Bakıda adamı baqaja qoyub apardılar- Dili uzanıb, kəsmək lazımdır

22-09-2019, 13:40 291 dəfə baxılıb

Bakıda adamı baqaja qoyub apardılar- Dili uzanıb, kəsmək lazımdır



Bakı Ağır Cinayətlər Məhkəməsində cinayətkar aləmdə "Rafet Əlibayramlinski” ləqəbi ilə tanınan "qanuni oğru" Rafət Əmirovun qardaşı Rüfət Əmirovun rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvü, adam oğurluğuna cəhddə təqsirləndirilən Şirvan şəhər sakini, 24 yaşlı Əli Hüseynlinin məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, cinayətkar qrupun üzvləri –Kamil Əmirov, Elvin Cəfərov, Rüfət Kərimov, Elvin Hüseynov, Əli Hüseynli Rüfət Əmirovun sifarişi əsasında adam oğurluğu cinayəti törətməklə bağlı aralarında razılığa gəliblər.

Razılaşmaya əsasən, qrup üzvləri icarəyə avtomobil götürüblər, Elşən Günəşovun yaşadığı əraziyə gəliblər, onu izləyiblər, evdən çıxmasını gözləyiblər. 25 mart 2017-ci ildə saat təxminən 13 radələrində E.Günəşov evdən çıxaraq öz maşınına əyləşib və Biləcəri qəsəbəsinə gəlib. Dəstə üzvləri iki avtomobillə arxadan onu müşayət ediblər.

Sükan arxasında olan Kamil Əmirov Elşənin idarə etdiyi avtomobilin arxasında dayanaraq onun hərəkətini məhdudlaşdırıb. Daha sonrasa qəsdən maşını vurub. Bu zaman Əli Hüseynli, Elvin Hüseynov, Rüfət Kərimov, Elvin Cəfərov və Kamil Əmirov avtomobildən yerə düşərək Elşəni döyməyə başlayıblar. Rüfət Əmirovun ünvanına xoşagəlməz ifadələr işlətdiyinə görə cəzalandırmaq məqsədilə onu zorla avtomobilin yük yerinə qoyub naməlum istiqamətə aparıblar.



Bir qədər getdikdən sonra Elşən avtomobilin yük yerinin qapısını içəridən açaraq yerə düşüb qaçmaq istəyib. Ə. Hüseynli, R. Kərimov və E.Cəfərov yenidən onu döyərək maşının yük yerinə basıblar. Avtomobil hərəkətə gətirib uzaqlaşmaq istədikdə Elşən yenidən yerə düşüb və ətrafdakı insanları köməyə çağırıb. Daha sonra isə hadisə yerindən qaçaraq polisə şikayət etməyə müvəffəq olub.

Dəstə üzvləri hadisədən sonra saxlanılıblar. Rusiyaya qaçan Əli Hüseynli barəsində isə axtarış elan edilib. O, Rusiyada həbs olunub və ötən ilin dekabrın 28-də Azərbaycana təhvil verilib.

“Deyirdi ki, dili uzanıb, kəsmək lazımdır”

Təqsirləndirilən Əli Hüseynli ifadəsində dostları Elvin, Kamil və Rüfətlə görüşdüyünü, söhbət əsnasında Elvin Cəfərovun əslən Şirvandan olan, Bakıda yaşayan Elşən Günəşovu tapıb döymək lazım olduğunu dediyini göstərib: “Elvin deyirdi ki, Elşən ağzını boş-boş qoyub nə gəldi danışır, kimlərinsə ünvanına söyüş söyür, dili uzanıb, kəsmək lazımdır. Həmçinin, Elşənlə Rüfət Əmirov arasında Fərid Vəliyevlə bağlı telefonda mübahisə olduğunu, bir-birlərini söydüklərini deyirdi. Rüfət də telefonda Elşənə deyib ki, ona özünün kim olduğunu yaxın vaxtlarda göstərəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR