Gömrük Komitəsi hansı nazirliyə birləşdiriləcək?

30-07-2019, 23:27 317 dəfə baxılıb

Gömrük Komitəsi hansı nazirliyə birləşdiriləcək?




Son günlər Gömrük Komitəsinin ləğvi ilə bağlı informasiya yayılıb. İlin sonyna kimi bu qurumun ləğv olunacağı ehtimal edilir. Bəs komitə ləğv olunarkən onun səlahiyyətləri hansı nazirliyə veriləcək? Dünya təcrübəsində bu necə həll olunur?
AZerinfo.tv xəbər verir ki, məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli Azərbaycandakı durumun daha çox monopoliyadan qaynaqlandığını deyib:

“Müxtəlif təcrübələr var. Gömrük Komitəsinin müstəqil fəaliyyət göstərdiyi ölkələr də var. Daha geniş praktikada gömrük xidməti Vergilər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi kimi qurumların tərkibində iqtisadi fəaliyyət ilə məşğul olur.

Hətta ölkələr var ki, Kənd Təsərrüfatı Nazirliyinin tərkibində fəaliyyət göstərir. Azərbaycanda son illər gömrük xidmətində xeyli islahatlar aparılır. Yəqin bu islahatlar davam etdiriləcək. Çünki ölkədə ciddi problemlər olan xidmətlərdən biri də gömrük xidmətidir. Bu xidmət vasitəsi ilə idxal monopoliyası həyata keçirilir.

Bü gün Azərbaycanda Gömrük xidmətini hansı qurumun tərkibinə versələr belə, xidmətin sağlamlaşdırılması üçün məhz siyasi iradə olmalıdır. Məncə, gömrük xidmətində baş verənlər ölkənin iqtisadi seqmentini idarə edən vəzifəli şəxslərə bəllidir. Ona görə də yüksək səviyyədə siyasi iradə ortada olmalıdır. Əgər belə olsa, gömrük xidmətini heç bir başqa quruma birləşdirmədən də sağlamlaşdırmaq mümkündür”.

Ekspert Vergilər Nazirliyindəki prosesdən də bəhs edib: “Mikayıl Cabbarov vergilər naziri gəldikdən sonra Nazirlikdə müəyyən islahatlar həyata keçirilir, irəliləyişlər aparılır. Məncə, Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdirilərsə, müəyyən dəyişikliklər, irəliləyişlər baş verər.

Amma dediyim kimi bunlar üçün siyasi iradə olmalıdır. Ümumi iqtisadiyyatda monopoliyanın aradan qaldırılması hədəflənsə, bunun davamı olaraq Gömrük Komitəsində bu problemin həlli üçün hansısa islahatların həyata keçirilməsini gözləmək mümkündür. Yoxsa yarımçıq olardı. Yəni biz Gömrük Komitəsində monopoliyanın aradan qaldırılması üçün çalışıb iqtisadiyyatda, daxildə bunu etmiriksə, uzlaşma mümkün olmaz”.

Bəs bu birləşmə mövcud problemləri həll edə bilərmi? A. Nəsirli deyir ki, hansısa quruma birləşdirmə elə də ciddi bir dəyişikliyə səbəb olmur: “Sadəcə olaraq birləşdirilən qurumun rəhbərinin şəxsi, idarəetmə keyfiyyətlərindən asılı olaraq hansısa dəyişiklik ola bilər. Bu adi fiksasiya xarakteri də daşıya bilər. Bayaqdan bu müstəqil idi, indi keçdi Vergilər Nazirliyinə tabe oldu. Bütün hesabatları Vergilər Nazirliyinə verdi, başqa heç nə dəyişmədi.

Məsələn, bu yaxınlarda Sosial Müdafiə Fondunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirdilər. Heç nə dəyişmədi.

Gömrük Komitəsi də belə bir hədəfə xidmət edəcəksə, onda xidmətdə hansısa dəyişiklik gözləmək elə də ciddi görünmür”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR