Dostların kafedə davası: "Bilsəydim sən burdasan..." - Təfərrüat

29-12-2020, 00:09 178 dəfə baxılıb

Abşeron rayonunda cinayət törətməkdə təqsirli bilinən Laçın şəhər sakini, 1983-cü il təvəllüdlü Natik Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xırdalan şəhərində yerləşən "Fresko" marketin qarşısında Natik Cəfərov tanışı Zaur Qafarovla telefon zənglərinə cavab verməməsi və onunla pivə içməyə getməməsi səbəbindən mübahisə edib.

Mübahisə zamanı Natik Cəfərov Zaur Qafarovun sifət nahiyəsinə yumruqla zərbə vuraraq, ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Natik Cəfərovun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Natik Cəfərov bildirib ki, Zaur Qafarovu 5 ildir tanıyır: "Münasibətimiz həmişə yaxşı olub. Xırdalanda köhnə bazar tərəfdə Zaur və tanışım Xəlillə görüşdük. Zaurun təklifi ilə pivə içməyə getdik. Ona üzərimdə pul olmadığını bildirdim. Zaur mənə narahat olmamağı söylədi.

Birlikdə köhnə bazar yaxınlığında kafeyə getdik, pivə içdik. Təxminən 2 saat həmin kafedə oturduq və Zaur bir anlıq kafedən çölə çıxdı, daha geri qayıtmadı. Özüm və Xəlil bir neçə dəfə Zaura zəng vurduq. O, zənglərə cavab vermədi və telefonu söndürdü. Mənim və Xəlilin pulu olmadığından hesabı ödəyə bilmədik.

Bundan sonra Xəlil pul tapmaq üçün harasa getdi. Mən isə kafedə qalaraq Xəlilin gəlməyini gözlədim. Xəlil gəlib hesabı ödədikdən sonra birlikdə kafedən çıxdıq. Lakin Zaurla əlaqə saxlaya bilmədik".

Natik Cəfərovun sözlərinə görə, saat 21 radələrində tanışı Raminlə birlikdə olduğu zaman Zaura zəng vurub: "Onun hərəkəti mənə çox pis təsir etmişdi. Mənim telefon zənglərimə yenə cavab vermədi. Bu dəfə Ramin Zaura zəng vurdu, Zaur telefona cavab verərək Xırdalanda "Fresko" marketə yaxınlaşdığını bildirdi.

Zaur məni Raminin yanında görən kimi əsəbi halda "Bilsəydim Natik buradadı heç gəlməzdim" sözlərini bildirdi. Həmin zaman Ramin birlikdə pivə içməyi və Zaurla mənim aramızda olan anlaşılmazlığı aradan qaldırmaq istədi. Zaur kobud danışaraq əli ilə məni göstərdi ki, bununla heç yerə getmərəm. Aramızda sözlü mübahisə baş verdi, mübahisə zamanı Zaur əli ilə çiynimdən itələdi. Mən də əsəbiləşdim, əlimlə onun çənəsindən vurdum. Ramin bizi araladı və Zaur harasa getdi. Sonradan mənə məlum oldu ki, baş vermiş hadisə zamanı Zaurun çənəsi sınıb. Hazırda Zaurla barışmışam, törətdiyim əməldən peşmanam".

Abşeron rayon Məhkəməsinin hökmü ilə Natik Cəfərov 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR