Anbarda qalan 10 milyon maska: - Yerli maska niyə satılmır?

4-09-2020, 10:15 385 dəfə baxılıb

Azərbaycanda bir qədər əvvəl koronavirusla əlaqədar olaraq istehsalına başlanmış gigiyenik maskaların satışında ciddi problem yaranıb.

“Bakı Tikiş Evi”nin sahibi Səkinə Babayeva istehsal etdikləri maskaların satışında problem olduğunu bildirib. İstehsalçının sözlərinə görə, vergidən yayınmaqla gömrükdən keçirilən tibbi maskalar ucuz gətirildiyi üçün ölkədəki satışı əngəlləyir.

Xanım istehsalçı istehsal etdikləri yerli maskanın xaricdən gətirilən maskalardan daha keyfiyyətli olduğunu da iddia edib. Səkinə Babayevə hazırda anbarda 10 milyon maskanın müştəri gözlədiyini bildirib.

Maraqlıdır, hər ikisi də 30 qəpiyə olduğu halda nəyə görə yerli deyil, xarici maskalara üstünlük verilir?

Məsələyə münasibət bildirən “Altay” Sosial- İqtisadi Araşdırmalar Mərkəzinin(ASAM) rəhbəri, iqtisadçı Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında deyib ki, yerli maskaların satılmamasında bir nömrəli səbəbkar istehsalçı müəssisənin özüdür:

“Hamı maskadan istifadə edir və bu məcburidir. Biz həmin istehsal müəssisəsinin günlük istehsal həcmini bilmirik. Ola bilər ki, təklif tələbdən artıqdır. Ola bilər ki, ilkin istehsalda xaricə ixrac etmək də nəzərdə tutulub və indi edə bilmirlər. Nəticədə məhsul anbarda qalıb. Bu birinci səbəb ola bilər. İkinci bir səbəb isə insanların özlərinin maska hazırlaması ola bilər. İnsanların maddi gəlirlərinin azaldığını da hesaba qatsaq bu normaldır. Başqa bir təsir gömrükdən müxtəlif üsullarla maska keçirilməsi ola bilər. Səbəb isə xaricdə həmin tibbi maskanın çox ucuz olmasıdır. 3- 5 qəpiyə olan maska ölkəmizə gətirilib 30 qəpiyə satılır. Məsələnin digər tərəfi tibbi maska istehsal edən “Bakı Tikiş Evi”nin xaricə maska ixrac edə bilməməsidir. Buna səbəb nədir? Əgər məhsulu keyfiyyətlidirsə, asanlıqla xaricə ixrac edə bilər. Çünki dünyanın hər yerində karantin şərtləri hakimdir və hər kəs maska taxır. Demək yerli istehsalımız keyfiyyətli deyil. Əgər rəqabətə davamlı olsaydı xaricə satmaq da asan olardı. Pandemiyadan əvvəl sözügedən maskalar 10- 15 qəpiyə satılırdı. Özü də həmin maskalar xaricdən gətirilirdi. Lakin necə olur ki, yerli istehsalımız da 30 qəpiyə satılır. Axı yerli istehsal xaricidən ucuz olmalıdır. Əgər məqsəd yalnız pul qazanmaqdırsa, daha bunun harası yerli istehsal oldu? Əvvəl xaricdən gətirilib 10 qəpiyə satılan maska indi yerli istehsal olduğu halda hansı iqtisadi əsasla 30 qəpiyə satılır? Üç dəfə bahalaşma- bu cinayət faktıdır. Çindən gələn maskalar bütün gömrük ödənişlərinə və digər vergilərə baxmayaraq 10 qəpiyə satılırdı. Bu vəziyyətdən istifadə edərək külli miqdarda pul qazanmaqdır. Gömrük nəzarətsizliyinə gəldikdə isə, əgər gömrük haqqında belə iddialar varsa, niyə araşdırma aparılmır? Amma yenə də xaricdə maskanın ölkəyə gəlməsinə də şərait yaradan “Bakı Tikiş Evi”dir. Əgər bu keyfiyyətli maska istehsal edib, ucuz satsa, bu rəqabətə heç bir monopolist dözməz. Məqsəd yerli istehsaldırsa, fabrik buna getməlidir. Yəni yerli istehsal elə olmalıdır ki, əhali də ona maraq göstərsin. Bütün bu problemlərin yeganə səbəbi “Bakı Tikiş Evi” özüdür. Əgər belə olmasaydı xaricdən müxtəlif xərclər ödəməklə ölkəyə maska gətirənlər bu rəqabətə dözə bilməzdi”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR