"WhatsApp yazdı ki, iş həll olunur" - Məmurun toruna düşən qadın

5-12-2018, 20:05 455 dəfə baxılıb

"WhatsApp yazdı ki, iş həll olunur" - Məmurun toruna düşən qadın


Rüşvətə təhrik etməkdə və dələduzluqda təqsirləndirilən Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Naibə Piriyeva ifadə verib.

Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxsi Binəqədi rayon Polis İdarəsindən tanıyır və orada müstəntiq köməkçisi olub: “Həmin vaxt Samirə adlı qadın mənə qarşı dələduzluq etmişdi. Biz də Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdik. Bir müddət keçəndən sonra bu işi araşdırmaq üçün Asif Məmmədova verdilər. Asif Məmmədov dedi ki, müstəntiq köməkçisidir. Sağ olsun, o, işi araşdırdı və sonda da razı qaldıq”.

Naibə Piriyevanın sözlərinə görə, sonradan Asifin özü ona qarşı dələduzluq edib: “Mən və digər zərərçəkmişlər iş araşdırılan zaman elə olurdu ki, evə gecə saatlarında gedirdik. Bu zaman Asif bizə yaxınlaşıb, maşını ilə evə aparmağı təklif etdi. Beləcə onunla dostlaşdıq. Sonra Asif oğlumla tanış oldu. Bizi anası ilə tanış etdi, ailələrimiz bir-birimizin evinə gedib-gəldi. Asifə mən oğlum, o da mənə ana deyirdi”.

Zərərçəkmişin sözlərinə görə, Asif Məmmədov ondan ilk dəfə 15 min manat pul alıb: “Guya mənim oğlumu İqtisadiyyat Nazirliyinə işə düzəldəcəkdi. Buna görə əvvəl ona 12 min manat, sonra 2 min manat pul verdim. Amma iş alınmadı. Bir qədər keçəndə mənə “votsap”da yazdı ki, xala iş həll olunur, özüm də ora düzəlmək istəyirəm. Buna görə məndən daha 8 min dollar pul istədi. Biz notariat qaydada pulu Asifə verdik. Bununla bağlı telefonumda sübutlar da var. Sonra Asif məndən daha 500 manat pul aldı. Hətta bu işə görə anasını da vasitəçi kimi istifadə edirdi. Asif məndən pul istəyəndə ona “yox” deyirdim. Sonra anası zəng edib yalvarırdı ki, oğluna kömək edim, evlərini satıb pulumu qaytaracaqlarını bildirirdi. Bir qədər keçəndən sonra Asif yoxa çıxdı və telefonlara cavab vermədi”.

Növbəti proses dekabrın 18-də davam edəcək.

Asif Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini verib. Lakin sonradan keçmiş icra məmuru vədinə əməl etməyib.

Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan Asif Məmmədov saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Asif Məmmədov daha əvvəl Salyan rayon Məhkəməsi və daha sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR