Neft Fondu zərbəni üzərinə çəkir: manatın məzənnəsi... - TƏHLİL

12-03-2020, 16:52 216 dəfə baxılıb

Neft Fondu zərbəni üzərinə çəkir: manatın məzənnəsi... - TƏHLİL


Azərbaycanın gəlirləri əsasən neftin satışından əldə olunan xarici valyutalardan asılı olduğuna görə neftin dünya bazar qiymətlərinin büdcəmizdə nəzərdə tutulduğundan daha aşağı səviyyədə olması ölkə iqtisadiyyatı üçün ciddi təhdidlər törətsə də, birbaşa olaraq dövlət büdcəsinə təsir etmək imkanında deyil. Çünki ortada Dövlət Neft Fondu deyilən “təhlükəsizlik yastığımız” var.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekpert Pərviz Heydərov neftin kəskin ucuzlaşmasının ölkə iqtisadiyyatına təsiri ilə bağlı danışarkən deyib.

“Neftin qiymətinin aşağı olması səbəbindən mövcud iqtisadi zərbəni Dövlət Neft Fondu öz üzərinə çəkir. Yəni iqtisadi şoklar birbaşa dövlət büdcəsinə təsir etmir. Bu, çox müsbət amildir. Ona görə ki, Dövlət Neft Fondundan hər il konkret məbləğin dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulur. Neftin dünya bazar qiymətlərinin hansı səviyyədə olmasından asılı olmayaraq, bu transferin həyata keçirilməsi hər il stabil şəkildə təmin edilir. Bu il üçün dövlət büdcəsinin 47 faizi Neft Fondunun transfert məbləğindən asılıdır. Neftin qiyməti istər 60 dollar, istər 30 dollar, istərsə 20 dollar olsun, fərq etmir, Neft Fondundan büdcəyə stabil vəsait daxil olacaq. Bu o deməkdir ki, neftin dünya bazar qiymətlərindən asılı olmayaraq dövlət büdcəsinin xərclərindən pensiyaların, əmək haqları və sosial müavinətlərin ödənişində heç bir təhlükə yaranmayacaq”, - ekspert bildirib.

P.Heydərovun sözlərinə görə, neftin qiymətinin uzun müddət aşağı səviyyədə qalması valyuta bazarında dollar təklifini azaldacaq və nəticədə manatın məzənnəsi üçün real təhlükə ortaya çıxacaq:

“Cari ildə valyuta bazarımızda ciddi dəyişikliklərin baş verəcəyini gözləməyə dəyməz. Həm mövcud makroistisadi göstəricilərimiz 2015-ci ildən fərqli olaraq daha möhkəmdir, həm də dövlət büdcəsində qeyri-neft sektorundan əldə olunan gəlirlərin payı 2015-ci ilə qədər olan dövrdən daha yüksəkdir. Eyni zamanda, büdcənin neftdən əldə olunan gəlirlərdən asılılıq səviyyəsi zəif xarakter danışır. Ona görə də qısa müddət ərzində neftin ucuzlaşmasına görə valyuta bazarımızda ciddi dəyişikliyin baş verəcəyini, manatın ucuzlaşacağını gözləməyə dəyməz. Neftin dünya bazarında qiymətinin aşağı səviyyədə olması uzunmüddətli davam edərsə, manatın məzənnəsində dəyişikliyi ən tezi növbəti ildən gözləmək olar. Bu il üçün təşvişə heç bir ehtiyac yoxdur”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR