Azərbaycan üçün ucuz neft təhlükəsi - TƏHLİL

9-08-2019, 08:31 310 dəfə baxılıb


Azərbaycan üçün ucuz neft təhlükəsi - TƏHLİL
Brent neftinin qiyməti 59 dollardan da aşağı düşüb.

Bakı vaxtı ilə saat 07:45-də Brent nefti 58,87 dollardan alıcı tapıb. İyulun sonunda Brent nefti 65 dollardan baha satılırdı. Avqust ayında neft 11% ucuzlaşıb. Bildirək ki, neftin ucuzlaşmasına səbəb ABŞ və Çin arasında ticarət müharibəsinin şiddətlənməsidir. ABŞ sentyabr ayından etibarən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10% vergi tətbiq edəcəyini açıqladıqdan sonra milli valyuta yuanın ucuzlaşmasına icazə verilib.

Ticarət müharibəsinin dünyanın iki böyük iqtisadiyyatı başda olmaqla qlobal iqtisadiyyata ziyan vuracağı və nəticədə neftə tələbin azalacağı ehtimal edilir. Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ilin dövlət büdcəsi üçün neftin qiymətini 60 dollar götürüb.

Neftin dəyərdən düşməsi Azərbaycan üçün təhlükədir, yoxsa hazırkı vəziyyət keçicidir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban qısamüddətli qiymət dəyişiminin Azərbaycan üçün təhlükə olmayacağını bildirib:

“Bu, Azərbaycan hökumətinin cari il üçün götürdüyü qiymətdən 11 faiz yuxarıdır. Ona görə də hələlik heç bir narahatlığa əsas yoxdur. Neftin qiymətinin kəskin ucuzlaşması isə ABŞ Prezidentinin sentyabrın 1-dən Çin Xalq Respublikasına qarşı gömrük siyasətinin sərtləşdirilməsi və 300 milyard dollarlı aksiz tariflərinin tətbiqi ilə bağlı bəyanatından sonra baş verib. Bununla elə hesab edirlər ki, iki ölkə arasında ticarət münasibətlərinin zəifləməsi, o cümlədən dünya iqtisadiyyatının tempinin aşağı düşməsinə gətirib çıxaracaq. Sonra da enerjiyə olan tələbatı səngiyəcək. Bunun fonunda da qiymət ucuzlaşır”.

Neft mütəxəssisi pozitiv bəyanat olacağı təqdirdə qiymətin sabitləşəcəyini, əks təqdirdə isə daha da aşağı düşəcəyini diqqətə çatdırıb.

İlham Şaban vəziyyətlə bağlı OPEC-in fövqəladə iclas keçirməyəcəyini də vurğulayıb:

“İndi bazara pozitiv bəyanatlar çıxmalıdır. Bu zaman neft yenidən öz qiymətlərini bərpa edəcək. Neftin qiymətinin bir gün və yaxud da bir həftə, bir ay düşməsi onun illik qiymətində hansısa bir dəyişiklik, təlatüm demək deyil. Əsas məsələ rüblük və orta illik qiymətdir. O isə hazırda norma çərçivəsindədir. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) fövqəladə iclas etməsi hələlik gözlənilmir. Çox güman ki, sentyabrın sonunda OPEC ölkələrinin görüşü olacaq. Ancaq noyabrın sonu, dekabrın əvvəlində keçiriləcək konfrans bazarla bağlı öz sözünü deyə bilər. Real götürəndə neftin orta qiyməti 65 dollardır. Əgər sabah 20 dollar, o biri gün 70 dollar olsa da, bunlar heç nəyi dəyişmir. Əgər pozitiv siqnal olmasa, qiymət düşəcək. Azərbaycan hökuməti Prezidentə sonuncu iclasda bildirdi ki, neft sektorundan asılı deyilik, qeyri-neft sektorunun artımı 15 faizdir. Qeyd olundu ki, neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 38 faizdir. Niyə narahat olaq? Hökumətin dediyinə uyğun narahat olmamalıyıq. Azərbaycan hökuməti Prezidentin yanında son 8-9 ildə neft məsələsini müzakirə etməyib. Ona görə də təşvişə ehtiyac yoxdur”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR