200 minlik narkotiklə tutulan 59 yaşlı kişiyə 11 il cəza- qalacaq yeri, 1 manatı belə yox idi

22-07-2018, 13:57 500 dəfə baxılıb

200 minlik narkotiklə tutulan 59 yaşlı kişiyə 11 il cəza- qalacaq yeri, 1 manatı belə yox idi


200 min manat dəyərində narkotik maddə olan heroinlə tutulan 59 yaşlı şəxsə hökm oxunub. Daimi yaşayış yeri belə olmayan yaşlı şəxs polisdə qeydiyyatda imiş.

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitədən istifadədə və külli miqdarda narkotik maddənin satış məqsədi ilə əldə edilməsində ittiham edilən 1959-cu il təvəllüdlü Rasim Zəkaryayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Məhkəmə iclası hakim Azad Məcidovun sədrliyi ilə baş tutub.

Rasim Zəkaryayev elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Deyib ki, bu yaşına qədər heç vaxt narkotik maddədən istifadə etməyib və məhkumluq həyatı yaşamayıb. O deyib ki, polislər onu saxlayarkən əlində olan selofan özünə məxsus olmayıb.

"Mənim daimi yaşayış yerim belə yoxdur. Polisdə qeydiyyatdayam. Həbs edilmədən əvvəl son günlərdə Nizami rayonunda, Qara Qarayev prospektində olan bir kafeyə gedirdim. Bir neçə dəfə ora getdim, pivə də içirdim, yemək də yeyirdim. Kafeni icarəyə götürən şəxsin adı Ulduz idi. Həmin gün kafedən çıxanda Ulduz mənə selofan verdi. Dedi ki, qarşıdakı binanın yanında məni qarşılayacaqlar. Selofanda nə olduğunu bilmirdim. Elə kafedən çıxıb bir neçə metr getmişdim ki, polislər mənə yaxınlaşdı"- deyə təqsirləndirilən şəxs ifadəsində söyləyib.

Daha sonra qeyd edib ki, polisdə olarkən ona heç bir təzyiq edilməyib: "Mənə heç nə etmədilər. Narkotiki əlimdə tutmuşdular. Buna görə də başqa çıxış yolu bilmədim. Amma aydın məsələdir ki, narkotiki mənə Ulduz verib. Məm heç vaxt narkotik görməmişəm".

Yaşamağa yeri, mobil telefonu və saxlanılan zaman cibində 1 manat belə pulu olmayan şəxsin 2 kiloqram 35 qram heroini haradan əldə etməsi, satmağa çalışması suallar doğurub.

Hakim bildirib ki, əməliiyat zamanı ələ keçirildiyi qeyd edilən narkotik vasitənin dəyəri 200 min manatdır.

İttihamda yazılır ki, Rasim Zəkaryayev əldə etdiyi 2 kiloqramdan artıq heroini satmaq istəyib və bu məqsədlə icarəyə kafe işlədən Ulduz Məmmədovun yanına gəlib. İttihamda bildirilir ki, Zəkaryayev Ulduz Məmmədovdan müştəri tapmasını istəyib. Ulduz Məmmədov isə bu təklifi aldıqdan dərhal sonra Nizami Rayon Polis İdarəsinə gedərək Zəkaryayevdə narkotik olması barədə məlumat verib.

Məhkəmədə Rasim Zəkaryayevin saxlanılması üçün keçirilən əməliyyatda iştirak edən baş əməliyyat müvəkkili kapitan Xəlil Atakişiyev ifadə verib.

Xəlil Atakişiyev ifadəsində Ulduz Məmmədovun idarəyə məlumat verdiyini və keçirilən əməliyyatla Rasim Zəkaryayevin saxlanıldığını deyib. Suallara cavab verən Xəlil Atakişiyev deyib ki, Ulduz Məmmədov məlumat verərkən Rasim Zəkaryayevin xarici görünüşünü izah edib və harada olduğunu deyib. Bu məlumatlar əsasında əməliyyat keçirilib və Zəkaryayev həbs edilib.

Amma məhkəmədə digər polis əməkdaşı ifadə verərkən bu məqamla bağlı ziddiyyət ortaya çıxıb.

Nizami Rayon Polis İdarəsinin Narkotiklərə qarşı mübarizə idarəsinin əməkdaşı olmuş, baş leytenant Murad Soltanov dindirilən zaman deyib ki, həmin əməliyyat keçirilən zaman əməliyyat müvəkkili olub və rütbəsi də o zaman leytenant imiş. O da ifadəsinin əvvəlində eyni ilə Xəlil Atakişiyev kimi danışıb. Amma daha sonra suallara cavab verərkən əsas ziddiyyətli məqam üzə çıxıb.

Murad Soltanov deyib ki, əməliyyata gedən zaman Ulduz Məmmədov da onlarla gedib və kənardan Rasim Zəkaryayevi göstərib: "Ulduz bizə Rasimi göstərdi və oradan uzaqlaşdı. Biz də yaxınlaşıb Rasimi saxladıq".

Hakimlər polis əməkdaşlarına sual verib ki, ələ keçirilən narkotikin mənbəyi müəyyən edilibmi. Digər sual isə belə olub: “Niyə əməliyyatı Zəkəryayev narkotik vasitəni satarkən həyata keçirmədiniz?”. Pois əməkdaşları bu suallara “bu barədə istintaq tədbirləri davam edir” deyərək cavab veriblər.

Məhkəmədə hadisənin əsas şahidi Ulduz Məmmədov da ifadə verib.

O, bildirib ki, ehtiyyatda olan zabitdir. U.Məmmədov Nizami rayonu ərazisində icarəyə kafe götürdüyünü, təqsirləndirilən şəxsin də həmin kafeyə müştəri kimi gəldiyini deyib.

Onun sözlərinə görə, sonuncu dəfə Rasim Zəkaryayev ona narkotik vasitə satmağı təklif edib: "Mən də gedib polisə dedim. Çünki ətrafda çox görürük ki, gənclərimiz narkotik vasitənin qurbanı olurlar".

Təqsirləndirilən Rasim Zəkaryayev isə şahidin yalan danışdığını deyib: "Məni hadisədən bir gün qabaq kafedə qalmağımı istədi. Çünki mənim gedəcək yerimin olmadığını bilirdi. Gecə məni orada saxladı. Oturacaqların üstündə yatdım. Səhər də mənə selofan torba verdi. Sonra da məni tutdular. Bu işdə mənim heç bir günahım yoxdur".

Rasim Zəkaryayevin vəkili Gülşən Salmanova çıxışında müvəkkilinin qurama bir işin qurbanı olduğunu deyib. Bildirib ki, kafeni işlədən şəxslə polislər arasında daha əvvəldən də tanışlıq olub.

Məhkəmə istintaqı başa çatdıqdan sonra dövlət ittihamçısı çıxış edib. Prokuror R.Zərəkraryevin günahının məhkəmə istintaqı zamanı sübuta yetirildiyini bildirib və onun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil Gülşən Salmanova müdafiə çıxışında bildirib ki, məhkəmə istintaqında müvəkkili Rasim Zəkaryayevin günahsız olduğu sübut olundu: “Polis əməkdaşlarının ziddiyyətli ifadələri göz qabağındadır. Mən belə düşünürəm ki, polislərlə kafenin sahibi Ulduz Məmmədov arasında əvvəldən tanışlıq var. Mən bununla bağlı sorğular vermişəm. Ulduz Məmmədovun da polis əməkdaşlarının da telefon danışıqlarını aydınlaşdıracağıq. Bu məsələni burada qoymayacam. ən gec apelyasiya məhkəməsində bütün bunlar üzə çıxacaq. Bu gənc polislərin yaşı qədər bizim təcrübəmiz var. Axı bu qədər absurd bir işi, qurama bir cinayəti necə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirib çıxara bilərlər. Biz bu cür işləri dəfələrlə görmüşük. Belə işlər polisin şəffaf fəaliyyətinə də xələl gətirir. Mən dövlət hesabına Rasim Zəkəryayaevə vəkil təyin edilmişəm. Bu işdə başqa bir marağım yoxdur. Amma bu cür qanun pozuntusuna göz yummaq olmaz. Həbs edilən şəxsin cibində 1 manatı yoxdur, mobil telefonu belə yoxdur. Axı sual verən yoxdurmu ki, bu adam 200 minlik heroini haradan alıb?. Bu işin sona qədər ədalətli şəkildə araşdırılmasına çalışacam”.

Məhkəmə tərəfləri dinlədikdən sonra müşavirəyə yollanıb. Müşavirdən sonra elan edilən hökmə əsasən R.Zəkaryayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

İlkin Muradov

Musavat.com


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR