Namus cinayətinin tükürpədən təfərrüatı - sosial şəbəkədə mesajlaşması qadının ölüm səbəbi oldu

26-09-2018, 09:52 429 dəfə baxılıb

Namus cinayətinin tükürpədən təfərrüatı - sosial şəbəkədə mesajlaşması qadının ölüm səbəbi oldu

Arvadını amansızlıqla öldürməkdə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. Hadisənin təfərrüatları üzə çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəfail Feyziyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı Mehman Vəliyev şahid qismində ifadə verib.

Məlum olub ki, hadisədən əvvəl Rəfail Feyziyev polisə müraciət edərək özünün və arvadının başqa şəxs tərəfindən şantaj edildiyini deyib.

Həmin şikayət üzrə araşdırmanı da polis əməkdaşı Mehman Vəliyev aparıb.

Mehman Vəliyevə verilən suallardan məlum olub ki, Feyziyev polisə müraciət etdikdən sonra onun xanımı ilə internetdə tanış olan və danışan şəxs müəyyənləşdirilib. Lakin həmin şəxsin hərəkətlərinin şantaj olmadığı qənaətinə gəlinib. Bu səbəbdən də həmin şəxs məsuliyyətə cəlb edilməyib.

Polis əməkdaşı Mehman Əliyev deyib ki, işi araşdıran müddətdə tərəfləri sakitləşdirməyə və səbrli olmağa dəvət edib.

Məhkəmədə məlum olub ki, mərhum Rafət Feyziyevanın sosial şəbəkələrdə fotosu paylaşılıb və onun müəyyən məbləğ qarşılığında kişilərlə münasibətdə olduğu göstərilib. Həmçinin ünvan kimi də Rafət Feyziyevanın yaşadığı ev göstərilib.

O da məlum olub ki, istintaq materiallarında mərhumun ayrı-ayrı şəxslərə instagramda danışdığı, bəzi şəxslərlə də görüşdüyü yer alır.

Məhkəmədə mərhum Rafət Feyziyevanın instagramda danışdığı, daha sonra görüşdüyü Hüseyn Vəliyev ifadə verib.

Hüseyn Vəliyev deyib ki, ilk dəfə Rafət Feyziyeva ona yazıb: "Məndən Rövşən Rəsulov haqda soruşdu. Rövşən mənim iş yoldaşım olub. Rafət mənə yazıb dedi ki, Rövşəni tanıyırammı? Bildirdi ki, Rövşən onu fotoları ilə şantaj edir. Mən ona ilk məsləhət kimi dedim ki, instagramı bağlasın".

Məlum olub ki, Hüseyn Vəliyev Rafət Feyziyevaya kömək edəcəyi adı ilə onunla münasibət qurub. Hətta bu münasibət görüşə, daha sonra isə intim münasibətə qədər gedib çıxıb.

Ailəli olan Hüseyn Vəliyev mərhumla görüşü özünün ikinci evində təşkil edibmiş.

Hüseyn Vəliyevə dövlət ittihamçısının və vəkillərin verdiyi suallardan məlum olub ki, o, mərhumun oğlu ilə də görüşüb. Belə ki, əri Rafət Feyziyevanın telefonuna baxarkən Hüseyn Vəliyevin də nömrəsini və danışıqlarını görüb. Mərhumun oğlu Hüseyn Vəliyevə zəng edərək onunla görüşüb və məsələni aydınlaşdırmaq istəyib.

Hakim Hüseyn Vəliyevə tutduğu əməllərə görə iradını bildirib və insanların şəxsi həyatına, ailə məsələlərinə müdaxiləsinin böyük cinayətə səbəb olduğunu xatırladıb.

Deyilən iradlara heç bir cavab verə bilməyən Hüseyn Vəliyev sadəcə başını aşağı salaraq sakitcə dayanıb.

Hüseyn Vəliyev suallara cavabında Rafət Feyziyevanın şantaj edilməsindən xəbərsiz olduğunu deyib.

Məhkəmədə mərhumu fotoları ilə şantaj etməkdə adı keçən Rövşən Rəsulov da dindirilib.

O deyib ki, Rafət Feyziyeva ilə instagramda tanış olub. Danışıqları isə sadəcə salam-sağ ol və hal-əhval tutmaq məqsədi ilə olub. O bildirib ki, Rafət Feyziyevanı ilk dəfə polis bölməsində görüb:

"2016-cı ildə danışığımız olub. Sonra bir neçə ay yazmadı. Yenə özü yazdı. Danışdıq və bir neçə ay yenə yazmadı. Bir gün məni polisə çağırdılar. Orada mənə məlum oldu ki, Rafət ancaq mənim adımı çəkib və deyib ki, guya onu mən şantaj etmişəm.

Mən orda Rafətə dedim ki, həqiqəti danış. Orada olanda yoldaşına da dedim ki, sonuncu dəfə 7 ay əvvəl danışmışıq. Əgər kimsə Rafətin ev ünvanını yazıb, görüşdüyünü bildiribsə, elə ora gələn adamı tutub özündən soruşmaq olardı ki, nömrəni haradan alıb".

Rövşən Rəsulov bildirib ki, mərhumla heç bir münasibəti olmayıb. Sadəcə, hər ikisi bir-birinə foto göndərib.

Məhkəmə istintaqında məlum olub ki, mərhum Rafət Feyziyeva polisdə olarkən Rövşən Rəsulova instagramda mesaj yazmasının səbəbi kimi, qohumuna iş axtarmasını göstərib.

Qeyd edək ki, Rəfail Feyziyev elan olunmuş ittihamla özünü təqsirli bilmir. O deyir ki, həyat yoldaşını namus üstündə öldürüb.

Müttəhim əlavə edib ki, arvadının hərəkətlərini onun qardaşına da söyləyibmiş:

"Oğlumuz, qızımız var. Amma bu yola düşdü. Qardaşına bu barədə demişəm. Kimlərsə gəlib mənim evimin qapısını döyüb. Arvadımın şəkilləri sosial şəbəkələrdə yayılmışdı. O mənə deyirdi ki, Rövşən adlı şəxs guya onu nəyəsə məcbur edir. Həmin şəxsi də polisə verdim. Daha sonra həmin şəxslə parkda görüşdüm. Mənə söylədi ki, get evdəki komputerdə mənim şəkillərim var. Müstəntiqdən soruşanda oğlumun müştərisi olduğunu dedi. Sonra gedib evdə həmin şəxsin şəkilini kompüterdə tapdım. Arvadımdan soruşdum ki, bu şəxs kimdir? Mənə dedi ki, yaxşı eləmişəm"- deyən Feyziyev elə bu sözə görə də arvadını öldürdüyünü bildirib.

Hadisə bu il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində baş verib.

Məlumata görə, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən R.Feyziyev könüllü olaraq polisə təslim olub.

Feyziyev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR