Ağcabədinin bir kəndində üst-üstə iki dəhşətli ölüm işi - TƏFƏRRÜAT

13-03-2020, 14:46 185 dəfə baxılıb

Ağcabədinin bir kəndində üst-üstə iki dəhşətli ölüm işi - TƏFƏRRÜAT

Ağcabədinin Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Günay Quliyevanın martın 10-u saat 16 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar etməsi barədə xəbər vermişdik. G.Quliyevanın dayısı Publika.az-a bildirmişdi ki, mərhumun başında iki deşik açılıb, bədəni də döyülməkdən gömgöy olub. Onun sözlərinə görə, ailə əvvəldən problemli olub: “Günay dəfələrlə qayınatası və həyat yoldaşı tərəfindən döyülüb, işgəncələrə məruz qalıb. O, ölümündən 3-4 gün əvvəl atasıgildə olub. Xəstələnmişdi, ata evində müalicə alırdı. Deyilənlərə görə, evinə qayıdandan sonra özünü asıb. Ora qayıdandan sonra aralarında nə söz-söhbət olub, bilmirik”.

Qeyd edək ki, G.Quliyeva dörd uşaq anası olub. Onun ən kiçik övladı yeddi ay əvvəl dünyaya gəlib.

Prokurorluğun yaydığı məlumatda isə bildirilirdi ki, martın 10-da Ağcabədi rayonu, Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Günay Şəmilovanın yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü iplə asaraq intihar etməsi barədə daxil olub məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı alnında iki ədəd sıyrıq, döş qəfəsi və boynunun ön səthində qançırlar, sağ qolunda cızıq və hər iki baldırın ön səthində ləkələr aşkar edilib: “Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, mərhumun bədənində aşkar edilən xəsarətlər onun ölümündən bir neçə gün əvvəl əmələ gəlməyə xarakterikdir. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb".

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Günay Şəmilovanın 2010-cu ildən rəsmi nikah münasibətinə girib evləndiyi Etibar Şəmilov tərəfindən ailə-məişət zəminində aralarında yaranan mübahisə zamanı mütəmadi olaraq döyülüb amansız rəftar edilməklə ləyaqətinin alçaldılması nəticəsində özünü öldürmə dərəcəsinə çatdırılaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Etibar Şəmilov cinayət işi üzrə martın 11-də şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Maraqlıdır ki, fevralın 11-də də Ağcabədi rayonunun Təzəkənd kəndində daha bir dəhşətli qətl törədilmişdi. Valeh Cəfərov evində münaqişə zəminində oğlu Turalı qətlə yetirmişdi. “Tural qardaşım Valehə 20 il dağ çəkib. Qarlı havada qardaşımı lüt soyundurub, özü də evdə oturub, siqaret çəkib müşahidə edirdi. Deyib ki, oradan tərpənsən öldürərəm”.

Baku.ws xəbər verir ki, bu sözləri Valeh Cəfərovun qardaşı Novruz Cəfərov deyib. Onun sözlərinə görə, Valeh bu əməli etməyə məcbur qalıb: “20 ildən artıq idi ki, qardaşım buna dözürdü. Anasını təhqir edirdi. Ata öz ailəsinin təhqir olunduğunu, söyüldüyünü görürdü və ayrı yol seçə bilmədi. 20 il Turala yol axtardı. Amma alınmadı. Həmin gecə evə içkili gəlib. Oturub yeyib-içib, sonra anasını və atasını təhqir edib.

Ata baxıb ki, oğul bunu öldürəcək. Gedib öz yatağında yatıb. Tural atasını yerindən qaldırıb ki, yanıma gələcəksən. Deyib ki, gəlməsən, səni yatdığın yerdə öldürəcəm. Artıq bu təhqirlərə doymuş ata bir zərbə ilə oğlunu öldürüb".

Təzəkənd kənd icra nümayəndəsi Rizvan Şıxəliyev APA-ya açıqlamasında bildirib ki, T. Cəfərov əvvəllər həbs həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra isə xuliqanlıq əməlinə görə dəfələrlə saxlanılıb: “Tural Cəfərov həbsdən çıxdıqdan sonra bacılarını, anasını döyürdü. Tüfeyli həyat tərzi keçirirdi. Atası Valeh Cəfərov Əsəb Dispanserində qeydiyyatdadır. Hadisə baş verən gün Tural içkili vəziyyətdə evə gəlib, bacılarını döyüb, qızlar evdən qaçdıqdan sonra anasını döyüb. Anası qonşularının evində gizlənib. Atası ilə mübahisə etdikdən sonra onu döyməyə çalışıb. Bu zaman atası əlinə keçən dəhrə ilə onu vuraraq öldürüb”.

Şıxəliyev onu da bildirib ki, hadisə ilə bağlı kənd ağsaqqalları hüquq-mühafizə orqanlarına müraciət edərək V. Cəfərovun məsuliyyətə cəlb olunmamasını istəyiblər.
“Yeni Müsavat”
0


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR