Hakimiyyətə qarşı etirazlar artır, Nazarbayevi kim əvəzləyəcək?

1-03-2019, 12:52 312 dəfə baxılıb

Hakimiyyətə qarşı etirazlar artır, Nazarbayevi kim əvəzləyəcək?

Bu ilin əvvəllərindən başlayaraq Qazaxıstanı lokal da olsa etiraz aksiyaları bürüyüb. Müxtəlif regionlarda, o cümlədən paytaxtda insanlar sosial tələblərlə və ya hüquqlarının pozulması ilə bağlı tez-tez etiraz aksiyaları keçirirlər.

Ölkə üzrə Nursultan Nazarbayevin hakimiyyətindən narazılığın kəskin artması barədə danışırlar və belə görünür ki, Qazaxıstan prezidenti bu çağırışı qəbul edib. Bir neçə gün əvvəl o, hökuməti xalqın problemlərini həll edə bilməməkdə və əhalinin rifahının yüksəlməsinə dair vəzifələri yerinə yetirməməkdə ittiham edərək tam tərkibdə istefaya göndərib. Nazarbayev ölkədə narazılığın və etirazların genişlənməsinə görə hökumətin günahkar olduğunu elan edib.

Buna baxmayaraq narazılıq səngimir. Ötən gün Astanada hakim “Nur Otan” partiyasının mərkəzi qərargahının qarşısında etiraz aksiyası olub və toplaşanlar Nazarbayevin istefasını tələb ediblər. Neftçilər şəhəri, bir neçə gün əvvəl təhlükəsizlik qüvvələrinin güclü etiraz nümayişlərini qanla yatırdığı Janaozendə də vəziyyət gərgindir. Şəhərə ordu qüvvələrinin yeridildiyini, həbslər aparıldığı bildirilir. Komendant saatının elan ediləcəyi haqda xəbərlər var.

Orta Asiyanın iqtisadi baxımdan ən inkişaf etmiş ölkəsi sayılan Qazaxıstanda narazılığın artması Nazarbayevin hakimiyyətinin gələcəyi ilə bağlı suallar yaradıb. Qazaxıstanlı politoloq Viktor Kovtunovski rusdilli Belsat.eu portalına müsahibəsində deyib ki, Nazarayev getmək istəmir, amma buna məcburdur. Onun fikrincə Qazaxıstanda Nazarbayevi kimin əvəzləyəcəyi məsələsini Kreml həll edəcək.

Kovtunovski deyir ki, Rusiya üçün yaxın nüfuz dairəsində faktiki olaraq sonuncu sadiq müttəfiqi Qazaxıstanı itirmək strateji səhv və böyük siyasi məğlbiyyət ola bilərdi. Onun sözlərinə görə, nə qədər Nazarbayev hakimiyyətdədir, bu haqda narahat olmaq lazım deyil.



“Lakin məsələ bundadır ki, 2020-ci ildə Nazarbayevin 80 yaşı olacaq. Və belə situasiyada hakimiyyətin spontan dəyişməsi şansı çox yüksəkdir. Belə proses isə həmişə idarəolunan deyil. Hakimiyyət uğrunda mübarizənin başlaması, siyasi sistemin destablizasiyası və s. mümkündür. Aydındır ki, belə situasiyada Rusiyaya loyal olmayan adam da hakimiyyətə gələ bilər. Ona görə də Kremlin gündəmində Qazaxıstanda hakimiyyət dəyişikliyidir”-Kovtunovski deyir.

Politoloq qeyd edir ki, əlbətdə, Nazarbayev hakimiyyəti vermək istəmir. Lakin Putinin əlində onu bu ssenarini qəbul etməyə məcbur etmək üçün alətlər var.

Kovtunovskinin fikrincə Kreml ilk növbədə iqtisadi təzyiq rıçaqlarından istifadə edə bilər. Qazaxıstanın iqtisadiyyatı Rusiyadan çox asılıdır . Bundan əlavə Avropa bazarlarına çıxışı Rusiya üzərindəndir.

İkini alət isə informasiya asılılığıdır. Qazaxıstan əvvəlki kimi Rusiya mediasının təsiri altındadır. İnternetdə də rusdilli sosial şəbəkələr və informasiya resursları dominantlıq edir. Bunu Astanada da başa düşürlər, amma informasiya məkanında vəziyyəti dəyişmək üçün hələlik kardinal addımlar atmaq imkanında deyillər.

“Ədalət naminə qeyd etmək lazımdır ki, Rusiya televiziyaları və rəsmi internet-resursları Akorda sarayına (Nazarbayevin iqamətgahı) , şəxsən Nazarbayevə loyal yanaşırlar. Lakin bu loyallıq istənilən an yoxa çıxa bilər. Belarus prezidenti Aleksandr Lukaşenkonun məsələsini yada salmaq kifayətdir. Lukaşenko Rusiyanın iqtisadi qərarlarını tənqid edən kimi NTV onu nüfuzdan salan sənədli filmi efirə verdi”-politoloq deyib.

Bəs Nazarbayevi kim əvəzləyə bilər? Bir çox analitiklər uzun müddətdir hesab edirlər ki, onun varisi qızı Dariqa Nazarbayeva ola bilər. Lakin Kovtunovski əmindir ki, prezident kürsüsünü senatın spikeri Kasımcomərt Tokayev əldə edəcək. Yeri gəlmişkən Konstitusiyaya əsasən əgər dövlət başçısı səlahiyyətlərini icra edə bilməsə onu senatın spikeri əvəz etməlidir.

Politoloq Tokayevin ötən il BBC-yə müsahibəsində dediklərini xatırladıb. Tokayev demişdi ki, Nazarbayev 2020-ci ildə səlahiyyətləri başa çatdıqdan sonra yenidən namizədliyini irəli sürməyəcək. Əgər həmin bəyanatdan sonra Tokayev yerində qalıbsa deməli bu ehtiyatlı siyasətçi bəyanatını Akorda ilə razılaşdırmışdı. (virtualazorg)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR