Azərbaycanda ilginc olay: Hakimin atasının məzarına şikayət olundu - TƏFƏRRÜAT

3-03-2021, 09:30 165 dəfə baxılıb

Bakı Apellyasiya Məhkəməsinin hakimi "Biləcəri təmir-quraşdırma” QTSC-nin mülkiyyət hüququnun tanınması barədə Azərbaycan Konstitusiya Məhkəməsinin qəbul etdiyi iki qərarına tüpürüb...

"Təzadlar”ın ötən sayında "Cənnət Park” MTK-nın "Biləcəri təmir-quraşdırma” QTSC-nin mülkiyyətində olan metal boruları ələ keçirməsi cəhdi ilə bağlı artıq 6 ildir məhkəmə çəkişməsi barədə məlumat vermişdik. Yazıda qeyd edilmişdi ki, "Cənnət Park” MTK-nın haqsız və ədalətsiz iddiallarına, hətta Azərbaycan Konstitusiya Məhkəməsinin Prlenumu da yekun qərarı ilə nöqtə qoyub.

Yəni, Konstitusiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarında (rəsmi qəzetlərdə dərc edilib) bir daha qeyd olunmuşdur ki, "Cənnət Park” MTK-nın "Biləcəri təmir-quraşdırma” QTSC-yə qarşı iddiaları qanunsuz və əsassızdır, saxta sənədlərlə bir sıra məhkəmə instansiyalarında hakimlərin qanundankənar qərarları ilə bu həddə gətirilib çıxarılıb və s. Nəhayət, Konstitutsiya Məhkəməsinin həmin qərarlarından sonra Azərbaycan Ali Məhkəmənin Plenumu öz əsassız, sifarişli, telefon zəngi ilə qəbul edilmiş qərarını 15.IX.2020-ci il tarixdə özü ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdi... Güman və inam var idi ki, İman Nağıyevin sədri olduğu Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Afər oğlu Yusifovun sədrliyi ilə fevralın 25-də (təsadüfə baxın, ermənilərin Xocalıda törətdiyi soyqırımın 29-cu ildönümündə) keçiriləcək məhkəmə iclasında 6 illik qalmaqallı işə hakimin vicdanının səsi ilə nida qoyulacaq.
Biz "nöqtə” demədik, "nida” dedik. Çünki bu işə nöqtəni Konstitutsiya və Ali məhkəmələr artıq qoymuşdular. Amma...
Bəli, deyirlər, sən saydığını say, gör sədrinin adında iman sözü olan hakim nə sayır... Və bəlli oldu ki, hakim Cahangir Afər oğlu Yusifov nəyi və ya kimi saysa da, adından qərarlar qəbul etdiyi və ailəsinə hər ay yüksək məbləğdə maaş apardığı dövlətini və bu dövlətin qanunlarını saymır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov "Biləcəri təmir-quraşdırma” QTSC-nin mülkiyyət hüququnun tanınması barədə Azərbaycan Konstitusiya Məhkəməsinin qəbul etdiyi iki qərarına (eləcə də Ali Məhkəmənin) tüpürərək hansısa məmurların haqsız iddialarını, "mənəm-mənəmlik”lə müşaiyət edilən, bir kollektivin

6 ildir vaxtını alan... qərara imza atdı.Allahsız yerdə otur, imansız yerdə oturma...

Atalarımız əsrlərin sınağından çıxmış bu ifadəni elə-belə deməyib. Çünki sədrinin adında "iman” sözü olan Bakı Apellyasiya Məhkəməsinə hamı inam bəsləyib, iman gətirib ki... Ki, orda adında iman sözü olan sədr İman Nağıyev var, onun 14 ildir sədrlik etdiyi məhkəmədə Allahsızlıq və imansızlıq ola bilməz!!! Amma biz nə qədər tərifləsək də, əməllərinə göz yumsaq da, Azərbaycan vəkillik institutu və ictimaiyyət bu məhkəmədə hansı ədalətsiz və sifarişli qərarlar qəbul olunduğunu unutmur.
Amma tələsməyək, atalarımız həm də deyib ki, haqq nazilsə də, üzülmür! Faktdır ki, Bakı Apellyasiya Məhkəməsində haqqı dartıb- nazildib nəinki dibindən üzmək, hətta kökündən qoparıb zibilliyə atmaq istəyirlər. Görünür, o haqqı yazanlardan biri, Prezident İlham Əliyevin səbri ilə oynayanlar var. Prezident isə hələ ötən illərdə Paşinyan hakimiyyətində at oynadanlara "Səbrimiz tükənməz deyil...” demişdi. Və ötən ilin sentyabrın 27-də o səbr daşdı, Azərbaycan Ordusu 44 günlük müharibədə Ermənistanı diz çökdürdü, torpaqlarımızdan iti qovan kimi qovdu!
İndi təbii sual verilir: cənab sədr, cənab hakimlər, Prezident indi ilin-günün bu vaxtında sizlərə müharibə elan etsin?! Axı yuxarıda dedik, düşmənə müharibə elan edirlər, sizlər özünüzü bu dövlətin düşmənləri yerinə qoymusunuzsa, qərar sizlərindir! Başqa nə deyək...
Amma bizim deyəcəklərimiz sonra olacaq. Hələlik isə söz "Biləcəri təmir-quraşdırma” QTSC-nin kollektivinindir. Kollektiv isə hakim Cahangir Yusifovun bu ədalətsiz, haqsız və Allaha da ağır gedən qərarı ilə bağlı hakimin Şəkidə dəfn edilmiş atasının ruhuna şikayət yazıb. Aşağıda həmin şikayətnaməni təqdim edirik:
"Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Afər oğlu Yusifova!
Cənab hakim! Sizə müraciət edən "Biləcəri təmir-quraşdırma” QTSC-nin kollektividir. Bilirsiniz ki, 6 ildir "Biləcəri təmir quraşdırma” QTSC-yə qarşı olan və bizə məxsus metal borulara "Cənnət Park” MTK-nın ədalətsiz və haqsız olan iddiaları ilə bağlı məhkəmələr keçirilir. Sizin kimi hakimlərin Allahsız hərəkətləri sayəsində 6 ildir vaxtımız itib, ailəmizə çörək aparacağımız həmin metal borular yağışın-qarın altında qalaraq çürüyüb məhv olmaqdadır. Nə istəyirsiniz? Tələbiniz nədir? Azərbaycan Konstitusiya Məhkəməsinin iki Plenum qərarı, Ali Məhkəmənin Plenumunun qərarları sizə ədalətli yol tutmaq üçün bəs deyil?
Cənab Cahangir Afər oğlu Yusifov! Adətən problemi olan yüksək rütbəli məmurlara şikayət yazır. Biz sizdən kimə şikayət yazaq? Yazmalı və üz tutmalı məmurlar sizə qanunsuz qərarı qəbul etməyə tapşırıq veribsə, bu fikirdən daşınmalı olduq. Düşündük ki, əli hər yerdən üzülən sonda uca Tanrıya üz tutur. Biz də belə qərara gəldik ki, sizin bu Allahsız və ədalətsiz qərarınızdan uca Allahın dərgahında-haqq dünyasında olan mərhum atanız Afər kişinin ruhuna şikayət edək. Bunun üçün iki gün əvvəl molla götürüb qəbiristanlığa getdik. Molla rəhmətlik atanızı yaxşı tanıyırdı, dedi, qəbir üstünə gələnlər danışır ki, bu kişi çox rəhmdilli, ədalətli insan olub. Biz də atanızın ruhuna Quran tapşırıb məzarının üstünə bir məktub qoyduq. Kollektivimiz adından yazılmış məktubda deyilir: "Afər kişi! Allah sizə rəhmət eləsin! Siz çox ədalətli və imanlı insan olmusunuz. Lakin sizin oğlunuz Cahangir Yusifov bizim kollektivə qarşı Azərbaycanın məhkəmə tarixində olmayan ədalətsizliyi etdi. O, Azərbaycan Konstitutsiya Məhkəməsinin qəbul etdiyi qərarları belə saya salmadı, vecinə almadı, öz bildiyini etdi. Amma bizim də bildiyimiz çox şeylər var... İstintaqda deyiləcək... Allah sizə rəhmət eləsin, Afər kişi! Amma təəccüb qalmışıq ki, bəs sizin kimi ədalətli, imanlı bir insanın ailəsində belə ədalətsiz oğul necə böyüyüb, indi hakim olub? O, dövlətmizin adından qərar çıxardır, amma dövlətimizin qanunlarını, Konstitusiya qanunlarını saya salmır??? Bunu bilmək istəyirik.
Hörmətlə: "Biləcəri təmir-quraşdırma” QTSC-nin kollektivi”.
Cənab Cahangir Afər oğlu Yusifov! Biz kollektiv olaraq qərara aldıq ki, hər cümə axşamı atanızın müqəddəs ruhuna Quran tapşırıb mollaya yasin oxutduraq. O vaxta kimi ki, kələfini dolaşdırdığınız bu mülki işə dair qanunsuz qərarınıza özünüz əncam çəkəcəksiniz. Allahın amanında və imanında olun!”.
***
Xatırladırıq ki, qeyd olunan mübahisəli mülki işə dair Ali Məhkəmənin bir neçə qərarları var. Həmin qərarlarda qarşı tərəfin iddiasının kökü belədir ki, guya 16 saylı Tİİ Tresti ilə "Cənnət Park” MTK arasında nə vaxtsa müqafimlə bağlanıbmış və trestin sonuncuya külli miqdarda borcu olub, "Biləcəri Təmir-quraşdırma” QTSC-nin həmin trestə satdığı, amma hələ pulunu almadığı borular da trest tərəfindən "Cənnət Park”” MTK-ya satılıb və s. bütün saxta iddiaların kökü budur. Ali Məhkəmə isə bu mübahisəyə dair 30 iyun 2017-ci il tarixli sonuncu qərarında (iş № 2-2(102)-252(2017)) konkret olaraq yazır: "...16 saylı Tİİ Tresti ilə "Cənnət Park” MTK arasında bağlanmış müqavilənin özündə də qeyd edildiyi kimi, müqavilə bağlandığı andan deyil, "Cənnət Park” MTK tərəfindən 2.099.200 manat məbləğində pul vəsaiti nağd olaraq 16 saylı TİİT-yə verildikdən sonra qüvvəyə minməli idi. Hər iki tərəf hüquqi şəxs olduğundan aparılmış bütün əməliyyatlar, o cümlədən böyük məbləğdə pul vəsaitinin borc olaraq başqa müəssisəyə verilməsi ciddi hesabat sənədi hesab edilən kassa məxaric orderi vasitəsilə rəsmiləşdirilməli, bu hər iki müəssisənin mühasibatlıq sənədlərində, hesabatlarında öz əksini tapmalı, mədaxil və məxaric əməliyyatları aparılmalı idi. Qeyd edilən halları təsdiq edən sübutlar olmadığı halda, borc müqaviləsi borcun real olaraq verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, "Cənnət Park” MTK tərəfindən 16 saylı Tİİ Trestinə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən, yuxarıda qeyd olunan hallara dair lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu barədə "MKM-Mənzil Tikinti Kooperativi”nin hüquqi varisi olan "Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir”.
Bu qərarla mübahisələndirilən həmin borular bizim mülkiyyətimizdir, bunu yaxşı bilirsiniz. Qanunsuz olsa da, Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarının (hakim Kəmalə Abiyeva) qət hissəsində deyilir: "İddiaçı "Cənnət Park” MTK tərəfindən verilmiş iddianın təmini tədbirinə dair ərizəsi qismən təmin edilsin. Cavabdeh "Biləcəri Təmir Quraşdırma” QTSC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu "Sədərək” bazarı yaxınlığında olan ərazidə yerləşdirilmiş, iddianın predmeti olan 1614 ədəd dəmir boruların özgəninkiləşdirilməsinə yönələn hər hansı hərəkətin edilməsi qadağan edilsin. Həmin borular xüsusi mühafizə sahəsində yerləşdirilsin”.
Nuraddin Mustafayev, məhkəmənin bu qərarında mülkiyyətimiz olan boruların başqa yerə daşınması deyil, onun xüsusi mühafizə altında saxlanılması yazılıb. Bu cümlələri oxumaq və anlamaq üçün daha nə lazımdır? Siz isə inadkarlıqla tələb qoymusunuz ki, mülkiyyətimiz olan bu borular bizim iştirakımız və xəbərimiz olmadan 3-cü şəxs qismində bu mübahisəyə suni cəlb edilmiş (məqsəd artıq hər kəsə və sizə də yaxşı bəllidir) "Cənnət Park” MTK-nın ərazisinə daşınmalıdır. Hansı ki, boruların 120 ədədi qanunsuz olaraq, sizin məmurların qanunsuz hərəkətlərinin qurbanlığı kimi faktiki oğurlanıbdır. Görünür, Qaradağ rayon İcra Şöbəsinin rəis əvəzi Kamal Əliyevin yaddaşında problemi var. Belə ki, onun özünün imzalayıb möhürlədiyi 17 noyabr 2017-ci il tarixli, №17-65-18188-9 saylı məktubunda özü yazır ki, bizə məxsus olan borular "...1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-2(81)-539 saylı 03.03.2017-ci il tarixli qərardadına əsasən, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində xüsusi mühafizə olunan ərazidə saxlanılan 2016 ədəd dəmir boruların üzərinə həbs qoyularaq saxlanc üçün "Biləcəri Təmir Quraşdırma” QTSC-yə təhvil verilmişdir”.
***
Əlavə şərhə ehtiyac varmı? Və yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Konstitusiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarında da (rəsmi qəzetlərdə dərc edilib) bir daha qeyd olunur ki, "Cənnət Park” MTK-nın "Biləcəri təmir-quraşdırma” QTSC-yə qarşı iddiaları qanunsuz və əsassızdır, saxta sənədlərlə bir sıra məhkəmə instansiyalarında hakimlərin qanundankənar qərarları ilə bu həddə gətirilib çıxarılıb.

(Davamı var)

"Təzadlar”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR