Naxçıvanın tanınmış məmurunun 230 minini ələ keçirən şəxs deputatın qardaşını da aldadıbmış - TƏFƏRRÜAT

26-12-2020, 17:07 164 dəfə baxılıb

Bakıda sabiq məmura qarşı külli miqdarqa dələduzluq edilib. Uzun müddət Naxçıvan Ali Məclisinin deputatı olan və Naxçıvanda müxtəlif rəhbər vəzifələr tutmuş Nəsrulla Bayramovun 230 min manatı ələ keçirilib.

Musavat.com xəbər verir ki, Nəsrulla Bayramovun aldadılmasının ilginc təfərrüatları var. İş görmək adı ilə 230 min manatını Bağırov Elçin Səmid oğluna verən Nəsrulla Bayramov bir neçə ay sonra aldadıldığını öyrənib.

Nəsrulla Bayramovu iş görmək adı ilə Elçin Bağırovla Habil Əliyev adlı şəxs tanış edib. Elçin Bağırov Nəsrulla Bayramovdan bir ay ərzində ayrı-ayrı məbləğlərdə ümumilikdə 230 min pul alıb.

Razılığa əsasən Elçin Bağırov ucuz qiymətə aldığı armaturu tikinti şirkətlərinə sataraq qazanc əldə edəkmiş. Əldə olunan gəlir isə Nəsrulla Bayramovla bölünəcəkmiş. Nəsrulla Bayramov Elçinə pulu verdikdən sonra armaturların hansı tikinti şirkətinə veriləcəyini də soruşub. Bu zaman Elçin Bağırov Nəsrulla Bayramovu Bakıda tikintisi davam edən iki hündürmərtəbəli binanın qarşısına aparıb. Tikinti şirkətlərinin rəsmi şəxsləri ilə görüşməyiblər, amma Elçin Bağırov armaturları həmin şirkətlərə satacağını və artıq danışıqların baş tutduğunu deyib.

Bir ayın tamamında Elçin Bağırov vəd etdiyi qazancı Nəsrulla Bayramova çatdırmayıb. Aralarında olan danışıqda Nəsrulla Bayramova bir neçə bəhanə deyərək vaxt qazanıb. Həmin ərəfədə Nəsrulla Bayramov Elçin Bağırovun göstərdiyi tikinti şirkətlərinə gedib. Oradan Elçin Bağırovun onlara armatur satıb-satmadığını soruşub. Məlum olub ki, Elçin Bağırovun armatur biznesi yalan imiş və Elçin adlı şəxsi də tanımırlar.

Elçin Bağırov yalanları üzə çıxdıqdan sonra deyib ki, Rüfət adlı şəxs onu aldadaraq pulunu ələ keçirib. Amma Rüfət adlı şəxsin kim olduğunu, harada olduğunu, nə işlə məşğul olduğunu da pulun sahibi Nəsrulla Bayramovdan gizlədib.

Nəsrulla Bayramov pulunu geri ala bilməyəcəyini başa düşdükdən sonra rəsmi qurumlara müraciət edib. Prokurorluğa üz tutan Nəsrulla Bağırov öyrənib ki, bu, Elçin Bağıovun ilk dələduzluq əməli deyil.

Elçin Bağırov daha əvvəl də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda) törədilikdə maddəsi ilə təqsirləndirilərək həbs edilib.

Musavat.com-un araşdırması zamanı məlum olub ki, Elçin Bağırovun daha əvvəl aldatdığı şəxs deputatlardan birinin qardaşıdır. Bu haqda daha ətraflı növbəti yazımızda qeyd edəcəyik.

Nəsrulla Bayramovun prokurorluğa müraciəti Yasamal Rayon Polis İdarəsinə göndərilib. Lakin Elçin Bağırov barəsində cinayət işi başlamayıb. Nəsrulla Bayramov da zərərçəkmiş kimi tanınmayıb.

Müstəntiq qərarında göstərib ki, Elçin Bağırov pulu Nəsrulla Bayramovdan yox, Habil Əliyevdən aldığını deyir. Lakin Habil Əliyevin də zərərçəkmiş kimi tanınması mümkün olmayıb. Əsas kimi də 230 min manatın dələduzluq yolu ilə ələ keçirilməsi yox, uğursuz biznesə görə “batdığı” göstərilib.

Nəsrulla Bayramov isə pulu şəxsən özü tərəfindən Elçin Bağırova verildiyini deyir və bunu sübuta edən faktlarının olduğunu bildirir:
“Bütün səs yazılarını istintaq orqanına təqdim etmişəm. Elçin Bağırov Habil Əliyevlə danışığında dəfələrlə pulu məndən aldığını etiraf edir. Mənə “dayı” deyərək müraciət edir və səs yazıları da buradadır. Hətta borcumun qarşılığında mənə mənzil də təklif edir. Elçin Bağırov ev alqı-satqısı ilə məşğuldur. Elə bu işlə də bir neçə nəfərə qarşı dələduzluq edib. Bu adamı kimlərin himayə etdiyini bilmirəm. Bir dəfə dələduzluğa görə məhkumluq həyatı yaşayıb. Mən prokurorluğa şikayət edəndə başqa bir cinayət işinin açıldığını da öyrəndim. İndi mənimlə bərabər başqa bir zərərçəkmiş də var. Zərərçəkmişlərin sayı çoxalır. İlk hökmündə isə 14 nəfərə qarşı dələduzluq etmişdi. Bu adamı həbsdən kim qoruyur?”.

Bundan başqa Nəsrulla Bayramov deyir ki, Elçin Bağırovun ondan pul almasını atası da təsdiq edir: “Mən Elçinin atası ilə bir neçə dəfə görüşdüm. Oğlunun pulumu qaytarmadığını dedim. Atası da şəxsən özü mənim yanıma gəlib. Elçindən şikayət etməməyim, ona vaxt verməyim üçün məndən vaxt istəyib. Mən də razılaşmışam. Əgər müstəntiq istəsə onun atasını, qardaşını çağırıb bu haqda soruşa bilər. Elçinin özü də Habil vasitəsi ilə mənə xəbər göndərib ki, şikayət etməyim. Elçinin məndən pul aldığını təsdiq edən əlyazması da var. Bunu da müstəntiqə təqdim etmişik. Elçin hər işə bir bəhanə, bir variant tapa bilir. Yalandan dedi ki, guya əlyazmanı Habil Əliyev ona təzyiqlə yazdırıb. Amma ekspertiza bunu təkzib etdi. Sonra dedi ki, Habilə göndərdiyi etiraf səs yazılarını da təzyiqlə deyib. Bunların da yalan olduğu məlum oldu. Hətta görüntülü danışıq da var. Üzbəüz dindirilmədə Elçin özü etiraf edib ki, Habil Əliyev ona heç bir təzyiq etməyib. Mən indi başa düşə bilmirəm ki, dəfələrlə dələduzluq etmiş, hazırda üzərində sınaq müddəti qoyulmuş bir şəxs mənim 230 minimi ələ keçirdiyi halda bunu necə “uğursuz buznes” adlandırmaq olar? 230 min manatın böyük hissəsini başqa şəxslərdən almışam. Onlar da məndən pulunu istəyir. Mən də onlara deyim ki, bu, uğursuz bines olduğu üçün pullarınız “batdı”? Onda hamı kimdənsə pul alsın, desin ki, uğursuz biznesdir? Bu adam dəfələrlə eyni əməlləri törədib. Onun bir sözü ilə cinayət işi açılmır, biz zərərçəkmiş kimi tanınmırıq. Amma biz bu qədər faktlar, sübutlar təqdim edirik, amma nəzərə alınmır. Elçin Bağırov peşəkar dələduzdur. Bu adam rəsmi qurumları da aldadır. Hətta Bakı Şəhər baş Polis İdarəsinə müraciət etmişdi ki, guya Habil Əliyev onu ölümlə hədələyir. Habil Əliyev polisə dəvət edildi və müəyyən edildi ki, Elçin Bağırov yalan danışır.

Baş Prokurora, Bakı şəhər prokuroruna müraciət etmişəm. İstintaq obyektiv şəkildə aparılmır. Əlavə şahidlərin dindirilməsi üçün vəkilimin verdiyi vəsatətlər təmin olunmur.

Müstəntiq Pünhan Əbilova üzləşdirmə istintaq hərəkəti keçirildikdən sonra zərəçəkmiş şəxs qismində tanınmağım barədə vəsatət verəcəyimi bildirdim. Pünhan Əbilov dedi ki, onsuz da məni zərərçəkmiş şəxs qismində tanımayacaq. Müstəntiq müəyyən istintaq hərəkətləri keçirməmişdən Elçin Bağırov barəsində cinayət işinin icraatına xitam veriləcəyini haradan bilə bilər?”.

N.Bayramov qeyd edir ki, hüquqlarının bərpası üçün aidiyyatı qurumlara müracitələrini davam etdirir.

Mövzu ilə bağlı Elçin Bağırovla əlaqə saxlamağa çalışdıq. Lakin Elçin Bağırov zənglərimizə cavab vermədi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR