“Manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılıdır”

21-08-2020, 12:55 376 dəfə baxılıb

Türkiyədə dollar bahalaşmaqda davam edir. ABŞ dolları Türkiyə lirəsinə nisbətdə bahalaşıb. Hazırda 1 ABŞ dollarının alışı 7,3318, satışı isə 7,3369 lirəyə icra olunur. Türkiyədə dolların sürətlə bahalaşmasından sonra Azərbaycan manatına da təzyiqin olacağı ehtimal olunur.

Maraqlıdır, ölkəmizdə manata təzyiq ola bilərmi?

Sualımızı cavablandıran millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov “Sherg.az”a bildirib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Deputat qeyd edib ki, Azərbaycanın 2019-cu ildə qeyri-neft ixracatının təxminən üçdə biri Türkiyənin payına düşüb:

“Bu baxımdan Türkiyə neftdən kənar ixracatmızın formalaşmasında strateji tərəfdaş hesab olunur. Güman edilir ki, Türkiyədə lirənin dollara və digər valyutalara nisbətən aşağı düşməsi Azərbaycana idxal edilən malların qiymətinin dollar ya manat ifadəsində aşağı düşməsinə səbəb ola bilər. Çünki lirə ucuzlaşdıqca Türkiyə daxilində infliyasiya baş vermirsə, bu, Türkiyə istehsalı olan məshulların dollar ifadəsində dəyərinin azalmasına və manat ifadəsində qiymətin aşağı düşməsinə gətirib çıxarır”.

Parlament üzvü bildirib ki, ölkəmizdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır:

“Azərbaycanda manatın məzənnəsinə daha çox təsir göstərən faktor neftin dünya bazar qiymətidir. Nəzərə alsaq ki, neftin dünya bazar qiyməti stabildir. Təbii ki, bu da ölkəyə daxil olan valyutanın həcminin xeyli dərəcədə stabilləşməsinə səbəb olub”.

V.Bayramov vurğulayıb ki, Azərbaycan hələlik tam üzən məzənnə rejiminə keçmədiyi üçün praktiki olaraq Mərkəzi Bankın mövqeyi valyuta bazarını həll edəcək:

“Növbəti dövrdə manatın məzənnəsini necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Güman olunur ki, neftin dünya bazar qiymətindəki dəyişiklikləri, ölkəyə daxil olan valyuta, dollara olan tələb kimi faktları nəzərə almaqla Mərkəzi Bank məzənnə siyasətini müəyyənləşdirir. Ona görə 2020-ci ilin növbəti aylarında da Mərkəzi Bankın mövqeyi manatın məzənnəsinin müəyyənləşməsində həlledici olaraq qalacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR