"Azərbaycan iqtisadiyyatı kiçilə-kiçilə gedir" - 5 aylıq işsizlik

24-07-2020, 09:26 250 dəfə baxılıb

Koronavirus pandemiyası, bu pandemiyanın səbəb olduğu karantin rejimləri qlobal iqtisadiyyatı kiçiltməkdə davam edir.

Ayrı-ayrı ölkələrdən zərərlər, büdcə kəsirləri ilə bağlı rəqəmlər açıqlanmaqdadır.

Bəs Azərbaycan iqtisadiyyatında daralma nə qədərdir?

İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda rəsmi rəqəmlərə görə iqtisadi daralma digər ölkələrə nisbətən azdır:

“Hətta Rusiyada ilin ikinci yarısında 6 faiz daralmanın olduğu açıqlanıb, Gürcüstanda daha kəskin daralma mövcuddur ki, bu ikirəqəmli ədədlə ifadə olunur. Avropada ayrı-ayrı ölkələrin göstəricilərindən asılı olaraq 8-10 faiz, ABŞ-da 6-7 faiz daralma var. Rəsmi rəqəmlərə baxdıqda, Azərbaycanda daralma o qədər də böyük deyil. Problem ondan ibarətdir ki, uzun illərdir ki, Azərbaycanda “kölgə iqtisadiyyatı” faktoru vardı və ümumi daxili məhsula (ÜDM) bərabər olaraq, həmin iqtisadiyyatda əmələ gələn dəyər əhalinin gəlirlilik səviyyəsində rol oynayırdı. “Kölgə iqtisadiyyatı”nın mövcud olması mənfi bir hal olsa da, hər halda bu digər institutları əvəz edirdi, insanlar kafe və restoranlarda, istirahət mərkəzlərində günəmuzd pul qazanırdılar. Məsələnin bu tərəfini nəzərə aldıqda, iqtisadiyyatda daralmanın kifayət qədər böyük olduğu aydın olur”.

İqtisadçı deyir ki, “kölgə iqtisadiyyatı” daha çox xidmət və ictimai iaşə sektorunda daha geniş formada mövcud idi:

“Bu sahə artıq beşinci aydır ki, çalışmır. Bu sahələrdə insanların gəlirlərinin daha artıq azaldığı məlum olur. Sadəcə, bunun hesabatlılığı yoxdur deyə, bu, ÜDM-in azalması ilə bağlı rəsmi rəqəmlərdə özünü göstərmir”.

Pandemiyanın daraltdığı iqtisadiyyat gələcəkdə özünü hansı fəsadlarla göstərəcək?

Natiq Cəfərli deyir ki, postpandemiya dövründə iqtisadiyyatın çarxlarının tez bir zamanda dönəcəyini gözləmək əbəsdir:

“Çünki ele proseslər baş verir ki, insanların davranış qaydaları, istehlak mədəniyyəti, alışqanlıqları dəyişir. İnsanlar daha çox qənaətcil olmağa çalışırlar. İstehlak, xərcləmələr yoxdursa iqtisadiyyat da gec özünə gəlir. Təəssüf ki, Azərbaycan iqtisadiyyatındakı proseslərin dərinliyinin hökumət tərəfindən ciddi ölçüldüyünün şahidi olmamışıq. Məsələn, payız aylarında bank sektorunda problemlər yarana bilər. İctimai-iaşə və xidmət sektorunun postpandemiya dövründə bərpa olunacağını düşünmürəm. İnsanların davranışları dəyişdiyinə görə, kafe və restoranların öz gəlirlərini dərhal bərpa edəcəyi gözlənilmir. Qeyri-ərzaq ticarəti ilə bağlı da bunu demək olar. Çünki insanlar əllərindəki vəsaitləri “qara gün” üçün saxlamağa, alış-verişdən kənar durmağa çalışacaq. Turizm sektoru ümumiyyətlə, 2020-ci il üçün itirildi. Hətta sentyabr-oktyabr aylarında iqtisadiyyatın digər sahələri belə bərpa olunsa belə, turiz üçün bu il itirilmiş il olacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR