Azərbaycanda musiqi müəllimləri direktoru səs yazıları ilə şantaj etdilər — ŞOK HADİSƏ

30-12-2020, 11:13 181 dəfə baxılıb

Azərbaycanda musiqi məktəbinin direktorunu şantaj etməkdə təqsirli bilinən Ağdam rayonu Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbində tar müəllimi işləmiş Rafiq Aslanov və Ağdam rayonu Güllücə kənd Uşaq Musiqi Məktəbində qarmon müəllimi işləyən Namiq Baxışəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rafiq Aslanov və Namiq Baxışəliyev tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaq hədəsi ilə onun xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb ediblər.

Belə ki, Rafiq Aslanov tamah niyyəti ilə Ağdam rayonu Güllücə kənd Uşaq Musiqi Məktəbində qarmon müəllimi işləyən qrup yoldaş Namiq Baxışəliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 27 may 2019-cu il tarixdə saat 14 radələrində Ağdam rayonu Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Yeganə Vəliyevanın özlərində olan sonuncuya məxsus səs yazılarını yayıb, müxtəlif instansiyalara, o cümlədən hüquq-mühafizə orqanlarına göndərib, rüsvay edəcəkləri ilə hədələyiblər.

Onlar Yeganə Vəliyevadan 25 000 manatı Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən “Azərsu” ASC-nin inzibati binasının qarşısında hədə-qorxu ilə tələb ediblər.

İstintaq orqanı tərəfindən Rafiq Aslanov və Namiq Baxışəliyevin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Aslanov 6 il 6 ay, Namiq Baxışəliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Hər iki təqsirləndirilən şəxs barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Rafiq Aslanovun cəzası 6 ilə, Namiq Baxışəliyevin isə cəzası 5 ilə endirilib.

Bu qərardan narazı qalan Rafiq Aslanovun vəkili kasasiya şikayəti verib. Kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Şahin Yusifovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Rafiq Aslanovun vəkilinin verdiyi kasasiya şikayəti təmin olunmayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR