Ölkələr defolt təhlükəsi ilə ÜZ-ÜZƏ

19-03-2020, 14:01 283 dəfə baxılıb

Ölkələr defolt təhlükəsi ilə ÜZ-ÜZƏ


Ekspertlər bu ilin birinci yarısında Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi yeni növ koronavirusun qlobal iqtisadiyyata 2 trilyon dollar ziyan vuracağını bildirirlər.

Təbii ki, bundan ən çox əziyyət çəkən kiçik dövlətlər olacaq. Digər tərəfdən isə koronavirusun ən çox yayıldığı İtaliya, İran kimi ölkələrin iqtisadiyyatının daha çox zərbə alacağı bildirilir.

İqtisadiyyatı böyük olan ölkələrin defolt olma riski isə azdır.

“Cümhuriyət”ə açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, qlobal iqtisadiyyat çökərsə, kiçik dövlətlərin xilası mümkün deyil:



“Koronavirus qlobal bəlaya çevrildiyi üçün burada konkret bir ölkənin defolt olacağını düşünmək doğru olmazdı. Çünki bu böhran bütün dünya iqtisadiyyatını əhatə edir. Hazırda bütün dünya ölkələri koronavirusun yaratdığı iqtisadi böhrandan əziyyət çəkir. Qlobal iqtisadiyyat elə bir həddə çatıb ki, bütün ölkələr bir-biri ilə sıx əlaqədədir. Hələ koronavirus böhranı yaranmazdan əvvəl Amerika ilə Çin arasında ticarət anlaşmazlığı yaranmışdı. Amma bir müddətdən sonra başa düşdülər ki, apardıqları bu iqtisadi müharibədən ən çox əziyyət çəkən tərəflər elə özləri olacaqlar. Ona görə də sonda ortaq razılıq anlaşmasının əldə edilməsinə nail oldular. Çünki onların alternativ variantları da yox idi. İndi koronavirus məsələsi də buna bənzəyir. Yəni virus Çində meydana gəlsə də, dövlətlərarası müxtəlif formalı əlaqələr nəticəsində bütün dünyaya yayılıb. Artıq Çin məsələsi gündəmdən düşüb və problem dünya iqtisadiyyatında yaranmaqda olan böhran məsələsidir. Məhz buna görə FED uçot dərəcəsini sürətlə aşağı salır. Çünki ABŞ görür ki, koronavirusun yaratdığı qlobal problemdən ölkə iqtisadiyyatı ciddi əziyyət çəkə bilər. İndi Amerika kimi ölkələrin iqtisadiyyatı koronavirus problemi ilə üzləşəcəksə, Azərbaycan kimi dövlətlər daha böyük zərbə ala bilər. Əgər qlobal iqtisadiyyat çöksə, kiçik ölkələrin xilası heç cür mümkün deyil. Yəni mövcud vəziyyət heç kəsin təsəvvür etmədiyi qədər təhlükəli xarakter daşıyır”.

Ekspert hesab edir ki, koronavirusda ən çox idarəetmə sistemində boşluq olan ölkələr əziyyət çəkəcək:

“Qlobal iqtisadiyyatda baş qaldıran mənfi tendensiya 2020-ci ilin iyun ayının sonuna qədər səngiməzsə və qarşısı alınmazsa, o zaman cari ilin ikinci yarısında bütün dünya iqtisadiyyatını böyük bir fəlakət gözləyir. Bu böyük fəlakət iqtisadiyyatda aparıcı ölkələrin bel sütununu qırmaqla bərabər, bir çox xırda ölkələri defolta sövq edə bilər. Məsələnin digər tərəfi isə dövlətlərin idarəetmə sistemlərindəki boşluqlarla bağlıdır. İdarəçilik sistemində boşluqlar olan, qayda-qanuna əməl edilməyən ölkələrin iqtisadiyyatı koronavirus problemindən daha çox əziyyət çəkəcək. Çünki vətəndaşlarla dövlət arasında mövcud olan fikir ayrılıqları edidemiyanın daha geniş coğrafiyada yayılmasına şərait yaradır. Bunun nəticəsində isə həmin ölkələrin iqtisadiyyatına ciddi zərbə dəyir. Baxın, koronavirus Çində yayılıb. Lakin Çin bu gün gündəmdə deyil. Çünki bu virusla Çinin yalnız səhiyyə sistemi deyil, dövlət orqanları da mübarizə aparır. Ən əsası isə Çin vətəndaşı dövlətin qərarını dəstəkləyir və hörmətlə yanaşır. Bu da Çində olan qayda-qanunların işlək olmasından xəbər verir. Çinin dövlət idarəçilik sistemi İtaliyadakı, İrandakı kimi deyil. Çində bu sahədə böyük təcrübə mövcuddur. Yəni Çində koronavirusla mübarizədə virusun qarşısını bilavasitə səhiyyənin gücü ilə deyil, birbaşa dövlət orqanlarının həyata keçirdikləri tədbirlərlə aldılar. Hətta dünya mətbuatı bunu şişirdərək Çin ordusunun Uhanda virusa yoluxanlara atəş açdığını da yazdılar. Çin dünyaya sübut etdi ki, koronavirus təhlükəsinin qarşısını birbaşa dövlət özü alır, yalnız səhiyyənin üzərinə atmırlar. Çinin bu siyasəti hazırda bütün dünya üçün tələb olunur. Dünya dövlətləri bunu praktika kimi tətbiq etməlidir. Digər tərəfdən Çinin bu siyasətinin qəbul edilməsi xalqın təfəkkür səviyyəsi ilə də bağlıdır. Elə dövlətlər var ki, əhalisi hökumətin həyata keçirdiyi bu mübarizə tədbirlərini anlamır. Məsələn, bizdə məktəblərin bağlanması belə bəzi insanlar tərəfindən qınaq obyektinə çevrildi. Halbuki, dövlət bu addımı xalqı qorumaq üçün atır. Yəni vətəndaş başa düşməlidir ki, xidmət sektoru dövlət büdcəsi üçün ən gəlirli sahədir. Amma dövlət vətəndaşı virusdan qorumaq üçün onları müvəqqəti bağlamağa məcbur olur. Heç bir dövlət öz büdcə gəlirlərindən imtina etmək istəməz. Almaniya kimi dövlətdə yoluxma sayının az olmasına baxmayaraq, ölkənin federal kansleri Angela Merkel deyir ki, ölkə əhalisinin 70%-i koronavirusa yoluxa bilər. Yəni dövlət öncədən tədbirlər planı hazırlamağa başlayır. Bu da ölkədə qanunların ciddi şəkildə işləməsindən xəbər verir. Fikir verin, koronavirus hansı ölkədə geniş sferada yayılırsa, həmin ölkənin idarəetmə orqanlarında boşluqlar var. Qanunları zəif işləyən ölkələrin iqtisadiyyatı koronavirus problemi nəticəsində daha böyük zərbə alacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR