Bakıda baş mühasib falçıya 324 mini necə verdi – Təfərrüat

31-01-2021, 21:41 257 dəfə baxılıb

Bakıda külli miqdarda mənimsəmədə ittiham edilən qadın hakim qarşısına çıxarılır. Qadının çalışdığı şirkətdən götürdüyü pulları kimə verməsi ilə bağlı ilginc məlumatlar var.

İradə Məmməd qızı Yaroslavkina Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılır.

Onun barəsində olan cinayət işinə hakim Əli Məmmədovun sədrliyi ilə baxılır.

İttihama görə İradə Yaroslavkina mühasib və baş mühasib kimi çalışdığı HYD MMC-nin 273 min 478 manatını mənimsəyib.

Hazırda onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

İradə Yaroslavkina şirkətdən çıxardığı pulları falçı kimi tanıdığı Vüsalə Namazova adlı qadına verdiyini etiraf edib. Həmçinin İradə Yaroslavkina iddia edir ki, bu işdə Vüsalə Namazovaya əri Salman Namazov və oğlu Rafael də kömək edib.

Onun sözlərinə görə, Vüsalə Namazova ona psixoloji təzyiq göstərməklə, qorxutmaqla və etibarından sui-istifadə etməklə külli miqdarda pulunu ələ keçirib.

İradə Yaroslavkina Falçı Vüsaləni necə tanıyıb?

Vüsalə Namazova ilə İradə Yaroslavkinanı qonşusu Əsli adlı xanım tanış edib.

Belə ki, İradə Yaroslavkina qardaşı Lətifin ailəsində və işində problem yarandığı haqda qonşusu Əsli adlı qadınla danışıb və bu məsələni falçı vasitəsi ilə "həll” etməyi düşünüb. Əsli adlı qonşusu ona Falçı Vüsaləni məsləhət görüb. Falçı Vüsalə İradə Yaroslavkinanın qardaşına edilən cadunu pozmalı imiş.

İlkin danışığa əsasən birinci mərhələdə Falçı Vüsaləyə 1034 manat, ikinci mərhələdə 550 manat, sonrakı mərhələlərdə isə daha aşağı məbləğdə vəsait ödənəcəkmiş.

İradə Yaroslavkina deyir ki, ilk mərhələlərdə qardaşının problemləri nisbətən düzəlməyə başlayıb və bunu Falçı Vüsalənin məharəti kimi qəbul edib.

Bundan sonra Falçı Vüsalə İradə Yaroslavkinaya bildirib ki, bu cadu onun ailəsinə, uşaqlarına keçə bilər və bunun qarşısını indidən almaq lazımdır.

"Vüsalə mənə dedi ki, bu caduların qarşısı alınmasa qardaşım ölə, mən və uşaqlarım yataq xəstəsi ola bilərik. Onun tələblərini yerinə yetirməməkdən qorxurdum. Çünki ona tam olaraq inanmışdım. Sonra mənim nağd pulum olmadığı üçün Vüsalə guya kimlərdənsə mənə faizə pul tapırdı. Mən də aldığım maaşla faizi verir, bankdan kredit götürüb qaytarırdım”, – deyə İradə Yaroslavkina şirkətin pullarını hara xərcləməsi ilə bağlı izahında deyir.

İşin maraqlı tərəfi budur ki, İradə Yaroslavkina Falçı Vüsaləyə təkcə pul verməyib. Qızıl-zinət əşyaları, corab, müxtəlif danışıq kartları, şirniyyat, ətir, yumurta və başqa əşyalar da Falçı Vüsalə tərəfindən ondan tələb edilib və alınıb.

İradə Yaroslavkina deyir ki, ümumilikdə 51 min manat öz pulunu, 273 min manat da çalışdığı şirkətin pulunu nağd şəkildə və ya digər əşyaların alınması üçün Falçı Vüsaləyə verib.

Hazırda məhkəmədə barəsində olan cinayət işi üzrə araşdırma davam edən İradə Yaroslavkina bildirir ki, Falçı Vüsalənin əməlləri barədə dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib. Amma heç bir tədbir görülmür.

Onun sözlərinə görə, Falçı Vüsalə ilə onun arasında olan telefon danışıqları, yazışmalar bütün faktları ortaya qoyur.

 


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR