“Ermənistan vassal dövlət olmaqdan qurtulmalıdır” - “The Washington Times” qəzeti

28-03-2019, 08:42 446 dəfə baxılıb

“Ermənistan vassal dövlət olmaqdan qurtulmalıdır” - “The Washington Times” qəzeti

“The Washington Times” qəzetində “Jewish News Syndicate” nəşrinin keçmiş baş redaktoru Ceykob Kamarasın “Ermənistanda “məxməri inqilabın” hüdudlarından kənarda” sərlövhəli məqaləsi dərc olunub. Müəllif yeni baş nazir Nİkol Paşinyanın qeyri-ardıcıl siyasətini və Ermənistanın ağır siyasi və iqtisadi vəziyyətini təhlil edir.

Məqalədə qeyd olunur ki, özünü islahatçı və demokrat adlandıran Nİkol Paşinyanın Qarabağ müharibəsinin keçmiş militaristlərindən ibarət olan “köhnə qvardiyanı” kənarlaşdıraraq hakimiyyəti ələ keçirdiyi “məxməri inqilab” adlanan hadisənin ildönümü yaxınlaşır.

Müəllif xatırladır ki, Avropa ölkələri, həmçinin Ermənistanın ABŞ Konqresindəki qatı tərəfdarları Paşinyanı tərifləməyə başladılar. Kamaras əlavə edir ki, bununla belə, Ağ Ev və Dövlət Departamenti milli təhlükəsizlik üzrə müşavir Con Boltonun bu yaxınlarda həyata keçirdiyi səfərdən sonra Ermənistan hökumətinin yeni rəhbərinə kifayət qədər skeptik yanaşırlar. Regiona səfər etmiş ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun mövqeyini təhlil edən müəllif yazır ki, müşavir Cənubi Qafqazı Birləşmiş Ştatlar üçün strateji cəhətdən əhəmiyyətli region, Azərbaycan və Gürcüstanı ABŞ-ın etibarlı müttəfiqləri hesab etməklə yanaşı, siyasi cəhətdən müstəqil dövlət olmayan Ermənistanın hələ də bu “layiqli kluba” daxil ola bilmədiyi qənaətindədir.

Kamaras qeyd edir ki, Boltonun sözlərinə görə, müvəffəqiyyətin açarı qondarma və qeyri-qanuni “dövlət” yaratmaq adı altında Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi ilə nəticələnən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. Bu münaqişənin nizama salınması Ermənistanı transformasiya edə bilər və baş nazir Nikol Paşinyanın da öz inqilabi çıxışlarında vəd etdiyi kimi, onun müstəqillik, müasirlik və tərəqqi yoluna qədəm qoymasına şərait yaradar.

Müəllifin yazdığına görə, ekspertlər hesab edirlər ki, Cənubi Qafqaz öz regional potensialından hər üç ölkənin tam iştirakı ilə istifadə edə bilər. Beləliklə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunda müharibəyə son qoymalı, eyni zamanda, vassal dövlət olmaqdan qurtulmalı və tərəfdaşlığa səy göstərən davranış nümayiş etdirməlidir. Münaqişə Ermənistanın tarixində dərin iz buraxıb və bu ölkənin inkişafdan geri qalmasını, dərin yoxsulluğu, kəskin “beyin axınını”, ən əsası isə, onun digər dövlətlərdən əsaslı və köklü şəkildə asılılığını gücləndirib.

Kamaras əlavə edir ki, Ermənistan öz qonşularından nümunə götürə bilər. Neft və qazla zəngin olan Azərbaycan və təşəbbüskar Gürcüstan böyük iqtisadi inkişafdan bəhrələnirlər: neft və qaz kəmərləri, limanlar, Şərq-Qərb dəmir yolu, peyklər, turizm, təhsil, müasir səhiyyə, elm və incəsənət, habelə dünya ölkələri arasında layiqli yer bu nailiyyətlərdəndir. Lakin bir ildən sonra Paşinyanın erməni xalqına vəd etdiyi inkişafdan əsər-əlamət yoxdur. Bu ölkənin iqtisadiyyatı hələ də öz əlində deyil.(AzərTAc)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR