib hökmranlığını indiyə qədər sürdürür. Tarix boyu rus hökmdarları böyük imperiya təfəkkürü hesabına dövləti idarə ediblər. Putinin də onlardan heç bir fərqi yoxdur. Zaman dəyişsə də, Rusiyanın mahiyyəti dəyişməz qalıb. Bu ölkəni çoxlu təhlükələr gözləyir. 20-yə yaxın muxtariyyəti olan ölkəni hər an təhlükə gözləyir. Ələlxüsus da avtoritar üsul-idarə ilə idarə edilən Rusiyanın zəif yeri çoxdur. Milli, dini zəmində qarşıdurmalardan tutmuş, korrupsiyaya qədər. Putinin narahatçılığına təəccüblənmək lazım deyil. ”Narıncı", “məxməri” inqilabdan tutmuş vətəndaş müharibəsinə qədər Rusiyada hər an hər şey ola bilər. “Sarı jiletlər” Rusiyaya gələrsə, bu, bütövlüklə regionu bürüyə bilər".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR