Azərbaycan üçün optimal qiymətlər olacaqmı? -

3-10-2019, 12:52 321 dəfə baxılıb

Azərbaycan üçün optimal qiymətlər olacaqmı? -


Ötən həftə “Brent” markalı neftin bir barelinin qiyməti 2019-cu ilin yanvar ayından bəri rekord artım (6,7%) əldə etdi. WTI markalı neftin bir barelinin qiyməti isə 5,9% artım göstərdi ki, bu da iyun ayından bəri ən yüksək göstəricidir. Lakin bu müvəqqəti təsirlər tezliklə yerini real qiymətlərə verdi.

Bəs görəsən, cari ilin sonu və 2020-ci ildə neft bazarında qiymətlər necə olacaq? Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan 55 dollarlıq qiymət optimal olacaqmı?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, son dövrlər neft bazarında nəzərə çarpan volatilliyin əsas səbəblərindən biri məhz Səudiyyə Ərəbistanında baş verən hadisə idi: “Hazırda isə bu hadisədən qaynaqlanan zərərin kompensasiya müddətinin azalması ilə bağlı məlumatlar yayılmaqdadır. Hökumət artıq azalan neft hasilatının əhəmiyyətli hissəsini kompensasiya edib. Bu da bazarda təklifin artmasına səbəb olmaqla qiymətlərin azalan istiqamətdə dinamikasını təmin edən faktora çevrilib. Digər əsas səbəb 2020-ci ildə dünya iqtisadiyyatı ilə bağlı proqnozların pessimist olmasından qaynaqlanır. Praktiki olaraq bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və sair qurumlar dünya iqtisadiyyatının 2020-ci ildə və daha sonrakı illərdə nisbətən aşağı templə inkişaf edəcəyini proqnozlaşdırırlar. Burada əsas problem kimi məhz ticarət savaşları göstərilir. ABŞ-la Çin arasında bu istiqamətdə razılığın əldə edilməsi ehtimalı azaldıqca bazar iştirakçılarında pessimist fikirlər artır. Bu isə neftin qiymətinə mənfi təsir göstərir”.

İqtisadçının sözlərinə görə, digər tərəfdən ABŞ-da neftin hasilatı davamlı olaraq artım dinamikası nümayiş etdirir: “Kommersiya əhəmiyyətli neft rezervlərində də artımlar qeydə alınır. Beləliklə də hazırda gələcək dövr üçün dünya bazarlarında neft təchizatı ilə bağlı hər hansı problemin olması ehtimalı aşağı düşür. Onu da nəzərə almaq lazımdır ki, artıq Beynəlxalq Enerji Agentliyi və ABŞ Enerji Administrasiyası 2020-ci ildə bazarın enerji tələbatı ilə bağlı proqnozları da azaldıblar. Beləliklə də indiki şərtlər daxilində neftin qiymətlərində ucuzlaşma ehtimalları daha da yüksəlib”.

R.Həsənovun sözlərinə görə, indiki şərtlər daxilində büdcədə neftin 55 dollardan hesablanması bir qədər risklidir: “Azərbaycan dövlət büdcəsində 2020-ci il üçün neftin bir barelinin 55 dollar götürülməsi əvvəlki davranışlarla müqayisədə nisbətən daha praqmatik hesab olunsa da, nəzərə almaq lazımdır ki, 2020-ci ilin neft bazarı ilə bağlı qlobal proqnozlar pessimistdir. Bu da dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi, eyni zamanda fiskal tarazlığın qorunması ilə bağlı müəyyən risk formalaşdırır. Ola bilsin ki, bu tendensiyanın davam etməsi sonrakı müzakirə mərhələlərində neftin qiymətinin büdcədə aşağı çəkilməsi ilə nəticələnə bilər. Ancaq indiki şərtlər daxilində demək olar ki, risk intervalında formalaşdırılmış bir qiymət müəyyən edilib”.

Ekspertin fikrincə, növbəti ildə neftin orta qiyməti 62 dollar proqnozlaşdırılsa da, bu rəqəmin doğrulmaması ehtimalı daha çoxdur: “Digər tərəfdən, nəzərə almaq lazımdır ki, qlobal proqnozlar 2020-ci ildə neftin bir barelinin qiymətinin 62 dolların üzərində olması ehtimalının daha güclü olduğunu göstərir. Ancaq digər məqamı da diqqətdən qaçırmaq olmaz ki, neft bazarında qiymətlərə təsir edən amillər kifayət qədər çoxşaxəlidir. Xüsusilə də siyasi risklər neft bazarında qiymətin formalaşmasında əsas amillərdən biri hesab oliunur. Bu baxımdan da bu bazar üçün uzunmüddətli proqnozların verilməsi , o cümlədən bu günə qədər verilən proqnozların özünü doğrultması nisbətən daha aşağı səviyyədə olub. Yaxşı olar ki, hökumət bu məqamı nəzərə alaraq daha ehtiyatlı büdcə sənədinin hazırlanması istiqamətində mövqe ortaya qoysun”.

Qeyd edək ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2019-cu ildə “Brent” markalı neftin orta qiymətinin 65 dollar/barel olacağını proqnozlaşdırır. Bu barədə növbəti Qlobal İqtisadi Proqnozda deyilir. Qiymətləndirmə iyun ayındakı proqnozla müqayisədə dəyişməyib, bununla belə, agentlik 2019-cu ilin dördüncü rübündə neft bazarında dəyişkənliyin qalacağını istisna etməyib. 2020-ci il üçün proqnoz da eyni səviyyədə qalıb: bir barel üçün 62,5 dollar.

Uzunmüddətli perspektivdə “Brent” markalı neftin orta qiymətinin bir barel üçün 57,5 dollar olacağı gözlənilir. Hesabatda bildirilir ki, Səudiyyə Ərəbistanının neft infrastrukturuna edilən son hücumlar bu cür obyektlərin nəinki bu ölkədə, bütövlükdə Körfəz bölgəsindəki zəifliyini diqqətə çatdırır. Bununla yanaşı, “Fitch” analitikləri OPEC+ ölkələrinin təklifi tənzimləyə biləcəyini və dünya bazarında yanacağın çox artmasının qarşısını ala biləcəyini gözləyirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR