Ev almaq istəyənlərə BÖYÜK MÜJDƏ: Bakının bu rayonlarında mənzillər..

12-12-2019, 00:20 345 dəfə baxılıb

Ev almaq istəyənlərə BÖYÜK MÜJDƏ: Bakının bu rayonlarında mənzillər..

İlkin mənzil bazarında vəziyyət ilin əvvəli və ortası ilə müqayisədə dəyişib. Belə ki, qiymətlər stabil nöqtədən artıma doğru irəliləməkdədir.

Bunu Publika.az-a müsahibəsində əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspertlə müsahibəni təqdim edirik:

- İlkin mənzil bazarında vəziyyət necədir və qiymətə təsir edən faktorlar hansılardır?

- İlkin mənzil bazarında qiymətlər təxminən 2-3% bahalaşıb. Əvvəl 1 kvadratmetri 700-800 manata satılan mənzillərə paytaxtda demək olar ki, indi rast gəlmək olmur. Mənzillərin 1 kvadratmetrinin qiyməti 900 manatdan və daha yuxarıdan başlayır. Bu da təklifin tədricən azalması ilə bağlıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni qaydalarından sonra şəhərdə tikilən binaların sayı kəskin azalıb. İlkin mənzil bazarında ən baha qiymətlər Səbail və Nəsimi rayonlarındadır. Ən ucuz qiymətlər isə Qaradağ və Sabunçudadır. Yasamal rayonunda da ucuz qiymətə rast gəlmək olur (kvadratmetri 900 manata). Orta qiymətlər təxminən 1000-1500 manatdır ki, bu qiymətlərə Xətai, Nizami və az qismdə Nərimanov rayonunda rast gəlinir. Nərimanov rayonunda ilkin mənzil bazarında 1 kvadratmetr əvvəllər 1200-1500 manata təklif olunurdusa, artıq 1500 manatdan başlayaraq təklif olunur.

- Təkrar mənzil bazarında vəziyyət necədir?

- Təkrar mənzil bazarında da (Xruşşov, Stalinka, Leninqrad və Kiyev layihəli binalar) qiymətlər artıb. Noyabrdan etibarən 3-4% bahalaşma müşahidə edilir. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 5% təşkil edir. İlin sonuna doğru artım 10%-ə çata bilər. 1 otaqlı mənzillər əgər ilin əvvəlində 40-50 min manat idisə, hazırda 50 min manata və daha baha təklif olunur. 2 otaqlı mənzillər 65-75 min manat ətrafında idisə, artıq qiymətlər 70-90 min arasında dəyişir. 3 otaqlı mənzillər 75-100 000 manat idisə, indi 90 min manatdan başlayır. 3 otaqlı mənzili ötən ilin sonu və 2019-cu ilin əvvəlində 85-90 000 manata almaq olurdusa, hazırda həmin mənzillər 95-100 000 manatdan yuxarı təklif edilir.

- Təklifin azalmasına təsir edən faktorlar hansılardır?

- İlk növbədə turist axını. Bu amil paytaxtda mənzillərə olan tələbatı artırır. Burada mənzil almaq istəyən xarici vətəndaşların sayı artır. Turist axını həm də mərkəzdə kirayə verilən mənzillərin sayını durmadan artırır. Nəinki bayram, tətil günlərində, hətta ilin bütün fəsillərində kirayə mənzillərə tələbat yüksək olaraq qalır.

- Xarici ölkələrin vətəndaşları Azərbaycandan ev alarkən hansı şərtlərə önəm verir?

- Hər il 2-3 min əcnəbi Azərbaycanda ev alır. 2018-ci ildə 2000-dən çox mənzil alınmışdı. Rəqəm ildən-ilə artır. İran vətəndaşlarının da Azərbaycanın mənzil bazarına marağı artıb. Qanunvericiliyə əsasən, torpaq ala bilməyən xarici ölkə vətəndaşları mənzil alarkən əsasən mərkəzə yaxınlığa və panoramaya fikir verir.

- Kirayə mənzil bazarında vəziyyət (qiymətlər, bazara təsir edən faktorlar).

- Kirayə mənzil bazarında da qiymətlər mənzil bazarına adekvat olaraq artmaqdadır. Ötən ayla müqayisədə stabil olaraq qalsa da, sentyabrdan etibarən qiymət artımı müşahidə olunur. İlin əvvəli ilə müqayisədə kirayə mənzil bazarında 10-20% artım var. Bahalaşmaya təsir edən amillərin əsasını tədris ilinin başlaması təşkil edir.

1 otaqlı mənzillərin qiyməti 250 manatdan başlayır. Metro ətrafında isə 300-350 manata təklif olunur.

2 otaqlı mənzillərin qiyməti 350-500 manat arasında dəyişir. 3 otaqlılar isə 500 manatdan başlayır.

- Yeni tikililərdə mənzərə necədir?

- Yeni tikililərdə 1 otaqlı mənzillər 350-400, 2 otaqlılar 400 manatdan başlayır, 3 otaqlılar isə 700-800 manata təklif olunur.

Fərdi yaşayış evlərinin kirayəsi Keşlə qəsəbəsi, Varovski və Bakıətrafı qəsəbələrdə çoxluq təşkil edir. Həmin ərazilərdə qiymət 150 manatdan başlayır.

- Adambaşına düşən yaşayış fondu tikilən mənzillərin sayına adekvatdırmı?

- Bu ilin statistikasına görə, təxminən 65 min ailə qurulub. Tikilən mənzillərin sayı isə buna adekvat deyil (2 dəfə azdır). Rusiya, Qazaxıstan və Ukraynada adambaşına düşən yaşayış sahəsi Azərbaycandan yüksəkdir. Həmin ölkələrdə bu rəqəm minimum 25 kvadratmetrdir. Azərbaycanda isə bu göstərici 18 kvadratmetrdir. Beləliklə, 70-80 milyon kvadratmetr yaşayış sahəsinin inşasına ehtiyac var. Hazırda bu göstərici təxminən 12 milyon kvadratmetrdir. Gələcəkdə bu fondun 14-150 milyon kvadratmetrə çatdırılması nəzərdə tutulur. Bu da həddindən artıq tikinti işlərinin aparılması zərurətini yaradır.

- Qonşu ölkələrin mənzil bazarındakı vəziyyəti şərh edərdiniz.

- Qlobal böhrandan sonra dünya mənzil bazarında qiymət, artıma doğru istiqamət götürüb. Rusiya bazarı həmişə Azərbaycanla müqayisədə 2-3 dəfə bahalı olub. Məsələn, Bakıda 1 kvadratmetri 1000 manata aldığımız mənzil Rusiyada 2000 dollar civarındadır. Bakıda elit binada 5000 manat səviyyəsində olan sahə Rusiyada 10 000 dollardan başlayır. Bakını İstanbulla müqayisə etsək, orada qiymətlər bahadır. Bu, tələb-təklifin səviyyəsindən asılıdır.

- Hazırda mənzil almaq sərfəlidir?

- Bəlkə də əsl məqamdır. Ola bilsin biz gələn il bu qiymətləri görməyək. İçərişəhər və Sahil zonasında qiymətlər 3000 manatdan da yuxarı qalxıb. Bu səbəbdən yaxın müddətdə digər zonalarda da artım tendensiyasını müşahidə edəcəyik (30% və daha çox). 2000-ci ildən sonra tendensiya belədir - bir neçə il qiymətlər stabil qalır, sonradan sıçrayışlı artım baş verir. Məsələn, 2000, 2005 və 2008-ci illərdə sıçrayışlı artım müşahidə etdik. Bu, təxminən hər 5 ildən bir baş verir. Bahalaşmanın konturları artıq görünür.

- Alıcılar əsasən hansı istiqamətlərdə ev almağa üstünlük verir?

- Hazırda tələb daha çox Nərimanov, Nizami, Nəsimi və Xətai rayonlarında olan mənzillərədir. Kvadratmetri 2000 manatdan yuxarı axtaranlar əsasən Nəsimi və Nərimanov rayonlarına üstünlük verir. Kvadratmetri 1500 manata qədər istəyənlər isə Xətai və Nizamidə axtarır. İpoteka və Kredit Zəmanət Fondu, sosial yönlü kirayə mənzilləri əsasən ilkin mənzil bazarından seçəcək. Hələ ki, Nizami rayonunda yerləşən yeni tikililərdən olacaq. Bu da o zonada olan təkliflərin bir qədər də azalmasına səbəb olacaq.

- Kirayə, ilkin və təkrar mənzil bazarı ilə bağlı proqnoz necədir?

- Qiymətin artacağı proqnozlaşdırılır. Gələn il hazırkı qiymətlərlə rastlaşmaya bilərik.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR