Bölgələrimizdə dincəlmək xaricə getməkdən bahadır

21-06-2019, 11:34 351 dəfə baxılıb

Bölgələrimizdə dincəlmək xaricə getməkdən bahadır

Ölkədə mütləq ucuz, 1-2 ulduzlu otellər inşa olunmalıdır. Bununla paralel xidmət səviyyəsi yüksəldilməlidir. Ancaq bundan sonra yerli turistlər bölgələrdə istirahət etməyə daha çox üstünlük verə bilər.

Bu sözləri Axar.az-a turizm eksperti Müzəffər Ağakərimov bölgələrimizdə turistik məkanların xarici ölkələrlə müqayisədə daha baha olması və bunun səbəbləri barədə danışarkən deyib. M.Ağakərimov bildirib ki, bu gün xüsusilə bölgələrdə 1-2 ulduzlu otellərin olması, eyni zamanda qiymət siyasəti vacibdir:

“Şəraiti 1, 2, 3 ulduzlu otellərin səviyyəsində olan münasib qiymətə otellər olsa, əlbəttə, hər kəs orada dincələr. Bura xidmət səviyyəsi də daxildir. Xidmət səviyyəsinin və qiymət siyasətinin monitorinqi aparılmalıdır. Bu barədə ayrıca böyük bir arayış hazırlanmalıdır. Turizm qurumları bununla ciddi məşğul olmur. Məhz bu səbəbdən bizim vətəndaşlar tez-tez xaricdə dincəlməyə üz tuturlar. İkinci əsas səbəblərdən biri də müalicə turizmi ilə bağlıdır. Bu gün vətəndaşlarımız müalicə turizmi üçün xaricə üz tuturlar. Halbuki bizim ölkədə də belə imkanlar var ki, bunun vasitəsilə daha çox turist cəlb edə bilərik. Ancaq təbii ki, müxtəlif tipli otellər olarsa. Məsələn, Şabranda 5 ulduzlu otel var. Ancaq heç bir yerli turist 14 gün gedib orada orta səviyyədə dincəlmək üçün pul çatdıra bilməz. 14 gün 5 ulduzlu oteldə əlavə olaraq gün ərzində 3 dəfə yemək neçəyə başa gələr, bilirsiniz? Bu heç bir turistə sərf etmir. Çünki istənilən turist, istər yerli olsun, istər əcnəbi, istirahət üçün minimum pul xərcləməyə çalışır”.

Ekspert bildirib ki, Azərbaycanda ən böyük problemlərdən biri də xidmət səviyyəsinin aşağı olmasıdır:

“Bizdə ən böyük problemlərdən biri də xidmətin aşağı səviyyədə olmasıdır. Türkiyədə xidmət səviyyəsi olduqca yüksəkdir. Otellərdəki ofisiantlar, barmenlər nəzakətli və diqqətcildir. Turist də bütün bu məqamlara əsasən seçim edir. Qiymət xidmətə uyğun olmayanda istənilən vətəndaş, turist buna etiraz edə bilər. Bizə yerli otellərdə 1 manatlıq xidmət göstərib 10 manat pul alırlar. Ancaq onların xidməti heç bir manata da dəymir. Vətəndaş da buna təbii olaraq etiraz edir. Bugünün əsas şərtlərindən biri yüksək xidmət göstərən ucuz otellərin olmasıdır”.

Ekspertin sözlərinə görə, büdcə aviareysləri olarsa, bizim ölkəyə daha çox turist gələr:

“Bizim vətəndaşlar xarici ölkələrə istirahət üçün gedərkən adətən Gürcüstandan uçmağa üstünlük verirlər. Buna səbəb də təbii ki, Gürcüstandan alınan aviabiletlərin daha ucuz olmasıdır. Bu da büdcə aviareyslərinin olmasından asılıdır. Büdcə aviareysləri olarsa, bizim ölkəyə də daha çox turist gələr. Bu sahəni stimullaşdırmaq üçün ilk növbədə aparıcı turizm qurumları öz proqramlarını ortaya qoymalıdır. Həmçinin müvafiq qurumlarla bu məsələ yüksək səviyyədə həll olunmalıdır. Həm iqtisadiyyat, həm nəqliyyat, qida və içki, otellər və sair hamısı güclərini ortaya qoymalı və sahibkarlar üçün güzəştli, rahat və maneəsiz yollar tətbiq etməlidilər ki, sahibkarlarda da sərmayə qoymağa maraq oyansın”.

M.Ağakərimov bildirib ki, bu istiqamətdə Türkiyənin təcrübəsindən istifadə edilməlidir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR